Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi haqqında qanun bu il iyunun 1-dən qüvvəyə minib. Qanunla nikaha girənlərin hər biri bir neçə xəstəlikdən, o cümlədən QİÇS və siflisə görə tibbi müayinədən keçməlidirlər.
Qaydaya uyğun olaraq, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyənlərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində pulsuz aparılmalıdır.
Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, həmin tarixdən indiyə qədər 33 min 815 nəfər tibbi müayinədən keçib. Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov bildirib ki, tibbi müayinə nəticəsində nikaha daxil olmaq istəyən bəzi gənclərdə QİÇS və siflis aşkarlanıb. Tibbi müayinədən keçən 7 gəncdə isə talassemiya aşkarlandığından onlara evlənməmək tövsiyə olunub. Lakin cütlüklərdən heç biri evlənməkdən imtina etməyib.
Baş hematoloq bildirib ki, evlənmək istəyən gənclərdə hər hansı xəstəlik çıxanda onlara məsləhət verilir: “Əgər cütlüyün birində talassemiya aşkarlanırsa, heç bir problem olmur. Lakin hər ikisində talessemiya daşıyıcısı varsa, deməli, onların uşaqları da talassemiya daşıyıcısı ola bilər. Onlara məsləhət verilir ki, mütləq hamiləlik olan kimi Hemotologiya və Transfiziologiya İnstitutuna müraciət etsinlər, orada bütün məsələlər həll olunsun”.
Çingiz Əsədov evlənməyə hazırlaşan 135 nəfərdə müəyyən xəstəliklər aşkar olunduğunu deyib: “Çox az sayda gəncdə QİÇS və siflis tapılıb. Həmin gənclər haqqında məlumat QİÇS Mərkəzinə gedir və onlar ora yönəldilirlər”.
Nikah rəsmiləşdirilərkən QİÇS aşkarlananların sayını isə Respublika QİÇS Mərkəzindən öyrəndik. Mərkəzdən bildirdilər ki, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”na uyğun olaraq tibbi müayinə üçün müraciət edən 33 815 nəfərdən 21-də QİÇS müayinəsinin mənfi nəticə verdiyinə dair məlumat daxil olub və həmin şəxslər təkrar müayinəyə cəlb ediliblər: “21 nəfərdən ikisinin məlumatı QİÇS-lə Mübarizə Mərkəzinə yeni gəldiyindən onlar təkrar müayinədən hələlik keçməyiblər. Yerdə qalanlarda isə bu xəstəlik təsdiqlənib. Onlardan 4-nün qeyri-rəsmi ailəli olduğu üzə çıxıb. Məlum olub ki, üç uşağı olan ailədə həm qadın, həm də kişi QİÇS virusunun daşıyıcısıdır. Onlar bu barədə nikaha görə tibbi müayinədən keçənə qədər xəbərsiz olublar.
Uşaqların məktəblə bağlı sənədlərinin hazırlanması zamanı yaşadıqları problemlə bağlı nikahlarını rəsmiləşdirməyə qərar verən ailə başçılarında QİÇS-ə yoluxmanın cinsi yolla baş verdiyi məlum olub. Digər üç ailədə isə QİÇS virusuna yoluxanlardan ikisi kişi, biri qadındır. Ümumilikdə iki qadında bu virus nikaha görə müayinə zamanı üzə çıxıb. Onlardan biri Rusiya vətəndaşıdır, azərbaycanlı oğlanla qeyri-rəsmi münasibətdə olsa da, rəsmi nikaha daxil olmaq barədə qərar veriblər".
QİÇS virusuna yoluxduğu nikaha görə tibbi müayinə zamanı bəlli olanlardan ən böyüyü 1964, ən kiçikləri isə 1982-1988-ci il təvəllüdlüdürlər.
Xaricdə bu prfoblem həll olunmuş sayılır
Xatırladaq ki, “Nikah haqqında” qanunun qəbulu ölkədə yayılmaqda olan QİÇS, hemofiliya və talassemiya kimi təhlükəli, genetik xəstəliklərin qarşısını almağa yönəlsə də, bu xəstəlik daşıyıcılarının nikaha daxil olması qanunla qadağan deyil.
