4 Sentyabr 2015 18:35
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert: “Kadr hazırlığına maliyyə vəsaiti buraxmaq istəmirlər”

Azərbaycanda turizmin inkişafı ilə bağlı yeni layihəyə start verilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədovun sözlərinə görə, bundan sonra Azərbaycan bölgələrinin turizm imkanları və infrastruktur layihələri haqqında məlumatların əhaliyə dolğun çatdırılması və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə 58 şəhər (rayon) mərkəzi kitabxanasında turizm-informasiya guşələri fəaliyyət göstərəcək.

Şöbə müdiri deyib ki, guşədə kitabxana oxucuları, xüsusən gənclər və azyaşlılar yaşadıqları şəhər və rayonlardakı turizm imkanları ilə yanaşı, digər bölgələrin turizmi haqqında da əlavə məlumat əldə edə biləcəklər: “Yaxın günlərdə qeyd olunan turizm informasiya guşələrinin daha da zənginləşdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın və regionların turizm imkanlarını özündə əks etdirən reklam-çap məhsullarının mərkəzi kitabxanalara paylanması nəzərdə tutulub”.

Vüqar Şıxəmmədovun sözlərinə görə, nazirliyinin strukturunda olan turizm-informasiya mərkəzlərinin sayı artırılaraq 15-ə çatdırılıb: “Yeni yaradılmış mərkəzlərin rəhbərlərinə nazirlik tərəfindən treninqlər keçirilir. Məqsəd bölgələrə səfər edən turistləri düzgün istiqamətləndirməkdir. Onları istəklərinə uyğun otellərdə yerləşdirmək və yüksək səviyyəli xidmət təşkil eləmək vacibdir ki, turist həmin turizm müəssisəsinə yenə gəlmək istəsin.

Bölgə haqqında müxtəlif dillərdə ətraflı məlumatların əks olunduğu, turistlərin muzeylərə, teatrlara və tarixi abidələrə ekskursiyaların təşkili barədə dolğun informasiyanın yer aldığı çap və elektron vasitələrindən geniş istifadə etmək lazımdır.

Qeyd edim ki, Bakı, Quba, Xaçmaz, Şamaxı, Şəki, Zaqatala, Gəncə, Lənkəran və Naxçıvanda bu cür mərkəzlər var idi. Yeni açılmış turizm-informasiya mərkəzləri isə Qusar, Qəbələ, İsmayıllı və Bərdədədir.

Bərdəni xüsusi ilə qeyd etmək istəyirəm, çünki burada əsasən Qarabağ bölgəsinin turizm potensialını inkişaf etdirmək məqsədi seçilib".

“Turizmin inkişaf strategiyası”

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyi “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” adlı layihə də hazırlayıb. Layihədə Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, bu sahənin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları və bir sıra digər mühüm elementlər haqqında məlumat və tövsiyələr əksini tapıb.

Azərbaycanı cəlbedici və uğurlu turizm məkanına çevirmək üçün dövlətin turizm siyasətinin dörd əsas strateji prinsip üzərində qurulmasını tövsiyə edən sənəddə sənayenin inkişafı üçün əlverişli iqtisadi mühitin yaradılması, turizm məhsulunun müxtəlifliyi, sənaye standartlarının təkmilləşdirilməsi və ictimai marağın qorunması şərtilə sənayenin inkişafı üçün zəruri stimullaşdırma, planlaşdırma, koordinasiya, araşdırma və statistik köməyin təmin edilməsinə dair müxtəlif təkliflər təqdim olunur.

Bununla yanaşı, sənəd institusional strukturun təkmilləşdirilməsi, infrastruktur inkişafının gücləndirilməsi, turizm təcrübəsinin müxtəlifliyi və marketinq, kommunikasiya sistemində peşəkarlığın artırılması da daxil olmaqla 4 əsas inkişaf istiqaməti haqqında geniş məlumat və dövlətin turizmin əsaslı inkişafı üçün bu sahələrdə hansı məqsədlərə nail olmağa çalışmalı olduğu haqqında da müvafiq tövsiyələr verir.

“2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” təsdiq edilməsi məqsədilə aidiyyəti quruma göndərilib və hazırda razılaşdırılma mərhələsindədir.

“Proses davam etsə də, xidmət səviyyəsi yüksək deyil”

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, regionlarda turizm-informasiya guşələrinin təşkili yaxşı ideyadır: “Bu guşələrin çap vəsaitləri ilə təminatı da vacibdir. Bu cür çap məhsulları I Avropa Oyunları zamanı da təqdim olurdu. Belə təbliğat müsbət haldır. Bununla yanaşı, ölkədə turizm xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün otel biznesində kadr hazırlığına da ciddi fikir verilməli, kadr hazırlığı məsələsində mütləq Türkiyə və Avropa ölkələrində tətbiq edilən tədris-təlim proqramlarından istifadə edilməlidir.

Nəzərə alaq ki, kadr problemləri regionlarda ciddi hiss olunur. Etiraf edək ki, paytaxtın özündə də xidmət yüksək səviyyədə deyil. Bu problemləri aradan qaldırmaq üçün müxtəlif turizm qurumları proqramlar əsasında mütəxəssisləri cəlb etməlidir. Tələbələrə müxtəlif proqramlar üzrə treninqlər hazırlanmalı, ofisiant, xadimə, barmen peşələri ilə bağlı kadr çatışmazlığı aradan qaldırılmalıdır. Çünki avadanlıqlar, texnologiyalar ən müasir həddə olsa da, kadrsız heç bir əhəmiyyəti yoxdur. Problemin çıxış yolu Azərbaycandakı mütəxəssisləri tapmaq, onların köməyi ilə proqramlar hazırlamaqdır".

Ekspert deyir ki, Mədəniyyət və Turizm Nazirliyi və Turizm Assosiasiyası tərəfindən bölgələrdə turizmin inkişafı ilə bağlı hər ay monitorinqlər aparılır: “Monitorinq zamanı həmin obyektlərin qiymət siyasətinin onun xidmət səviyyəsinə, eyni zamanda, otellərin ulduz dərəcələrinə uyğunluğu da öyrənilir.

Monitorinqlərin nəticələri əsasında sahibkarlara müəyyən tövsiyələr verilir. İş prosesi davam etsə də, xidmət səviyyəsi yüksək deyil. Sahibkarlar yüksək səviyyədə bina tikirlər, amma onu işlədən kadrlar haqqında fikirləşmirlər”.

Məzunların 90 faizindən çoxu...

Azərbaycan Turizm və Menecment Universiteti turizm sahəsi üzrə təhsil alan tələbələr üçün təcrübə müddətinin artırılmasını istəyir. Universitet belə bir təkliflə Mədəniyyət və Turizm Nazirliyi qarşısında məsələ qaldırmağı da nəzərdə tutur.

Bu barədə Universitetin Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva bildirib. Onun sözlərinə görə, hazırda tələbələr üçün təcrübə müddəti 6 aydır. Bu təcrübə tələbələr III kursda oxuyarkən 6-cı semestrdə olur: “Həmin müddətdə tələbələr nəzəri tədrisdən ayrılıb təcrübə yerlərində olurlar. Biz istərdik ki, təcrübə müddəti tələbələrin bakalavriat səviyyəsində oxuduqları 4 ilin 3 ilini əhatə etsin. Bir həftə dərs, bir həftə təcrübə olsun, ya da günün birinci yarısı dərs, ikinci yarısı təcrübə keçilsin. Düşünürük ki, gələcəkdə belə bir təkliflə nazirliyə müraciət edək”.

Şöbə müdiri qeyd edib ki, turizm sahəsi üzrə ali təhsil almış məzunların 90 faizindən çoxu elə bu sahə üzrə çalışmağa üstünlük verir: “Tələbələrinin əksəriyyəti təcrübə keçdikləri yerdə işlə təmin olunurlar. Düşünürəm ki, məzunların 90 faizindən çoxunun işlə təmin olunması turizm sahəsi üzrə kadr hazırlığı səviyyəsinin qənaətbəxş olduğunu göstərir”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər