Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bakıda əlaqələndirmə ofisi yaradılır.
Bununla bağlı məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və texniki yardımın göstərilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Komitə sədri Eldar İbrahimov FAO-nun Azərbaycanda ofisinin yaradılmasını tədqirəlayiq hesab edib. O bildirib ki, FAO-nun Azərbaycanda ofisinin yaradılması ölkəmizdə kənd təsərrüfatının inikişafına mühüm töhfə verəcək.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, FAO-nun dünyada 5 ofisi var və çox mühüm haldır ki, FAO 6-cı ofisini Azərbaycanda yaradır. O bildirib ki, bu, FAO-nun Azərbaycanla əməkdaşlığa önəm verməsinin göstəricisidir. Nazir müavini bildirib ki, FAO kimi təşkilatla əməkdaşlıq kənd təsərrüfatının inkişafı üçün önəmlidir. O eyni zamanda bu təşkilatla əməkdaşlığın gənc mütəxəsislərin də inkişafına töhfə verəcəyini bildirib. Onun sözlərinə görə, FAO-nun Azərbaycanda ofisi yaradıldıqdan sonra 6 nəfərə qədər Azərbaycan gənci FAO-nun baş ofisində çalışmaq hüququ əldə edəcək. Digər millət vəkilləri də FAO-nun Azərbbaycanda ofisinin yaradılmasının vacib olduğunu qeyd ediblər. Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasına tövsiyə olunub.
Nemət