4 Sentyabr 2015 19:53
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi 2015-2016-cı tədris ilində ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, boş qalan və müsabiqə prosesində yeni yaranmış 1468 vakant yerə əlavə yerləşdirmə elan edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak edə bilərlər. Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan keçid balını toplamış namizədlər müddətsiz müqavilə əsasında, keçid balından aşağı bal toplayanlar 2015-2016-cı dərs ilinin sonunadək müddətli müqavilə ilə işləmək hüququ əldə edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq, cari ildə müsabiqədən sonra ümumtəhsil müəssisələrində qalan vakant yerlərin tutulması sahəsində yeni yanaşma tətbiq edilib. Belə ki, ixtisaslı müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun mərkəzləşdirilmiş müsabiqə əsasında həyata keçirilməsi nəzərdə tutulub.
Əlavə yerləşdirmə üzrə elektron ərizələrin qəbulu 3 sentyabr 2015-ci il tarixdən başlanıb 6 sentyabr 2015-ci ildə saat 15:00-da başa çatacaq.

Əlavə yerləşdirmədə iştirak etmək üçün namizədlər öz “Şəxsi səhifə”lərinə daxil olmaqla 8-dək vakant yer seçə bilərlər.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanan namizədlər 7 sentyabr 2015-ci ildə saat 14.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin II korpusuna müsahibəyə dəvət olunacaqlar.
Vakant yer tutmaq hüququ qazanan keçid balından aşağı bal toplamış namizədlərin siyahıları müddətli müqavilələrin bağlanması üçün müvafiq yerli təhsil orqanlarına və təhsil müəssisələrinə göndəriləcək.

SEVİL


Müəllif:

Oxşar xəbərlər