8 Sentyabr 2015 09:46
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PİCARD (“Gömrük sahəsində akademik tədqiqatlar və inkişaf üzrə tərəfdaşlıq proqramı”) konfransı öz işinə başlayıb.

Teleqraf.com-un xəbərinə görə konfransda Azərbaycan da daxil olmaqla, 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edir.

PICARD konfransının açılış mərasimində Azərbaycan baş nazirinin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, ÜGT-nin baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin sədr müavini Don Hyunq Linin iştirak edir.

Tədbirin ilk günü Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru (ABŞ) Erik Maskin “Niyə qlobal bazarlar inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi azalda bilmədi?” və Birləşmiş Krallığın Beynəlxalq Vergi və Tərəqqi Mərkəzinin Baş direktoru Mik Mur isə “Beynəlxalq əməkdaşlıq: ticarət və vergilərin müqayisəsi” adlı əsas məruzə ilə çıxış edirlər.


Sonra konfrans “Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri” və “Qlobal Dəyər Zəncirləri” adlı sessiyalarla işini davam etdirəcək, bu bölmələr üzrə məruzələr dinləniləcək.


Sentyabrın 9-da isə konfransın sessiyaları “Gömrük sahəsində yeniliklər”, “Qlobal Dəyər Zəncirləri”, “Gəlir və tarif məsələləri”, “Saxtakarlıq və faktlar” məsələlərinə həsr olunacaq. Həmin gün əsas məruzə ilə Nobel mükafatı laureatı, ABŞ-ın Arizona Dövlət Universitetinin professoru Edvard K. Preskott çıxış edəcək.


Sentyabrın 10-da konfrans öz işini “Saxtakarlıq və faktlar”, “Mədəniyyət nümunələri üzərində mülkiyyət hüquqlarının qorunması”, “Gömrük risklərinin idarə edilməsi”, “Qeyri-formal ticarət” adlı sessiyalarla yekunlaşdıracaq. Həmin gün isə “Milli siyasi mühitin innovativ fəaliyyətə və kapitalın formalaşmasına təsiri” adlı əsas məruzə ilə Nobel mükafatı laureatı, Santa Barbarada yerləşən Kaliforniya Universitetinin professoru Finn Kidland çıxış edəcək.

Sentyabrın 11-də isə Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin rəsmi açılış mərasimi gerçəkləşəcək.

Naibə QURBANOVA


Müəllif: