Qol güləşi üzrə Dünya Çempionatının iştirakçısı, Rusiya çempionu, dəfələrlə Respublika çempionu və qeyri-adi istedadına görə dünya rekordçusu Hüseyn Pəhləvanoğlu. Qol güləşi üzrə dəfələrlə Respublika çempionu, qeyri-adi istedadına görə, ilk azərbaycanlı 4 qat dünya rekordçusu, Pəhləvan Əli İdman Klubunun baş məşqçisi Laçın Pəhləvanoğlu. Uzun illər çox çətin sənətlə məşğul olsalar da, reklamdan, gündəmdən yan gəzən, təkliflərə, musahibələrə çətinliklə raziliq verən, daha şox uğurları, rekordları ilə hər kəsi heyrətləndirməyə üstünlük verən Hüseyn və Laçın Pəhləvanoğlu qardaşları bızımlə həmsöhbət oldu. Son zamanlar sosial medianın gündəmindən düşməyən, rəsmi “lacinpehləvanoglu” və “huseynpehlevanoglu” səhifələrində 6 milyondan artıq izləyici toplayan bu qeyri-adi qardaşlarla siz də yaxından tanış olun.
Azərbaycanın adını dünyanın müxtəlif ölkələrinin arenalarında səsləndirən, dövlət bayrağımızı beynəlxalq yarışlarda dalğalandıran, Azərbaycanın qədim nadir el sənətinin davamçıları, məşhur Əli Pəhləvanın oğlanları – Hüseyn və Laçın pəhləvanla olan maraqlı söhbəti təqdim edirik.
- Rumıniyada keçiriləcək lisenziyalı beynəlxalq yarışda iştirak etmək üçün dəvət almısınız. Ümumiyyətlə, yaradıcılığınızda nə yeniliklər var?
- Dünyanın müxtəlif ölkələrində keçirilən dünya səviyyəli yarışlara dəvət alırıq. Rumıniyada da beynəlxalq səviyyəli belə bir yarış keçiriləcək. Yeni nömrələrimiz çoxdur. Biz ümumiyyətlə, dəvət aldığımız bütün beynəlxalq lisenziyalı yarışmalarda digər rekord nömrələri təzələməklə yanaşı, yeni rekord nömrələr nümayiş etdiririk.
- İki qardaş adlarınız Dünya Rekordlar Kitabına düşüb. Hansı yarışmada nümayiş etdirdiyiniz nömrədən və ya rekorddan sonra adlarınız bu kitaba salındı?
- Ukrayna “Talant şou” yarışmasında birinci iştirakımızdan sonra tamaşaçılarda bizim nömrələrimizə çox böyük maraq oyandı. İkinci dəfə həmin yarışmada iştirak edəndə “Talant şou”ya Dünya Rekordlar Federasiyasının rəhbəri dəvət edilmişdi. İkinci dəfə Kiyevdə olanda bizim üçün ayrıca proqram təşkil olundu. Həmin proqramda hər birimiz 4 rekord nömrə nümayiş etdirdik. Dünya Rekordlar Federasiyasının rəhbərinin iştirak etdiyi həmin proqramdan sonra nümayiş etdirdiyimiz nömrələrə görə, adlarımız Dünya Rekordlar Kitabına salındı.
- Bildirdiniz ki, adınız Dünya Rekordlar Kitabına salınıb. Azərbaycandan ilk sizin adınız bu kitaba salınıb?
- Bəli. Kitabda əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı Etibar Budaqlının adı var. Azərbaycandan bu kitaba adı ilk düşən bizik.
Qatıldığınız yarışmalarda demək olar ki, hər dəfə uğurlu ixtiralarla yeni nömrələr nümayiş etdirərək rekordlara imza atırsınız. Bununla bağlı fikirlərinizi eşitmək maraqlı olardı.
Atam Əli Pəhləvan bu qədim el sənətini qardaşı ilə birgə bütün ömrü boyu nümayiş etdirib. Mən uşaq olanda atam mənim qeyri-adi istedad sahibi olduğumu bilib. Atamın arzusu var idi ki, biz böyük uğurlara imza ataq və adımız Ginnesin Rekordlar Kitabına düşsün. Atam və əmim də daima yeni ixtiralarla insanları heyrətləndirməyə müvəffəq olublar. Biz də qardaşımla bu yolu davam etdiririk. O ki qaldı rekordlara imza atmağa, bu artıq bizim fəaliyyətimizdə bir ənənəyə çevrilib. Qatıldığımız bütün yarışlarda yeni rekordlara imza atırıq.
- Ukraynada “Talant şou” yarışmasında iştirak edən zaman münsiflər heyətinin üzvlərindən biri deyib ki, sizdəki istedad deyil, bu bir Allah vergisidir. Bu barədə nə deyərdiniz?
- Pəhləvan hər insan ola bilməz. Biz həm pəhləvan güc nömrələrini, həm də hazırladığımız digər yeni nömrələrimizi də göstəririk. Məsələn, yetişdirdiyimiz tələbələrimiz var ki, onları pəhləvan kimi hazırlayırıq və bu sənətin yaşamasını, davam etməsini istəyirik. Amma hazırladığımız riskli nömrələri isə ancaq özümüz nümayiş etdiririk. Çünki həmin nömrələr həyat üçün çox təhlükəlidir. Biz səhnəyə çıxanda özümüzdə olmuruq, tamaşaçıları da unuduruq. Çoxları bizə sual verir ki, siz nömrələri nümayiş etdirəndə keyidicilərdən istifadə edirsiniz? Bu çox vacib məqamdır, biz heç vaxt belə maddələrdən istifadə etmirik. Bu sənət bizim xalqın simvolu sayılan bir sənətdir. Biz bu sənətin davamçıları olduğumuz üçün fəxr edirik. Nə qədər çətin nömrə də olsa, biz bir o qədər böyük ruhla həmin nömrələri nümayiş etdiririk.
- Siz iki qardaş Azərbaycanın ən qədim, nadir sayılan bir el sənətinin davamçılarısınız. Həm də atanızın sənətini davam etdirirsiniz. Atanız və babanız da bu sənətin daşıyıcıları olublar. Atanız çox məşhur pəhləvan olub. Bu sənət demək olar ki, Sizə nəsildən gəlir. Bu barədə fikirlərinizi eşitmək maraqlı olardı.
- Atamızın çox böyük uğurları olub. Keçmış sovet ölkələrinin demək olar ki, hamısında yüksək səviyyəli çıxışları olub. Kuba Respublikasinda keşirilən Gənclərin 7-ci Spartakiadasında yarışmanın qalibi olub. Eyni zamanda, böyük tamaşaçı rəğbəti qazandığına görə, Kuba Respublikasının rəhbəri Fidel Kastro tərəfindən şəxsən mükafatlandırılıb. Onun xalq arasında da böyük nüfuzu olub. Atamızın yolunu davam etdirmək, onun adına layiq olmaq bizim üçün çox şərəfli və məsuliyyətlidir. Hər addımımızda bunu nəzərə almağa çalışırıq. Qardaşımın kiçik oğlanları indidən qeyri-adi nömrələr göstərirlər. Gücümüz çatan qədər bu sənətin yaşamasına çalışacağıq.
- Dünyanın onlarla ölkəsində keçirilən beynəlxalq yarışlara dəvət alırsınız. Dəfələrlə rekordlar təzələyirsiniz. Beynəlxalq arenalarda Azərbaycan adına səhnədə çıxış etmək, Vətənimizi xaricdə təmsil etmək necə bir hissdir? Bu duyğularınızı oxucularımızla paylaşmağınızı istərdim.
- Bu hissləri danışmaq çətindir. Azərbaycan adına hər zaman çox qürurla çıxış edirik. Bizim maliyyə dəstəyimiz yoxdur. Elə olub ki, xaricdə çıxış edəndə problem yaranıb - heç bir dövlətin təmsilçisinə bayraqla səhnəyə çıxmağa icazə verməyiblər. Biz isə Azərbaycanın dövlət bayrağı olmadan heç vaxt səhnəyə çıxmamışıq. Çıxışdan imtina etmişik, amma səhnəyə Azərbaycanın bayrağını daşımadan çıxmamışıq. Biz hər il ən azı 2-3 rekord təzələyirik. Bunların da hamısını Vətənimizi dünyada tanıtdırmaq üçün edirik.
- Sizin sənətiniz çox risklidir. Çox təhlükəli nömrələr nümayiş etdirdiyinizdə həyatınızı, sağlamlığınızı riskə atmış olursunuz. Hətta eşitdiyimə görə, bəzi nömrələrin nümayişindən sonra 2-3 ay orqanizminizdə zədələr qalır. Sənətinizə həyatınızı riskə atacaq qədərmi bağlısınız?
- Bəlkə də inanmayacaqsınız, amma səmimi etiraf edirik ki, bəli. Bu sənət bizə ata-baba yadigarıdır. Onu qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək bizim xalqımız qarşısında borcumuzdur. Bir nömrənin hazırlanması üçün aylarla əziyyət çəkirik. Bu sənətə çox təzyiqlərlə gəlmişik. Amma bütün çətinliklərə baxmayaraq, sənətimizi uğurla yaşadırıq və yaşadacağıq da. Həyata keçirmək istədiyimiz bir amalla bağlı da ilk dəfə sizə açıqlama veririk. Azərbaycan Rekordlar Kitabını yaratmaq istəyirik. Azərbaycanda qeyri-adi istedadları olan gənclərin adlarını həmin kitaba salmaq istəyirik. Bu kitaba adı düşən şəxslərin rekordları Ginnesin Rekordlar Kitabına düşəcək. Biz qeyri-adi istedadı olan bütün gənclərin yetişməsinə kömək etməyə çalışırıq ki, xalqımızın bu qədim el sənəti ölməsin, yaşasın və davam etsin.
- Çıxışlarınız internetdə, sosial mediaada geniş yayılandan sonra tanınmış simalardan populyar sima kimi proqramlarda, konsertlərdə iştirak etmək üçün edilən reklam təklifləri, dəvətlərdən imtina edirsiniz. Səbəb?
- Bilirsiniz, şərtlər tam bizi qane etmədiyindən hələ ki belə reklam çarxlarına raziliq verməmişik. İkincisi də, bizi dəvət edənlər riskli nömrələrin nümayişini istəyirlər. Amma nəzərə alın ki, çətin nömrənin nümayişi il ərzində 2-3 dəfə göstərmək mümkündür. Hər çıxışdan sonra əvvəlki formaya qayıtmaq üçün həftələrlə, hətta aylarla vaxt lazım olur. Yəni, dəvət edən tərəflər işimizin bu incəliklərini bilmirlər. Ona görə bir çox təkliflərdən imtina etməli oluruq.
- Ən böyük arzunuz, hədəfiniz nədir?
- Ginnesin rekord medalını almaq. Qardaşım yaxın zamanda hər kəsi heyrətləndirəcək yeni nömrələr göstərəcək. O saçları ilə rekord nömrələr nümayiş etdirəcək. Çox ağır yüklü vaqon və bir də təyyarə dartacaq. O, 60-70 tonluq vaqonu dartacaq. Hazırda qardaşım saçlarının uzanmasını gözləyir. Mənim 2 çox ağır riskli nömrəm olacaq. Onları xaricdə beynəlxalq yarışmada nümayiş etdirəcəyəm. Bunu ilk dəfə sizə açıqlayıram. Kürək nahiyəsindən qarmaq keçiriləcək, kran yuxarı qaldıracaq və yarım dəqiqə havada saxlayacaq. Demək olar ki, bütün güçümüzlə bu nömrələrə hazıqlaşırıq. Bu rekord nömrələrlə bütün dünyanı şoka salacağıq. Bir də arzum işğal olunmuş torpaqlarımız azad olunandan sonra Qarabağ torpaqlarında xalqımızın qarşısında böyük bir proqramla çıxış etməkdir.
- Azərbaycan tamaşaçısını heyrətə salacaq böyük bir proqramı nə zaman nümayiş etdirəcəksiniz?
- Mən vətənpərvər bir ailədə böyümüşəm. Biz tez-tez əsgərlərimizin qarşısında çıxış edirik. Bir də hər zaman gənclərimizdə vətənpərvər hisslər aşılamağa çalışırıq. Yeni-yeni uğurlarımızla hər zaman xalqımızı, tamaşaçılarımızı sevindərəcəyik. İnşaallah, həm Azərbaycan tamaşaçısını, həm də dünyanı heyrətə salacaq çıxışlarımız qarşıdadır./TREND