Sadəcə, Azərbaycan talassemiyanın geniş yayıldığı hesab edilən ölkələr sırasında olduğu üçün bu məsələ diqqət mərkəzindədir. Ekspertlər hesab edir ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi bu xəstəliyin qarşısını almağa yardımçı ola bilər. Çünki xarici təcrübədə bu üsul effektiv olub.
Qeyd edək ki, hər il respublikada üç yüzə yaxın uşaq bu xəstəliklə doğulur. Məlumata görə, Yunanıstanda ötən əsrin 50-ci illərində talassemiya xəstəliyi çox geniş yayılıb. Orada belə bir qanun qəbulundan sonra 20 il ərzində Yunanıstanda xəstəliyə son qoyulub. Təxminən 60-cı illərdə Türkiyə də belə bir qanun qəbul edib və nəticədə talassemiya Türkiyədə sıfıra enib.
Ötən əsrin 50-ci illərində Fransada hemofiliya xəstəliyi çox geniş yayılmışdı. Analoji qanunla hemofiliya xəstələrinin nikahdan öncə müayinəsi, onların nikaha daxil olması və dünyaya uşaq gətirməsi nəzarət altına alınıb.
Orta Asiya ölkələrində nikahdan öncə tibbi müayinə aktual sayılmasa da, formal olaraq gənclərin sağlamlığı barədə bir-birinə məlumat vermələri tələb olunur.
Qərb ölkələrində də bu məsələyə çox ciddi baxılır. Məsələn, Birləşmiş Ştatlarda nikahdan əvvəl qohum olub-olmamağın heç bir fərqi yoxdur, qan analizi mütləq verilməlidir. Lakin hər bir halda nikahın bağlanmasına heç kim mane ola bilməz.
“Yolun yarısından qayıtmaq olar”
Sosioloq Adil Əsədov bu qanunun Azərbaycanda da faydalı tərəflərinin illər sonra özünü göstərəcəyini deyir: “Bizdə gənclər o halda müayinəyə gedirlər ki, artıq izdivaca aid məsələlərin 90 faizi həll olunmuş sayılır. Onlarda ağır xəstəlik aşkarlansa belə, bu qərardan dönmək çətin olur.
Əvvəla, gözlənilən bir hadisəni - toyu təxirə salmaq çətindir, ikincisi, biz bir-birini sevən iki gəncdən danışırıq. Bir-biriləri üçün həmin anda ölümə belə hazır olduqlarını deyən şəxslər ayrılmazlar. Əslində, proses ağır və çətin olsa da, cütlüklər qərara gəldikləri ilk andan öz orqanizmləri barədə bir-birlərini məlumatlandırmalıdırlar. Bu halda qismən yolun yarısından qayıtmaq olar".
Arayışı necə əldə etməli?
Müayinələrin yalnız dövlət klinikalarında aparılması nəzərdə tutulsa da, özəl klinikalar da bu xidməti təklif edir. Lakin onlarda talassemiya xəstəliyinin aşkarlanması ilə bağlı müayinə aparılmır. Özəl klinikalar, sadəcə, qanın ümumi analizini edə bilərlər.
Nazirlər Kabineti tərəfindən təsdiq edilən formada da nikahdan öncə tibbi müayinədən keçmək haqqında arayış VVAQ-a verilməlidir. Orada heç bir nəticə yazılmır, yalnız şəxslərin tibbi müayinədən keçmə faktları təsdiq edilir. Cütlüklər hansı müəssisədə müayinədən keçiblərsə, həmin müəssisənin baş həkimi öz imzası ilə bunu təsdiq edir. Özəl müəssisələrdə müayinədən keçdikdə isə evlənmək üçün verilən arayış hüquqi əsası olmayan sənəd sayılır.
Artıq avqust ayından nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən də əldə edə bilərlər.
Vətəndaşlar buradan nikah üçün tibbi arayışı pulsuz ala bilərlər. Arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.
Naibə Qurbanova