8 Sentyabr 2015 21:10
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konqresi Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi (ATAM) və AMEA Tarix İnstitutu ilə birlikdə 13-16 oktyabr 2015-ci ildə ilk dəfə olaraq Azərbaycanın Gəncə şəhərində keçiriləcək.

AMEA Tarix İnstitutunun Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanın Prezidenti və Türkiyə Cümhuriyyətinin Cümhurbaşkanının himayəsi altında keçirilən VIII Beynəlxalq Atatürk Konqresi Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin ildönümlərinə həsr edilib.

Hər dörd ildən bir keçirilən, dünyanın müxtəlif ölkələrindən gələn alimlərin iştirak etdiyi bu nüfuzlu konqresin mövzusu Atatürk və Türk mədəniyyət coğrafiyasında Qafqaza və Qafqaz ətrafına həsr edilib.

Konqresin açılışında AMEA-nın prezidenti Akif Əlizadə, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örs, Azərbaycan Respublikası Prezidenti administrasiyasının rəsmi nümayəndələri, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və b. rəsmi şəxslərin çıxışı, iki gün ərzində isə 3 ayrı-ayrı bölmələrdə Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, İtaliya, Polşa, Serbiya, Bolqarıstan, Moldova, Rusiya Federasiyasının Moskva şəhəri, Dağıstan, Adıgey ve İnquşetiya Respublikaları, Krım, Hindistan, Özbəkistan və Qazaxıstandan olan 89 alimin məruzəsi olacaq. Ümumilikdə konqresin işində 130-dək alim və rəsmi şəxs iştirak edəcəkdir. Konqresin sonuncu günü qədim Şəki şəhərinə gəzinti təşkil ediləcək.

Sentyabrın 2-dən bu nüfuzlü konqresin keçirilməsinə hazırlıq aparılır. Konqreslə bağlı Gəncəyə gələn nümayəndə heyəti Bakıya qayıdaraq, sentyabrın 9-na qədər AMEA Tarix İnstitutunda hazırlıq məsələlərini müzakirə edəcəklər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər