17 Sentyabr 2015 14:52
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin reallaşdırdığı sürətli islahatlar nəticəsində respublikamızda əldə olunan dayanıqlı inkişaf məqsədyönlü şəkildə vətəndaşların rifahının yaxşılaşdırılmasına yönəldilməkdədir. Bu siyasətin prioritet istiqamətlərindən biri kimi pensiyaçıların sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcə layihəsinin əsas qayəsini təşkil edir.”

Bunu Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcə layihəsi ilə bağlı jurnalistlərə açıqlamasında fondun sədri Elman Mehdiyev deyib.

Fondun 2016-cı il üçün proqnozlaşdırılan 3 milyard 78,6 milyon manat gəlirlərinin strukturu barədə məlumat verən Elman Mehdiyev vurğulayıb ki, Fondun növbəti il üçün gəlirlərinin 64,3 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər təşkil edəcək, dövlət büdcəsi transfertinin xüsusi çəkisi isə 35,7 faiz olacaqdır.

Fond sədri 2016-cı ildə dövlət büdcəsindən Fonda transfertin məbləğinin cari ildə olduğu kimi 1,1 milyard manat təşkil edəcəyini və gələn il üçün xərclər üzrə nəzərdə tutulan artımın toplanan sosial sığorta haqları hesabına qarşılanacağını qeyd edib. O, bu göstəricilərin çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslər fonunda ölkəmizdə təmin olunan dayanıqlı inkişafın və əhalinin gəlirlərinin artım dinamikasının əyani təzahürü olduğunu, bütün bunların sosial sığorta haqları üzrə proqnozlarda öz əksini tapdığını vurğulayıb.

Məlumat verilib ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün büdcəsi layihəsində xərclərin 3 milyard 11,2 milyon manatının əhaliyə ödənişlərə, 20,0 mln. manatının pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqlarına, 19,1 mln. manatının sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə, 27,0 mln. manatının Fondun aparatının və onun yerli orqanlarının saxlanılmasına, 40 min manatının beynəlxalq təşkilatlara üzvlük haqlarına, 1,3 mln. manatının Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İnkişaf üçün Kredit Sazişi”nə əsasən “Pensiya və sosial təminat” layihəsi üzrə kreditin qaytarılmasına yönəldilməsi nəzərdə tutulub. Əhaliyə ödənişlərin 97,1 faizini və ya 2 milyard 923,6 milyon manatını əmək pensiyalarının ödənilməsi üzrə xərclər, 2,9 faizini və ya 87,6 milyon manatını isə müavinət xərcləri təşkil edəcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər