12 Sentyabr 2015 21:21
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert: “Biliyin keyfiyyəti təhsilhaqqına uyğun deyil”

“Təhsil haqqında” qanun Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin fəaliyyətinə icazə verir.

Ancaq ölkəmizdə bələdiyyə təhsil müəssisələri yoxdur, özəl orta məktəblərsə az da olsa var. Say etibarı ilə 10-15-dən çox olmayan bu ümumtəhsil məktəbləri əsasən əcnəbi adlarla fəaliyyət göstərir, illik qiymətləri isə kifayət qədər bahadır.

Apardığımız araşdırmalardan məlum oldu ki, ölkəmizdə illik ödəniş haqqı 1000 manatdan 40 min dollara qədər özəl məktəb və liseylər fəaliyyət göstərir. Bu məktəblərin bəzilərinə qəbul imtahanla, bəzilərinə isə adi qaydada aparılır. Necə deyərlər, pulunu ver, oxu.

5 min manatlıq məktəbdə iki uşaq oxudana güzəşt var

“Erudit” Təhsil Mərkəzində 5-ci sinfin Azərbaycan bölməsinə şagirdi hansı prinsiplərlə qəbul etdikləri ilə maraqlandıq. Bildirildi ki, illik ödəniş haqqı 5 min manat olan məktəbin siniflərində şagird sayı 12-dir. Tədris Təhsil Nazirliyinin müəyyən etdiyi proqrama uyğundur. Bundan əlavə, tədrisin genişləndirilmiş proqramlar əsasında təşkil edildiyi də xatırladıldı. Şagirdlərə əlavə məşğələlərlə yanaşı səhər və günorta yeməyi verilir. Qiymətlərdə isə heç bir güzəşt yoxdur, yalnız bir ailədən iki uşaq təhsil alarsa, hər uşağa görə 5 faiz güzəşt olunur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclər arasında özəl məktəblərin adı demək olar ki, çəkilmir.

İqtisadçı Vüqar Bayramov bildirir ki, Azərbaycanda fəaliyyəti dayandırılan “Çağ Öyrətim” liseylərinin şagirdləri digər özəl lisey və məktəblərə yerləşdiriləndən sonra qiymətlər daha da artırılıb və artımların bundan sonra da davam edəcəyi proqnozlaşdırılır. Onun sözlərinə görə, Azərbaycanda özəl təhsilin keyfiyyəti tələb olunan məbləğə uyğun deyil. İqtisadçı bildirdi ki, qiymətlərin bu qədər süni olaraq artırılması həmin məktəblərə təklifin az olması ilə bağlıdır.

Vüqar Bayramovun sözlərinə görə, ekspertlərin qiymətləndirmələrinə əsasən, özəl liseylərdə oxuyan bir şagirdin gündə üç dəfə yemək, təhsil, istirahət, nəqliyyat xərcləri və hər şagirdə düşən müəllim xərci bir ay üçün 200 manat təşkil edir. Gündə iki dəfə yemək verən məktəblər üçün bu məbləğ 150, bir dəfə yemək verənlər üçün isə 100 manatdır: “İlin doqquz ayında tədris verildiyini nəzərə alsaq, ən bahalı lisey üçün illik təhsil haqqı 1800, gündə iki dəfə yemək verən məktəb üçün 1350, gündə bir dəfə yemək verən və şagirdlərinin sayı nisbətən çox olan lisey və məktəblər üçün isə 900 manat ola bilər. Amma hazırda bizdə bu rəqəmlər çox yüksəkdir”.

Özəl orta məktəb dövlət standartından kənara çıxmamalıdır

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, özəl orta məktəblərin fəaliyyətinin hüquqi əsası var, amma istər dövlət məktəbi olsun, istər özəl məktəb, dövlətin təhsil siyasətinə xidmət etməlidir və rəsmi standartlara cavab verməlidir: “Yəni özəl məktəblərin də kadrları dövlətin müəyyənləşdirdiyi biliklərə və bacarıqlara yiyələnməlidir”.


Özəl məktəbin formalaşması mexanizmindən danışan ATŞ sədri dedi ki, bu sektorun nizamnaməsi dövlətin təsdiq etdiyi ümumi orta məktəb əsasnaməsinə uyğun olmalıdır: “Hər bir özəl təhsil müəssisəsi Təhsil Nazirliyinə müraciət edib müvafiq lisenziya almalıdır.

Özəl məktəb ödənişli də ola bilər, ödənişsiz də. Məsələn, çoxlu sərvəti olan bir şəxs öz xalqına, dövlətinə xidmət arzusundadır və xalqının balalarına pulsuz təhsil vermək istəyir. Bu halda o, pulsuz özəl məktəb aça bilər. Amma hələlik Azərbaycanda pulsuz özəl məktəb yoxdur".

Nazirlər Kabineti ödəniş haqqını müəyyənləşdirən normativ hazırlamalıdır

Əjdər Ağayev dedi ki, Nazirlər Kabineti özəl məktəblərin lisey, gimnaziya, ümumi orta və ya tam orta məktəb kimi fəaliyyətini, o cümlədən verilən təhsilin keyfiyyətini nəzərə alaraq orda ödəniş haqqını müəyyənləşdirən normativ hazırlamalıdır: “Müxtəlif özəl məktəblər var ki, heç fəaliyyəti cəmiyyətə bəlli deyil, ingilis və ya başqa xarici dilli məktəb olaraq əcnəbi adda fəaliyyət göstərirlər. Səfirliklər öz əməkdaşları üçün məktəb aça, kadrları da, məktəb də həmin dövlətin dilində fəaliyyət göstərə bilər. Həmin məktəblərdə ölkəmizin tarixi, coğrafiyası, dili də öyrədilməlidir”.

Ekspert dedi ki, Azərbaycanın təşkil etdiyi məktəblər əsasən milli kadrlardan ibarət olmalı, öyrədilən biliklər öz dövlətimizin standartına, tərbiyə aspekti isə milli-mənəvi dəyərlərimizə əsaslanmalıdır: “Təəssüf ki, bir sıra orta məktəblər var, xaricdən mütəxəssislər dəvət olunur, dərs proqramı xaricdən gətirilir, tərbiyə aspekti milli dəyərlərimizdən kənar olur. Halbuki nazirliyə verilən məlumatlarda bu məktəblər fəaliyyətlərini təhsil standartına uyğun göstərirlər.

Yaxşı olardı ki, Təhsil Nazirliyindən öncə Nazirlər Kabineti bu məsələləri nəzarətə götürsün. Bütün bu məsələlərlə bağlı vahid tənzimləyici normativ müəyyənləşdirsin. Onu da deyim ki, Təhsil Nazirliyinin o məktəblərin fəaliyyətini dayandırmaq səlahiyyəti var".

Elitar məktəblərdə qabiliyyətli kasıb balası təhsil ala bilməz

Təhsil eksperti Nabatəli Qulamoğlu bildirir ki, Azərbaycanda özəl məktəblərin sayı 1 faiz təşkil edir və bu məktəblər elit deyil, elitar olaraq fəaliyyət göstərirlər: “Elit məktəbə biliyi yüksək səviyyədə mənimsəmə qabiliyyəti olan şagirdlər seçilir və onlara xüsusi təhsil verilir. Bu uşaqlar gələcəkdə dövlət üçün güclü kadr olaraq hazırlanır. Belə təcrübə xaricdə var.

Bizdə isə varlı balalarının təhsil aldığı elitar, ingilisdilli məktəblər mövcuddur, bu məktəblər varlı adamların uşaqlarını təhsil verməklə məşğuldur. Kasıbın balasının istedadı yüksək səviyyədə olsa da belə məktəblrədə təhsil almaq imkanı yoxdur".

Qohum-əqrəbanı yığıb, özəl məktəb açıb

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, fəaliyyəti qeyri-qənaətbəxş olan özəl ali məktəblərin lisenziyası Təhsil Nazirliyi tərəfindən ləğv olunsa da, indiyədək bahalı və keyfiyyətsiz təhsil verən özəl orta məktəblər arasında belə hala rast gəlinməyib: “Özəl məktəbdir deyə istədiyi qiymətə fəaliyyət göstərir. Qiymətlərin bahalığını da müxtəlif cür izah edirlər. Guya qiyməti Tarif Şurası müəyyən edir. Taarif Şurası da bildirir ki, onların özəl məktəblərə müdaxiləsi yoxdur. Ona görə bu sahə nəzarətsiz qalıb. Təmtəraqlı adlar seçirlər, qohum-əqrəbanı yığırlar o məktəbə, qazancla məşğul olurlar. Ona görə Azərbaycanda özəl məktəb anlayışı özünü doğrultmur. Biz hələ özəl məktəb işlətməyə hazır deyilik”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər