11 Sentyabr 2015 18:59
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zoologiya İnstitutu qapalı su təchizatı sistemləri yaradılması barədə təklif verib

Sentyabrı balıq sevənlər həvəslə gözləyir. Çünki bu aydan balıq mövsümü başlayır. Bəzi insanlar balıq tutmağı, bəziləri isə yeməyi sevir. Belə bir deyim var ki, hansı ayda "r" hərfi yoxdursa, o ayda balıq yemək məsləhət deyil.

Balığın kulinar keyfiyyəti...

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Ələsgərova deyir ki, balıq əti qida rasionumuzda əsas yeri tutur. Bunun əsas səbəbi balığın yüksək qidalılıq dəyərinə və özünəməxsus dada malik olmasıdır: "Balıq ətinin daha vacib və qiymətli tərəfi onun orqanizm tərəfindən daha asan mənimsənilməsidir. Bu səbəbdən balıqdan hazırlanan xörəklər qida rasionumuzda, eləcə də uşaq və diyetik qidalanmada geniş yer tutur. Balıq ətində orta hesabla 13-20 faiz zülal var. Əgər ətdən hazırlanan qida 5 saata həzm olunursa, balıq 2-3 saata həzm olunur.

Balıq yağı lenol və araxidon kimi yağ turşuları və həll olan (ekstraktiv) maddələrlə zəngindir. A və D vitamini balıq ətində daha çoxdur. Balıq ətinin kulinar keyfiyyəti, dadı onda olan yağın təkcə miqdarından asılı deyil. Qiymətli balıqlarda yağ əzələlər arasında paylanır, buna görə də bişərkən ət daha zərif olur. Balığın yağlılığı həmçinin balığın yaşından asılıdır, cavan balıqlar daha az yağlı olur. Azərbaycan kulinariyasında balıqdan balıq ləvəngisi, buğlama, kabab, balıq dolması hazırlanır".

Təzə balığı necə tanımaq olar?

Mütəxəssislər deyir ki, orta yaşlı insanlar ildə 18 kiloqram balıq yeməlidir.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, balıq məhsulu tez xarab olduğu üçün riskli qidalar siyahısındadır: "Balıq alan zaman istifadəyə yararlığı və saxlanma şəraiti mütləq nəzərə alınmalıdır. Təzə balığı bir gün ərzində istifadə etmək lazımdır. Dondurulmamış balıq günəş altında bir saat qalsa belə, bu, balığın xarab olması, insan orqanizmi üçün təhlükəli qidaya çevrilməsinə kifayət edir.

Bəzən olur ki, insanlar tilovla balıq tutur, sonra da balıqları yol kənarında satmağa başlayırlar. Bu da heç bir standarta cavab vermir. Balıqların soyuducuda soyudulmadan satılması yolverilməzdir. Bəzən də təzə balığı köhnə balıq adı ilə satırlar".

İmran Abdullayev təzə balığı köhnədən neçə seçmək barədə də danışdı. Onun sözlərinə görə, bunun üçün balıq alanda bir qədər diqqətli olmaq kifayətdir: "Təzə, keyfiyyətli balığın dərisinin səthi təmiz, az miqdarda şəffaf selik ilə örtülü, pulcuqları hamar, parlaq, dərisi ətinə möhkəm yapışmış, gözləri şəffaf, parlaq olur.
Təzə balığın qəlsəməsi tünd qırmızı, köhnə balıqlarda isə boz rəngə çalır. Xarab olma dərəcəsindən asılı olaraq qəlsəmələrin rəngi qırmızı-qəhvəyi, çəhrayı və başqa rəngə çevrilə bilər. Qəlsəmələrin arasını iylədikdə spesifik təzə balıq iyi hiss olunur. Təzəlik dərəcəsinin itməsi ilə əlaqədar olaraq balıq ətinin ağ rəngi itir və çəhrayı, qırmızı, qonur rəngə çalır. Təzəlik dərəcəsinin azalması ilə əlaqədar olaraq selik şəffaflığını itirir, ağ, sarı və boz rənglərə çalır. Saxlama müddətinin keçməsi nəticəsində balığın gözünün rəngi də bulanıq rəngə çalır".

Qeyd edək ki, balıq məhsullarının növündən asılı olaraq saxlanma şəraiti və temperaturu müxtəlifdir. İsti fəsillərdə bu qidanı 24 saat, soyuq fəsillərdə isə 48 saat saxlamaq olar. Bazarlarda və yarmarkalarda sanitar və gigiyenik tələblərə cavab verməyən məhsulların satışı qadağandır.

Balıq çaya girə bilmirsə...

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun "İxtiologiya" laboratoriyasının əməkdaşı Namiq Mustafayevin sözlərinə görə, çaylar üzərində tikilən körpülərin bəndləri balıqların kürü tökməsinə mane olur: "Çünki bu cür balıqlar dənizdə yaşayır, amma kürü tökmək üçün çaylara keçirlər. Təbii ki, su hövzələrinin üzərinə körpülər qurulan zaman çaya iri betonlar qoyulur ki, bu betonlar körpülərin hərəsinin aşağısında 5-6 metr hündürlüyündə maneə yaradır. Balığın kürü tökmə vaxtı dənizdən çaya getməsinə imkan olmur. Balıq çaya girə bilmirsə, aydındır ki, kürü tökə bilməyəcək.

Digər tərəfdən, balıqlarının azalmasının müxtəlif səbəbləri var. Neft çıxarılması ilə bağlı dənizin həddən artıq çirklənməsi və çayların üzərində su anbarlarının tikilməsin göstərmək olar. Daha çox nərə, qızıl balıq və sair bu tipli balıqlarda tikilən körpülərə görə çayların yuxarısına doğru gedib kürü tökə bilmir.

Sovet hakimiyyəti illərində su anbarları tikiləndə, dəymiş zərərin qarşısını almaq məqsədilə balıq artırma zavodları tikildi. Dənizdən kürü verməyə hazır olan balıqlarını tutub zavoda gətirir, onların kürülərini alırdılar. Bunun nəticəsində ehtiyat müəyyən qədər bərpa olundu. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfində su hövzələrinə hər il yarım milyona yaxın körpə balıq buraxılır.

Rəsmi statistik məlumatlara görə, balıqlar azalmaq üzrə gedir. Bunun da səbəbi qanunsuz və amansız balıq ovudur".

"Ana balıq tapmaq mümkün deyil"

Namiq Mustafayev deyir ki, 2013-cu ildə Zoologiya İnstitutu qapalı su təchizatı sistemləri yaradılması üçün təklif verib: "Yaradılan qapalı su təchizatı sistemində yemləməklə balıq artırmaq olar. Belə sistem yaradılsa, suyun beşdə bir hissəsində balıq üzər. Onda əhalinin balığa olan tələbatı ödənilər. Bu cür qurğu inkişaf etmiş bütün dünyada geniş yayılıb. Amma bizdə hələlik bu məsələ öz həllini tapmayıb.

Qeyd edim ki, 2003-cü ildə sonuncu nərə balığı artırma zavodu tikilib. Lakin bu zavod da tam gücü ilə çalışa bilmir. Çünki zavod ana balıqları tutub gətirə bilmir. Nərə dənizdə o qədər azalıb ki, ana balıq tapmaq mümkün deyil".

İlhamə


Müəllif:

Oxşar xəbərlər