9 Sentyabr 2015 14:13
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev cari ilin 3-4 sentyabr tarixlərində Kabulda 6-cı Regional İqtisadi Əməkdaşlıq Konfransında, 5 sentyabr tarixində isə Əfqanıstan üzrə Tokio Qarşılıqlı Etimad Prosesi çərçivəsində Yüksək Vəzifəli Şəxslərin ikinci iclasında iştirak edib.

Bu barədə Teleqraf.com XİN-in mətbuat xidmətindən məlumat verilib.

Hər iki tədbirdə çıxış edən Ə.Şıxəliyev bu ölkənin inkişafında nəqliyyat, enerji, informasiya və kommunikasiya texnologiyalarının əhəmiyyətinə toxunaraq, Azərbaycanın qardaş ölkə olan Əfqanıstana bu sahələrin inkişafında dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. O, Bakı-Tbilisi-Qars dəmiryolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Əfqanıstan üçün əlverişli yollarla dünya bazarına çıxış imkanları yaradacağını, bunun isə öz növbəsində Əfqanıstan iqtisadiyyatının canlanmasına və davamlı inkişafına mühüm töhfə verə biləcəyini qeyd edib. AİDA Agentliyinin rəhbəri ölkənin inkişafı üçün informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafının, o cümlədən elektron hökumət sisteminin qurulmasının yüksək əhəmiyyətini vurğulayaraq, bu sahədə ölkəmizin əldə etdiyi uğurlardan biri olan və BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülmüş “ASAN xidmət”in təcrübəsini bu dövlətlə paylaşmağa Azərbaycanın hazır olduğunu diqqətə çatdırıb.

Ə.Şıxəliyev ölkəmizin Əfqanıstan Milli Ordusunun Etimad Fonduna maliyyə yardımı göstərdiyini, eyni zamanda, Əfqanıstanda insan kapitalının inkişafı məqsədilə ölkəmiz tərəfindən əfqan mütəxəssislər və tələbələr üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğu barəsində də məlumat verib.

Qeyd olunmalıdır ki, tədbirlərin keçirilməsi Əfqanıstanla qonşu ölkələr və beynəlxalq maliyyə təsisatları ilə iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədi daşıyır.

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, eləcə də, Əfqanıstan hökumətinin yüksək səviyyəli rəsmiləri və BMT Baş Katibinin Əfqanıstan üzrə Xüsusi Nümayəndəsinin iştirak etdiyi tədbirlərdə 70-dən yuxarı ölkə və nüfuzlu beynəlxalq təşkilatlar yüksək səviyyəli nümayəndələri, həmçinin, biznes qurumlarının rəhbərləri təmsil olunub.


Müəllif:

Oxşar xəbərlər