8 Sentyabr 2015 16:42
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Real qiymətindən 300-500% baha satılan dərman vasitələri əczaçılıq bazarından çıxarılacaq və bu, alqışlanan haldır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyev deyib.

Onun sözlərinə görə, 2014-cü ilin 16 dekabr tarixində “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsinə dair müddəa təsbit edilib: "Hazırda ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı dörd min beş yüzdən artıqdır. Bu dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Azərbaycan Respublikasının Tarif (qiymət) şurası tərəfindən təsdiqləndikcə eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq. İlkin olaraq 256 adda dərman vasitəsinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş və bu qərar cari ilin 15 sentyabr tarixindən qüvvəyə minir. Tarif Şurasının avqustun 25-də keçirilən iclasında isə daha 801 dərman vasitəsinin qiyməti təsdiqlənib. Beləliklə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb".

F.Əliyev qeyd edib ki, keçən ilin analoji dövrü ilə müqayisədə cari ildə dərman vasitələrinin idxalının həcminin hətta artması müşahidə edilir.

Mərkəz direktorunun sözlərinə görə, qərarın icrasına başlanıldıqdan sonra əczaçılıq bazarından real qiymətindən 300-500% baha satılan dərman vasitələrinin çıxması alqışlanan hal olacaq.

F.Əliyev qeyd edib ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin arasında eyni təsiredici maddəyə malik müxtəlif ticarət adları altında dərman vasitələri mövcuddur. Bunlar müxtəlif istehsalçılara aid olan eyni tərkibli nisbətən baha və ucuz olan dərman vasitələridir. Bu da ölkə əhalisinin müxtəlif təbəqələrinin mənafeyinə xidmət edən haldır: “Beləliklə, hər-hansı bir dərman vasitəsinin dərman bazarından çıxması onun qıtlığına səbəb olmamalıdır, çünki demək olar ki, hər bir dərman vasitəsinin eyni təsiredici maddəyə malik olan alternativi mövcuddur. Həmçinin, onu da qeyd edim ki, dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin keyfiyyəti eyni dərəcədə yüksəkdir. Təsiredici maddə haqqında məlumat (Beynəlxalq Patentləşdirilməmiş Adla) ticarət adı ilə bərabər dərman vasitəsinin qutusu üzərində qeyd olunur. Həkim və pasient alternativ dərman vasitələri barədə məlumatları bizim rəsmi internet saytımız olan www.pharma.az saytından və 012 596-07-12 nömrəli qaynar xətt vasitəsilə ala bilərlər. Ona görə də əminliklə deyə bilərik ki, hər hansı dərman vasitəsinin ölkəyə idxalının azalması əczaçılıq bazarında qıtlığın yaranmasına səbəb olmayacaq”.


Müəllif:

Oxşar xəbərlər