Azərbaycanda hazırda müşahidə edilən isti hava şəraitinin sentyabrın 10-dək davam edəcəyi gözənilir.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, həmin müddətə kimi Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 31-36 dərəcə isti olacağı gözlənilir.
G.Məmmədova bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksəkdir. Onun sözlərinə görə, respublikada sentyabr ayında belə isti günlər ötən illərdə də müşahidə edilib və bu il qeydə alınan temperatur rekord sayıla bilməz.
G.Məmmədova qeyd edib ki, ümumilikdə bu il sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.