30 May 2014 13:09
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü plenar iclasında maaş məsələsi də müzakirə edilib. Deputatlar təhsil və səhiyyə sahəsində çalışanların məvaciblərinin az olması gündəmə gətirilib.

“Müəllimlərin işdən ayrılmasının qarşısını almaq lazımdır”. Teleqraf.com bildirir ki, bunu parlamentin bu günkü iclasında millət vəkili Əli Məsimli deyib.

O, təhsildə islahatları çox yüksək qiymətləndirdiyini də vurğulayıb.

“Elm və təhsillə bağlı hazırlanan strategiya təqdirəlayiqdir. Bu sahədə islahatlar davamlı şəkildə aparılmalıdır. Pensiya yaşı çatan müəllimləri pensiyaya çıxarmaq lazımdır. Ancaq bu gün pensiya yaşı çatmayan müəllimlərin işdən ayrılmasının qarşısı alınmalıdır. Ümumiyyətlə müəllimlərin maaşı artırılmalıdır".

Millət vəkili adambaşına düşən maliyyələşmənin təhsildə də tətbiq edilməsinin lazım olduğunu bildirib. “Biz hələ təhsildə böyük uğurlar qazanmamışıq. Buna görə də təhsilin istehsalatda tədbiqi ilə bağlı elmi əsərlər yazılmır. Ancaq bu sahədə də elmi işlərin yazılmasına ehtiyac var”.

Fazil Mustafa isə səhiyyə ilə bağlı məsələyə toxunub, bu sahədə ciddi islahatlara ehtiyac olduğunu deyib. "Azərbaycanda səhiyyə sahəsində ciddi problemlər var. Hər gün bütün millət vəkillərinə müraciətlər daxil olur. Bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsi ləngiyir. Ölkə başçısı və birinci xanımın köməkliyi ilə çoxsaylı insanlar müalicə alır. Amma bu kifayət deyil. İnsanların hamısını bu formada təmin etmək imkanı yoxdur. Ona görə səhiyyə sistemində ciddi islahatlara ehtiyac var. Azərbaycan müstəqilliyi dövründən bu yana bir nəfər də olsun səhiyyə naziri fədakarlıqla səhiyyə problemlərinin həllinə öz işini həsr etməyib. Bu gün də eyni vəziyyətdir. Tibb işçilərinin maaşı orta aylıq əmək haqqıdan xeyli aşağıdır. Tibb işçiləri bazar günləri də işləyirlər. Ancaq onlara ikiqat maaş verilmir. Halbuki dünyanın inkişaf etmiş ölkələrində səhiyyə işçilərinə bazar günləri də işlədiyi üçün ikiqat maaş verilir. Bu məsələ Hesablama palatasının hesabatında da göstərilir".

NEMƏT


Müəllif: