5 Sentyabr 2015 08:07
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

IELTS və TOEFL proqramları üzrə imtahan ödənişini AMEA edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytında doktorant və dissertantlara müraciət edilib.
Müraciətdə bildirilir ki, AMEA prezidentinin 9 iyun 2015-ci il tarixli sərəncamının icrası ilə əlaqədar “GRBS” Beynəlxalq İmtahan Mərkəzi və “Beynəlxalq Dil Mərkəzi” ilə doktoranturaya qəbul və doktorluq imtahanlarını qəbul etmək üçün müqavilə bağlayıb.

Teleqraf.com science.gov.az saytına istinadla xəbər verir ki, doktoranturaya qəbul və doktorluq imtahanlarına görə ödəniş AMEA-nın Rəyasət Heyəti tərəfindən həyata keçiriləcək.

Sözügedən dil mərkəzləri imtahan qəbul etməklə yanaşı, AMEA-nın doktorant və dissertantları üçün güzəştli şərtlərlə hazırlıq kursları da təşkil edir. Hazırlıq keçmək istəyən doktorant və dissertantlar İngilis dilindən IELTS və TOEFL proqramları üzrə “GRBS” Beynəlxalq İmtahan Mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, bu ilin martında AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları qaydalarında dəyişiklik edilib. Dəyişiklikdə fəlsəfə doktoru hazırlığı üzrə xarici dil biliklərinin keyfiyyətinin yüksəldilməsi üçün doktoranturaya qəbul və doktorluq imtahanları qaydalarında ingilis dili biliklərinin qiymətləndirilməsi sərtləşdirilib. Belə ki, doktoranturaya qəbul zamanı iddiaçı TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplaması barədə sertifikat təqdim etməlidir.

Dəyişikliyə qədər isə doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirdilər, onlarda 5 ballıq sistem üzrə qiymətləndirilmə aparılırdı.

SEVİL


Müəllif: