30 May 2014 19:11
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə iyunun 3-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir. İmtahan saat 11:00-da Bakı şəhərində 6 binada təşkil olunacaq. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 30-dan iyunun 1-dək Vergilər Nazirliyinin inzibati binasından götürməlidirlər.

İmtahanda iştirak etmək üçün 1931 namizəd qeydiyyatdan keçib. Prosesin idarə edilməsi üçün 168 nəzarətçi-müəllim, 24 imtahan rəhbəri ayrılıb.

Namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə Vergilər Nazirliyi tərəfindən suallardan ibarət test toplusu çap olunaraq onların istifadəsinə verilib. İmtahanda müvafiq sahə bilikləri üzrə (hüquq və ixtisas) təqdim olunacaq 80 sual məhz həmin sual bankından seçiləcək.

10 sual namizədlərin informatika üzrə biliklərinin, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur (həmin suallar TQDK tərəfindən hazırlanır). İmtahan 3 saat davam edəcək. Hər sual 1 balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılacaqlar.

TQDK iyunun 3-də həm də ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. İmtahanda iştirak etmək üçün 382 namizəd qeydiyyatdan keçib. Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən cari ilin fevral ayından başlayıb və mayın 26-da başa çatıb. İmtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman sarayında keçiriləcək.

İmtahan 3 saat davam edir və namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunur - 80 sual namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır, 20 sual isə namizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir .

Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir.

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplayan namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - müsahibəyə buraxılacaqlar.

İmtahanların nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək.

Naibə QURBANOVA


Müəllif: