7 Sentyabr 2015 20:22
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli mətbuat konfransı keçirdi

“Bakıda 8-9 ballıq ərazilər də var”

Sentyabrın 4-də Şəkidə baş verən zəlzələnin şərhi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli bu gün mətbuat konfransı keçirdi.

O, bildirdi ki, Prezidentin tapşırığı ilə zəlzələ baş verən ərazidə tədqiqatlar aparılır, bunun üçün RSXM-nin mütəxəssisləri Şəki və digər zəlzələ baş vermiş ərazilərə cəlb olunub. Onlar orada bir sıra profillər üzrə işlər aparır, o cümlədən ocaqda gedən prosesləri müşahidə edirlər: “İlin sonuna qədər bu işlər davam edəcək. Çünki güclü zəlzələ olduğuna görə ocaqda proses birdən-birə dayanmır. Zəlzələnin fon səviyyəsinə çatması bəzən aylar tələb edir. Ümumiyyətlə, Şəki tektonik zonadır və 1875-ci ildən bu günə qədər bu bölgədə çoxsaylı zəlzələlər olub”.

Şəkidəki zəlzələ Türkiyədə də hiss olunub

RSXM rəhbəri dedi ki, sözügedən zəlzələdən əvvəl, orada 2003-cü ildə zəlzələ baş verib. Onun sözlərinə görə, zəlzələ Şəkidən 30 km cənub-qərbdə baş verib: “Zəlzələ Bakıda, Lənkəranda, Naxçıvanda, hətta Türkiyədə də hiss olunub, bu da dərinliklə, qırılmalarla bağlıdır. Güclü zəlzələ olduğu üçün proses ocaqda birdən-birdə sönməyəcək. 16 km dərinliklə sol tərəfli yerdəyişmə, qırılıb qalxma baş verib. Böyük sıxılma nəticəsində yerdəyişmə olub. 4 sentyabrından sonra 50-dən çox təkan baş verib. Bakıda 2000-ci ildə baş verən zəlzələdən sonra da müxtəlif yerlərdə 3-5 ballıq zəlzələlər olmuşdu. Ola bilsin ki, bir neçə gün bu afterşoklar davam etsin. tarixən baş verən zəlzələlər bizə bunu deməyə imkan verir ki, bundan sonra orada 7 baldan güclü zəlzələlərin olacağı ehtimalı sıfıra bərabərdir. Odur ki, əhali ərazidə güclü zəlzələnin baş verəcəyindən qorxmasın. Lakin xırda avtoşoklar, 5 bala qədər zəlzələ gözləmək olar”.

Mərkəz rəhbəri dedi ki, bu zəlzələ digər ərazilərdəki ocaqları da oyada bilər: “Konkret bölgə adı çəkmək istəmirik. Amma tarixən Şamaxı və İsmayıllı ən aktiv zona hesab olunur. Tarixə də baxsaq, dəfələrlə Şamaxıda 9 baldan yuxarı katostrafik zəlzələ olub, orada böyük insan tələfatları baş verib”.

Bakıda 8-9 bal zəlzələ ola bilər

Jurnalistlərin suallarını cavablandıran Qurban Yetirmişli bildirdi ki, Bakıda 8-9 bala qədər zəlzələ proqnozlaşdırılır və binaların da bu bala dayanıqlı olma ehtimalı güclüdür: “Bakıda binalar tikilərkən bizdən icazə alınmır, sadəcə məlumat verilir. Biz də ərazinin seysmik aktivliyini öyrənib məlumat veririk. Nazirlər Kabinetinin qərarına əsasən rəsmi şəkildə mütəxəssislərimiz ərazinin seysmikliyini öyrənir və hesabat verir. Ola bilər ki, belə binalar nə zamansa tikilib, amma hazırda Fövqəladə Hallar Nazirliyi bizim hesabat vermədiyimiz ərazidə tikinti aparılmasına icazə vermir. Amma ola bilər FHN-dən xəbərsiz binalar da tikilsin, bu haqda məlumatsızam. Nəzərinizə çatdırım ki, Bakıda 8-9 ballıq ərazilər də var. Biz hər bina üçün əraziyə uyğun zəlzələyə davamlılıq müəyyən edirik”.

Zəlzələyə davamlı özülün qoyulması ənənəsi bu gün də var

Fərdi yaşayış evləri ilə bağlı xidmət mərkəzinə müraciətlərin olmadığını deyən Qurban Yetirmişli dedi ki, müraciət olunacağı halda baxıla bilər: “Biz heç kimin üzünə qapı bağlamırıq, müraciət olunacağı halda öz köməyimizi göstəririk. Amma işimizi buraxıb kəndbəkənd gəzib, bu məsələ ilə maraqlana da bilmərik.

Digər tərəfdən, dədə-babadan ev tikintisi zamanı özül qazılanda gil qatı çıxırsa, burada tikintinin aparılmaması, bərk süxura qədər qazılması, zəlzələyə davamlı özülüm qoyulması ənənəsinə bu gün də adətən əməl edilir”.

Xidmət rəsmisi dedi ki, istər fərdi yaşayış evləri, istərsə də çoxmənzilli binalar olsun gözlənəcəyi halda həmin ərazilərin köçürülməsi barədə dövlət qərar verməlidir: “Məsələn biz Masazırda qır yatağı ərazisi ilə bağlı tədqiqat aparmışıq, həmin ərazi gərgin sahələrdəndir. Həmin ərazidə ən təhlükəli zonada tikilən evlər və binaların köçürülməsi barədə dövlət qərar verməlidir. Çünki bizim işimiz tədqiqat aparıb, nəticələrini açıqlamaqdır. Əhalinin köçürülməsi və digər məsələlərə dövlət qərar verir”.

İlin əvvəlindən indiyədək 3128 zəlzələ baş verib

Yanvar ayından sentyabrın 6-dək 3128 zəlzələ baş verdiyini deyən xidmət rəsmisi qeyd etdi ki, güclü zəlzələ zamanı qırılmalar baş verdikdə layların yeri dəyişdiyindən su mənbələri də itə bilir: “1998-ci ildə Lerikdə güclü zəlzələ olmuşdu və bəzi bulaqlar qurumuşdu. O vaxtdan indiyə qədər Lerik, Yardımlıda su problemi qalmaqdadır. Şəki və ətraf ərazidə nə prosesin baş verəcəyini hələ qabaqcadan demək tezdir. Tədqiqatlarımız davam edir, ümumi proseslə bağlı hesabatımız olacaq”.

Azərbaycanda zəlzələni öncədən müəyyən edən üsul var?

Azərbaycanın, ümumiyyətlə, seysmik zonada yerləşdiyini qeyd edən direktor bildirdi ki, buna baxmayaraq qabaqcadan hansı bölgədə zəlzələnin baş verməsini proqnozlaşdırmaq qeyri-mümkündür: “Şəkidəki zəlzələ ocağında enerji qısa təkanlarla da boşala bilərdi, onda belə zəlzələ baş verməzdi. Biz zəlzələ ocaqları ilə bağlı tədqiqatlar aparırıq, gərginlik zonalarını müəyyən edirik. Ancaq qısamüddətli zəlzələ proqnozu vermək mümkün deyil. Dünyanın heç bir ölkəsində bu sistem yoxdur. Düzdür, hansı ərazidə gərginlik var, harada gözlənilə bilər, deyə bilərik. Lakin ola bilər ki, gərginlik olsun, amma zəlzələ baş verməsin. Zəlzələnin proqnozlaşdırılması üçün hər hansı metodikanın 10 dəfə özünü doğrultması lazımdır. Lakin hələ ki belə tədqiqat yoxdur”.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın bir müddət öncə Azərbaycanda zəlzələni qabaqcadan müəyyən edən üsul haqda bəyanatla çıxış etməsi ilə bağlı suala mövqe bildirən Qurban Yetirmişli belə bir məsələdən xəbərsiz olduğunu dedi.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər