10 Sentyabr 2015 12:20
4 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Namiq Veysəlov: “Guya bu ”diplom"lar istənilən şirkətdə keçərli olur"

Müasir dünyada xarici dil bilgisinə tələbat ildən-ilə artır. Dil bilgisi təkcə elmin qapısını asan açmaq, intellektual səviyyəni yüksəltmək, səyahətə çıxdığın başqa ölkədə sıx ünsiyyət yaratmaq üçün faydalı deyil. Çox dil bilən öz bilgisindən biznes məqsədilə yararlana, özünə karyera qura bilər. Bu səbəbdən xarici dilləri öyrədən kursların təkmil fəaliyyəti vacibdir.

Araşdırmamızdan məlum oldu ki, dil kurslarının bəziləri rəsmi və peşəkar, bəziləri isə əks istiqamətdə fəaliyyət göstərir.

Türk dili ingiliscədən bahadır?

Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun dispetçeri kimi özünü təqdim edən bir xanım bildirdi ki, müştərinin müraciətindən asılı olaraq istənilən dil kursunu başa çatdırana “göy diplom” 5 manata, “qırmızı diplom” 15 manata verilir. Həftədə 3 dəfə məşğul olmaqla müxtəlif dillər üzrə qiymətlər fərqlidir. Məsələn, türk dili 100 manat, ingilis dili 90 manat, çin, italyan, fransız, yapon və sair dillər isə 120 manata öyrədilir.

Rus dili ölkə vətəndaşlarına 50 manat, kənar vətəndaşlara isə fərdi razılaşdırma əsasında daha yuxarı qiymətə tədris edilir.

“Piramida” Təhsil və Karyera Mərkəzindən isə bildirildi ki, qurum dil kurslarında rəqabətə davam gətirə bilmədiyinə görə və bütün dünyada gedən iqtisadi böhranın Azərbaycana da təsir etməsi ilə əlaqədar bazardan çıxmaq qərarına gəlib.

Daha çox ingilis və rus dilinə görə müraciət edilir

“Stimul Edication & Consalting”in təsisçisi Namiq Veysəlovun sözlərinə görə, dil kursları 2009-cu ildən fəaliyyət göstərir və o dövrdən indiyədək onlara əsasən ingilis dilini öyrənmək üçün müraciət edirlər. Bu ildən isə rus dilini öyrənmək üçün müraciətlər artıb: “Əsasən ingilis və rus dilləri üçün müraciət alırıq, üçüncü yerdə alman dili dayanır. Digər dillərə bizdə tələbat yox səviyyəsindədir. Məsələn, italyan dilinə tək-tük müraciət olur, indiyədək yapon dili ilə bağlı kimsə müraciət etməyib. Çin dili də çox az müraciət olunan sahədir, gələnlər də Çinlə birbaşa biznes əlaqəli şəxslərdir ki, onlar da yalnız danışıq səviyyəsində öyrənməyə maraqlı olur. Buna baxmayaraq ən az tapılan dillər üzrə müraciət olunarsa, biz yaratdığımız dil bazasına istinad edirik”.

Dil bazasını Azərbaycan Dillər Universitetinin müəllimlərinin təşkil etdiyini deyən təsisçinin sözlərinə görə, müəllimlər mərhələli imtahan yolu ilə işə qəbul olunur. İmtahanda yüksək nəticə göstərən müəllimlə əmək müqaviləsi əsasında, az tapılan dillərin hazırlığı ilə isə xidmət müqaviləsi əsasında əməkdaşlıq edilir.

Nənə-baba nəvəsi ilə ingiliscə danışmaq üçün kursa gəlir

Kurslara gələnlərin əsasən gənclər olduğunu bildirən təsisçi dedi ki, karyera inkişafı ilə bağlı orta və yaşlı nəslin nümayəndələri də dil öyrənmək istəyir, yaxud, sadəcə, maraq üçün həvəs göstərənlər var: “Olub ki, nənə-baba ingilis dilini öyrənmək üçün müraciət edib, səbəbini soruşmuşuq, deyiblər, nəvələri ilə ingiliscə danışmaq üçün öyrənirlər”.

Namiq Veysəlov dedi ki, mərkəzin cəmi bir neçə ay ərzində ingilis, alman, ərəb, fars, rus, fransız, ispan, italyan, yapon, polyak, gürcü və digər xarici dilləri öyrətmək imkanı var. Tədris dil üzrə 4 əsas bacarığın - danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib: “Müəllimlərimiz kursları müraciət edənlərin istəklərinə uyğun hazırladıqları proqrama görə təşkil edirlər. Kursun proqramı 6 - başlanğıc, elementar, aşağı, orta səviyyə, yüksək orta səviyyə və mükəmməl səviyyələrdən ibarətdir.

Hər ayın axırında ay sonu imtahanı, hər səviyyənin sonunda isə səviyyə imtahanı təşkil olunur. İmtahanda tələbə 65 faiz və yuxarı nəticə göstərdiyi halda növbəti səviyyəyə keçir. Tələbə kursa davam etdiyi müddətdə hər hansı bir inkişaf olmasa, dərsə hazırlıqsız gəlsə, icazəsiz ardıcıl iki dərsdə iştirak etməsə, iki dəfə edilən xəbərdarlıqdan sonra kursdan kənarlaşdırılır".

Ən sonda isə tələbə sertifikat almaq üçün imtahan verir.

Bəzi kurs mərkəzi yalan vəd verir

Dil kurslarını bitirən tələbələrə diplom verilməsini isə Namiq Veysəlov qeyri-rəsmi hesab edir: “Bəzi kurs mərkəzləri dil öyrənənləri aldadırlar ki, sonda diplom verirlər və bu diplomlar guya istənilən şirkətdə keçərli olur və sair. Bu, yalandır, heç bir kursun diplom vermək hüququ yoxdur. Diplom o zaman verilə bilər ki, kurslar Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərsin, bu isə artıq kurs yox, kollec olacaq. Bizim kurslar yalnız etibarlılıq müddəti 2 il olan sertifikat verir. Çünki dil belədir ki, iki ildən artıq işlənmədikdə, unudulur”.

Azərbaycan türkcəsini öyrənən rusdillilər artıb

Təsisçi dedi ki, mərkəz həmçinin xaricdə ingilis, fransız, alman, italyan, ispan, ərəb, Çin dili kurslarını da təşkil edir. Eyni zamanda xaricilər üçün Azərbaycan dili kursları da fəaliyyət göstərir ki, bu kurslardan əksər xarici ölkələrin vətəndaşları faydalana bilər: “Adətən, müraciət edənlər səfirliklərin nümayəndələri və onların ailələri olur. Bəzən rusdilli azərbaycanlılar da müraciət edirlər”.

Namiq Veysəlov bildirdi ki, Türkiyə türkcəsini öyrənməklə bağlı indiyədək müraciət edilməyib: “Azərbaycanda televiziya seyrçilərinin çoxu türkdilli televiziyalara baxır və Türkiyə türkcəsini oradan öyrənir. Eyni zamanda, türk dilini yüksək səviyyədə öyrədən Bakı Anadolu liseyinin nəzdində Tömer kursları fəaliyyət göstərir”.

Həmsöhbətimizin sözlərinə görə, kursların müddəti öyrənilən proqram üzrə bir aylıq da ola bilir, 8 aylıq da: “Amma elə tələbələrimiz olub ki, kursu qısa zamanda başa vurub, mükəmməl hazırlaşıb və indi bizdə menecer olaraq fəaliyyət göstərir. Kurslar ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar və CD, DVD materiallar əsasında keçirilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Dərslər seçimə əsasən fərdi və kiçik qruplar şəklində keçirilir”.

Kursların yeni metodikalı ədəbiyyatı tapmaq çətinliyi

Dil kurslarının problemlərindən danışan təsisçi dedi ki, yeni üslublu dərs vəsaitlərini əldə etmək çətinliyi var: “Məsələn, biz istədik ki, ingilis dilindən tam yeni metodikanın tədrisi üzrə bəzi vəsaitləri əldə edək. Həmin ədəbiyyatları ölkədə tapmadıq və İngiltərədəki tərəfdaşlarımızla əlaqə saxladıq, kitablar çox baha başa gəldi. Ümumi kursun qiyməti bizdə 75 manatdır, amma elə kitablar vardı 80 manata başa gəldi”.

Təsisçi dedi ki, digər problem bəzi müəllimlərin bilik səviyyəsinin qeyri-qənaətbəxş olmasıdır: “Bəzən neçə il fəaliyyət göstərmiş dil kursları bağlandıqda bizə müraciət edən müəllimlərin bilik səviyyəsi çox aşağı olur. Belə müəllimləri məsələn, deyək ki, ingilis dili üzrə işə götürmək üçün bir neçə ay əziyyət çəkirik. Ona görə də Azərbaycanda dil kurslarının davamlı fəaliyyəti öyrədənin savadından asılıdır. Müəllimin iş keyfiyyəti aşağı olanda dil kursları rəqabətə davam gətirmir”.

Qiymətlər baha deyil?

Qiymətlərə gəlincə Namiq Veysəlov dedi ki, həftədə 6 dərs olmaqla aylıq qiymət ingilis dilindən (yerli müəllim) fərdi şəkildə hazırlıq 140, qrup halında hazırlıq 75 manatdır. Qrupun tərkibinə isə 2-4 nəfər daxildir.

Amerikalı müəllim isə ingilis dilindən həftədə 5 dərs olmaqla ayı fərdi qaydada 280, qrup halında 120 manata hazırlayıır. Azərbaycan dili (xarici vətəndaşlar üçün) müvafiq olaraq 150-90, ruslar üçün 130-70 manatadır.

Biznesmenlər, tibb işçiləri, hüquqşünaslar və mühəndislər üçün isə ayrıca ixtisaslar üzrə ingilis dilindən hazırlıqlar 200-110 manatadır: “Hazırda akademik ingilis dilinə tələbat artıb. Xaricdə oxumaq üçün tələbələr ingilis dilindən İLTES TOEFL üzrə hazırlıq keçirlər. Bizdə aylıq qiymətlər müvafiq olaraq 110-120 manatdır”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər