15 Sentyabr 2015 17:57
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bilik Fondu Bilik Günündə 150-dən çox təhsil ocağında mühazirələr təşkil etdi

Azərbaycan xalqı tarixən multikultural ənənələrə və tolerantlığa sadiq mövqedə duraraq birgə yaşadığı bütün xalqların mədəniyyətinə, dininə, dilinə və adət-ənənələrinə hörmətlə yanaşıb. Ümummilli lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafı naminə əsrlər boyu yaranan çoxmədəniyyətlilik və bəşərilik ənənələrini inkişaf etdirərək ölkəmizdə daha dərin köklər atmasına zəmin yaradıb. Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Bu siyasi kursu uğurla davam etdirən prezident İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki nitqində söyləyib: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir”.

Bu gün Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə geniş şərait yaradılıb. Azərbaycanda bütün dinlərin nümayəndələri yanaşı ibadət edir, birgə yasamın ən gözəl nümunəsini sərgiləyirlər.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Azərbaycan multikulturalizminin dünya miqyasında elmi və təcrübi nümayişini həyata keçirməyə hazır olduğunu deyib: “Biz bu fenomeni öyrənmək istəyənlər üçün istər Azərbaycanda, istərsə də dünyanın ən müxtəlif elm, mədəniyyət ocaqlarında hər bir şəraiti yaratmağa hazırıq və bunu əzmlə edəcəyik. Nəticədə ümidvaram ki, bütün dünyada Azərbaycanın dostlarının sayını artırmış olacağıq. Bu, Ulu Öndərin göstərdiyi hədəflərə doğru aparan yoldur, bizim həm borcumuz, həm də haqqımızdır”. Artıq bu il 11 xarici ölkənin nüfuzlu universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq. Ötən semestr bu fənn 7 xarici universitetdə öyrədilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr Bilik Günü münasibətilə ölkəmizin bütün bölgələrində Azərbaycan multikulturalizminə həsr olunmuş mühazirələr təşkil edib. Fondun “İlboyu Bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın bütün rayonlarında ali və orta məktəblərdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda dərslər keçib və mühazirələr deyilib. Ümumilikdə 158 yerdə - 142 orta məktəbdə, 16 ali məktəbdə tanınmış ziyalılar – akademiklər, professorlar, diplomatik korpus nümayəndələri, media mənsubları məktəblilər, tələbələr və yerli sakinlərlə görüşüblər, onlara Azərbaycanda multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.

Bilik Fondunun mühazirəçiləri şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərində, qaçqın və məcburi köçkün, eləcə də sərhədyanı bölgələrin məktəblərində şagirdlərə maraqlı mühazirələr deyiblər.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Şamaxı rayonundakı Sabir qəsəbə tam orta məktəbində, Millət vəkili Aydın Mirzəzadə Mingəçevirdə, əməkdar müəllim Əjdər Ağayev Neftçalada, Alban-udi xristian icmasının sədri Robert Mobilim Qəbələdə, ATV şirkətinin Bədii Şurasının sədri Etibar Babayev Siyəzəndə, professor Rüstəm Kamal Qazaxda, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Bərdədə, folklorşünas Ağaverdi Xəlilov İsmayıllıda, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Şuşa və Qubadlının qaçqın məktəblərində, akademik Vaqif Abbasov, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Rus Pravoslav Kilsəsinin Arxiyepiskopu Şeynin Aleksandr, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Yevdayev Milix, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Gündüz İsmayılov və Səyyad Aran Bakı məktəblərində, həmçinin İtaliya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutillo Mədəniyyət və İncəsənət Universitetində, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin müavini Abdulla Alşamsi 158 saylı orta məktəbdə mühazirələr deyiblər.

Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbinin müəllimi Vəfa Vahidova: Artıq ikinci ildir ki, məktəbimizdə ilk dərsimizi Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev aparır. Kamal müəllimin bizim şagirdlərimizə, müəllimlərimizə və yerli ziyalıların nümayəndələrinə mühazirə deməsini hər birimiz çox yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, məktəbimiz üçün olduqca böyuk uğurdur. Çünki bir qəsəbə məktəbində akademikin, xüsusilə dövlət müşavirinin dərs deməsi həmin qəsəbənin sakinləri və şagirdləri üçün təhsilə və elmə yönəlmiş böyük bir stimuldur. Düşünürəm ki, bu gün şagirdlərimiz akademik Kamal Abdullayevdən həm maraqlı mühazirə dinlədilər, həm də böyük şəxsiyyətlə bir daha üzbəüz ünsiyyətdə oldular. Bu, onlar üçün böyük həyat dərsidir”.

Beyləqan Rayonu İcra Hakimiyyətinin Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Aytən Mirzəyeva: “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilboyu rayonumuzda bir-birindən maraqlı maarifləndirici layihələr həyata keçirib. Bilik Günü münasibəti ilə Beyləqandakı N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda deyilən mühazirə təkcə bizim məktəblilərin deyil, rayon ziyalılarının da böyük marağına səbəb oldu. Mən özüm də mühazirədə iştirak etdim, inanıram ki, şagirdlər professor Əlizadə Əsgərlinin mühazirəsinindən çox şey öyrənə bildilər”.

Tərtər rayonu İ.Məmmədov adına 2 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Nuranə Hüseynova: “Bilik Fondunun belə əziz bir gündə biz Tərtər məktəblilərini də unutmaması məni çox sevindirdi. Azərbaycanda bir çox xalqların nümayəndələrinin yaşadığını oxumuşdum, amma vətənimizdə multikulturalizm, tolerantlıq ənənələri, onun tarixi kökləri barədə məlumatsız idim. Bu mühazirədən mən və yaşıdlarım çox şey öyrəndik. Mən Bilik Fondunun Könüllülər Birliyinə üzv yazılmaq istədiyimi də mühazirəçimiz Almaz xanıma çatdırdım”.

Saatlı rayonu S.Vurğun adına 1 saylı tam orta məktəbin direktoru, RF Pedaqogika və Sosiologiya elmləri Akademiyasının müxbir üzvü Oktay Məmmədov: “Bilik Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda keçirilən bu mühazirəni yüksək qiymətləndirirəm. Mühazirəçi – tanınmış jurnalist Mübariz Əhmədov U.Əsgərov adına 4 nömrəli tam orta məktəbin qonağı oldu, amma tədbirdə yaxın məktəblərin şagirdləri də, yerli ziyalıların nümayəndələri də fəal iştirak etdilər. Mən özüm əməkdar müəlliməm. Yaxşı bilirəm ki, yeniyetmələrə belə mühazirələrin deyilməsinin, onların alimlərlə görüşməsinin müsbət təsiri çox böyükdür. Şagirdlərimizə Azərbaycanda multikulturalizm, Ulu öndərimizin bu sahədə yürütdüyü uğurlu siyasət, bu gün də həyat tərzimizə çevrilən multikultural dəyərlər haqqında çox dərin məzmunlu məlumat verildi”.


Müəllif:

Oxşar xəbərlər