Təhsil naziri Mikayıl Cabbarovun 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə qazanan tələbələrlə görüşü keçirilib.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Bakı ilə yanaşı ölkəmizin müxtəlif bölgələrini - Gəncə, Abşeron, Bərdə, Qəbələ, Cəbrayıl, Zaqatala, Qubadlı, eləcə də digər rayon və şəhərləri təmsil edən tələbələr iştirak edib.
Görüş iştirakçılarını tələbə adı qazanmaqları münasibətilə təbrik edən Mikayıl Cabbarov uğur formulunun davamlı olmasını, keyfiyyətli kadr, işini sevən məslək və peşə sahibi olmaq üçün daim öyrənməyi tövsiyə edib. Eyni zamanda nazir onları təhsil alacaqları ali məktəbin ictimai, mədəni həyatında yaxından iştirak etməyə, öz bilik və bacarıqlarını yüksəltməyə çağırıb.
Son iki ildə ölkə təhsilində akademik göstəricilərin yaxşılaşmasına diqqət yönəldən Mikayıl Cabbarov ali təhsil müəssisələrinə qəbulda orta balın əhəmiyyətli dərəcədə artdığını bildirib.
Görüş zamanı nazir tələbələrin çoxsaylı suallarını cavablandırıb və onlarla fikir mübadiləsi aparıb. Orta məktəbi qızıl medalla başa vuran, Respublika riyaziyyat olimpiadasının bürünc mükafatçısı, 700 balla “ADA” universitetinə daxil olan İbrahim Əhmədov orta məktəblərdə kurikulumun tətbiqi və onun üstünlükləri ilə bağlı fikirlərini bildirib. 700 balla Tibb Universitetinə daxil olan Nurlan Məcidov, biologiya üzrə fənn müsabiqəsinin gümüş mükafatçısı, orta məktəbi qızıl medalla başa vuraraq 695 balla ali məktəbə daxil olan Nərmin Quluzadə isə xaricdə təhsillə bağlı fikirlərini bölüşüb. “Sabahın alimləri” Respublika müsabiqəsinin iştirakçısı, orta məktəbi qızıl medalla başa vuran Cəmil İmranov SABAH qrupları ilə maraqlanıb.
“Xaricdə təhsil üzrə Dövlət Proqramı” barədə ətraflı məlumat verən Mikayıl Cabbarov ölkəmizdə ali təhsilin inkişaf perspektivləri ilə bağlı danışıb. SABAH qruplarının yaradılmasını bu yolda irəliyə atılan mühüm addım olduğunu deyən nazir yaxın gələcəkdə beynəlxalq layihələr çərçivəsində ali təhsil müəssisələrində innovasiya mühitinin daha da genişlənəcəyini vurğulayıb.
Mikayıl Cabbarov tələbələrimizə ölkə daxilində və ya xaricdə oxumağından asılı olmayaraq Azərbaycanı layiqincə təmsil etməyi, fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyi tövsiyə edib.
Biologiya fənni üzrə Respublika müsabiqəsinin qalibi, orta məktəbi qızıl medalla bitirən Mingəçevir məzunu Zaur Vəlizadə ali məktəblərin əmək bazarındakı reytinqilə, kimya olimpiadasının qalibi, Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla qurtaran və 644 balla universitetə daxil olan Sergey Styopin isə prezident təqaüdləri ilə maraqlanıb. Nazir tələbələrin bütün suallarını ətraflı cavablandırıb, onları narahat edən məsələlərə münasibətini açıqlayıb.
Görüşün sonunda Mikayıl Cabbarov təhsilalanlar üçün geniş imkanlar yaradıldığını qeyd edib və hər bir tələbəni dövlətimizin yaratdığı bu fürsətdən yararlanmağa çağırıb.