5 Sentyabr 2015 19:16
1 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etibar Əzimov: “Elə bilirlər, Tikiş Evində daha keyfiyyətli mal satılır”

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Son bir ay ərzində Bakı və Sumqayıt şəhərlərində keyfiyyətsiz, üzərində saxta əmtəə nişanı vurulmuş məktəbli formaları istehsal edən sex və satışla məşğul olan mağaza aşkarlanıb.

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə daxil olan şikayət məktubu əsasında araşdırmalar aparılır.

Araşdırma zamanı mağazalarda istehsalçısı məlum olmayan, insan sağlamlığı üçün təhlükəli sayıla bilən xammaldan hazırlanmış, mövcud normativ sənədlərə, standartlara cavab verməyən və “Bakı Tikiş Evi” ASC-nin adına qeydiyyata alınmış “BTE” əmtəə nişanından qanunsuz istifadə edilmiş saxta məktəbli formalarının satıldığı müəyyən olunub.

“Uşağın formanı iki il geyəcəyinə ümidim yoxdur”

“Bakı Tikiş Evi” ASC-nin istehsal etdiyi məktəbli geyimləri və onların satışı ilə yaxından tanış olmaq üçün yolumuzu Tikiş Evindən saldıq. Biz ora gedəndə valideynlər uşaqları ilə birlikdə forma almaq üçün növbə gözləyirdi.

Səidə Babayeva deyir ki, 1 saatdır növbədə dayanıb: “Oğlum 3-cü sinfə gedəcək. Gəlmişik paltar alaq, amma adam çoxdur deyə bayaqdan gözləyirik. Bu ildən qiymətlərdə dəyişiklik var, indi xəbər tutmuşuq. 34 manat verib alıram, amma uşağın bu formanı iki il geyəcəyinə o qədər də ümidim yoxdur”.

“Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimovla söhbətləşdik. Onun sözlərinə görə, əvvəllər məktəbli formasının qiyməti ölçülərə görə dəyişirmiş: “1-6 siniflərdə oxuyan şagirdlər üçün məktəbli formasının qiyməti 38 ölçüyə kimi 30 manat, 40- 44 ölçü isə 45 manat idi. İndi 1-4 siniflər üçün məktəbli formasının qiyməti 34 manat, yuxarı siniflər üçün isə 43 manatdır. Çünki əvvəllər ölçülərə görə problem yaranırdı. Biz də bu cür problemlərin yaranmaması üçün bu cür addım atdıq”.

Qeyd edək ki, “Bakı Tikiş Evi” Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən sertifikat əsasında Bakı şəhəri üzrə vahid məktəbli geyimi istehsal edir.

Satış filialları

Şöbə rəisi deyir ki, “Bakı Tikiş Evi”nin paytaxt ərazisində 16 satış filialı var. Satış nöqtələri sifarişlər qəbul edir: “Digər sexlərin Tikiş Evinin adından saxta məktəbli forması istehsal etməsi bizim üçün böyük problem yaradır. Sədərək və yaxud Binə ticarət mərkəzinə yaxınlaşmaq kifayət edir ki, külli miqdarda saxta məktəbli forması görəsən.

Hər il olduğu kimi, bu il də işbazlar Çindən mənşəyi bilinməyən, heç bir gigiyenik sertifikatı olmayan keyfiyyətsiz parçaları çəki ilə alıb burada gizli sexlərdə formalar tikirlər. Bu formalar bazara çıxarılanda bizim üçün əhəmiyyətli itki yaranır. Kiçik sexlər o qədər də problem deyil. Çünki onlarda 500-600 geyim tikilib satıla bilər.

Bu cür satışların təşkili ilə bağlı dəfələrlə Standartlaşdırma Komitəsinə və İqtisadi İnkişaf Nazirliyinə müraciət etmişik. Reydlər keçirilib, saxta sexlər aşkarlanıb. Bu cür halların qarşısını almaq üçün məcbur olub, qaynar xətt yaradıb, internetdə məlumat yerləşdirmişik. Hər kəs zəng edib problemi bizə bildirə bilər. Biz hər kəsin müraciətini cavablandırırıq.

Satış mərkəzlərimizdən alınan mallara yüz faiz zəmanət veririk. Parçalarımız Türkiyədən sifarişlə gətirilir. Tikiş evimizdə istehsal olunan formaları iki il müddətinə geymək olur".

Fasiləsiz iş, imkansız ailələrə yardım

Etibar Əzimovun sözlərinə görə, bütün satış mərkəzlərində formaların hər birinin qiymətləri barədə məlumat yerləşdirilib: “Məktəblərin açılması yaxınlaşdığına görə fasiləsiz iş rejiminə keçmişik. Həftənin yeddi günü səhər saat 9-dan 18:00-ə kimi məntəqələrimiz açıqdır. Çalışırıq ki, hər kəs məktəbli formasını öz yaşadığı rayondan alsın. Amma hamı elə bilir ki, əsas ofisdən geyim alsa, ya pulsuz olacaq, ya da daha keyfiyyətlisini alacaq.

Nə qədər ehtiyac var, o qədər forma tikirik. Heç bir müəssisəyə sərf etməz ki, paltar tiksin, 1-2 il anbarda saxlasın. Heç bir valideyn də deyə bilməz ki, hansısa ölçüdə məktəbli forması tapa bilmədik. Bizim satış üçün yetərincə formalarımız var".

Şöbə müdiri bildirdi ki, şəhid və imkansız ailələrə məktəbli formaları pulsuz verilir: “Bununla bağlı məktəblərdə Valideyn və Ailə Assosiasiyası var, onlar bizə məktubla müraciət edir, siyahı verirlər. Biz də onların istədikləri qədər forma göndəririk. Bəzən tək-tək insanlar özləri müraciət edir. Onlara da paltar veririk. Amma hamıya havayı paltar paylaya bilmərik. İldə 150-200 dəst məktəbli forması pulsuz verilir”.

Valideynlərə uşaqları üçün keyfiyyətli məktəbli forması almağı məsləhət görən müsahibim deyir ki, saxta geyimlər uşaqlarda fəsadlar yarada bilər: “Biz məhsullarımızın satışı üçün çoxlu mağaza aça bilərik, amma buna ehtiyac yoxdur. Bizim elə mağazamız var ki, gün ərzində 3-5 məktəbli forması satır.

Valideynlər saxta geyim alaraq aldanırlar və bu da onlarda etibarsızlıq yaradır. Çünki kənardan baxanda saxta geyimlə bizim tikiş evinin istehsal etdiyi forma arasında heç bir fərq yoxdur. Amma diqqətli adam parçanın materialından, tikişin səliqəsizliyindən saxta malı tanıya bilər”.

Gün ərzində 250 paltar tikilib ütülənir

Məktəbli geyimlərinin tikildiyi sexə də baş çəkdik. İstehsalat sexinin mühəndisi Əhali Qasımov deyir ki, 3 aydır Tikiş Evi məktəbli forması tikməyə başlayıb: “Hazırda tikiş xətlərində yalnız məktəbli geyimi tikilir. İşçilərimizin demək olar ki, 99 faizi qadındır. Gücləndirilmiş iş rejimində işləyirik. Məktəblər açıldıqdan sonra isə digər tikişlər qəbul olunacaq”.

10 ildir “Bakı Tikiş Evi”ndə dərzilik edən Sədəf Əhmədova deyir ki, əsasən hərbi paltarlar tikirik: “Hazırda məktəbli forması ilə məşğuluq. Mən həm məktəbli formasının tikiş prosesində iştirak edirəm, həm də hazır paltarları ütüləyirəm. Gün ərzində 250 paltar ütülənir”.

Şəhla Məmmədova 15 ilin dərzisidir: “Mən ümumi tikiş bölməsində çalışıram. Avqust ayında fasiləsiz işləməli oluruq. Sex çox istidir, amma çörəkpulu qazanmaq üçün işləmək lazımdır”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər