19 Sentyabr 2015 12:22
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əhmədovun yubileyi qeyd olunub.

Teleqraf.com xəbər verir ki, bu gün Bakının Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədovun 45 illik yubileyi qeyd olunub.

Tədbir mərhum Milli Qəhrəmanla yanaşı, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himnimizin səslənməsi ilə başlayıb.

Yubiley mərasimində Milli Qəhrəman Əsəd Əhmədovun ailə üzvləri - anası Simuzər xanım, bacısı Afidə xanım və qardaşı Elbrus Əhmədov, eləcə də, döyüş yoldaşları, Müdafiə Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Yasamal Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak edib.

Milli Qəhrəmanın bacısı Afidə xanım Əsədlə bağlı xatirələri bölüşərək onun daim döyüş sənətinə maraq göatərdiyini deyib. O, ailəsinə göstərilən diqqət və qayğıya görə, Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə isə Milli Qəhrəmanın şərəfli döyüş yolu barədə ətraflı məlumat verib. Səbayıl tank taborunun sabiq komandiri Hacı Əzimov taborun keçdiyi döyüş yolundan danışlb.

Çıxış edən digər natiqlər də Milli Qəhrəmanımız haqqında fikir və xatirələrini bölüşüb, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən danışıblar.

Qeyd edilib ki, Azərbaycan torpağında Əsəd kimi qəhrəmanlar çoxdur və əgər Ermənistan işğal etdiyi torpaqlarımızı xoşluqla azad etməsə, onların da gücünü görəcək.

Xatırladaq ki, Əsəd Əhmədov 15 iyul 1970-ci ildə Ermənistan SSR-də, Pəmbək mahalının Saral kəndində anadan olub. Hərbi xidmətə 1989-cu ildə Sovet Ordusu tərkibində Almaniyada tank qoşunlarında başlayıb. 1992-ci ilin martında isə Azərbaycan Respublukasının Milli Ordusu sıralarına qatılıb.

O, Səbayıl Tank Taborunun tərkibində Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak edib, Laçın ətrafında 28 soydaşımızın əsirlikdən azad olunmasında xüsusi qəhrəmanlıq göstərib. Ə.Əhmədov 1992-cı il 31 iyulda Papravənd kəndi ətrafında gedən döyüşdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Milli Qəhrəman Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Hazırda paytaxtın Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.


Müəllif: