23 Sentyabr 2015 23:35
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Göygöl rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında həmin rayonun və Gəncə şəhərinin, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşların müraciətləri bərpa müalicəsinə və məşğulluğun təminatına köməklik, mənzil və minik avtomobili ilə təmin olunma, imtiyazlı şəxslərə sanator-kurort göndərişinin verilməsi və digər məsələlərə aid olub. Səlim Müslümov müraciətlərdə qaldırılan məsələlərin diqqətlə araşdırılaraq cavablandırılması, ayrı-ayrı şəxslərin problemlərinin yerindəcə həllini tapması üçün mümkün tədbirlərin görülməsi, bir sıra vətəndaşlara və ailə üzvlərinə onlar üçün münasib olan iş yerlərinə göndərişlərin və qanunvericilikdə nəzərə tutulan qaydada imtiyazlı insanlara sanator-kurort (putyovka) yollayışlarının verilməsi və s. barədə tapşırıqlar verib.

Nazir bildirib ki, bütün sosial proqramlar kimi, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobili ilə təminatı işləri də yüksələn xətlə davam etdirilir: “Respublikada həyata keçirilən uğurlu sosial inkişaf kursunun bir göstəricisidir ki, biz artıq cari il ərzində növbəyə dayanan şəxsləri “Naz-LİFAN” markalı avtomobillə təmin edirik. İlin sonunadək 400 avtomobilin alınması üçün müvafiq vəsait köçürülüb və onlardan artıq 100 ədədi bu günlərdə təqdim olundu, qalan hissəsi də yaxın aylar ərzində qeyd olunan təbəqədən olanlara veriləcək”. Müharibə əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işlərinin də uğurla aparıldığını diqqətə çatdıran S.Müslümov respublikanın bölgələrində tikintisi aparılan fərdi evlərin artıq istifadəyə verilməsinə başlandığını, Gəncə şəhərində, Göygöl, Samux, Daşkəsən, Tərtər rayonlarında da fərdi evlərin inşa edildiyini bildirib.

Bir sıra şəxslərin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarının araşdırılaraq müəyyən olunması, habelə əlillik müayinələrinə cəlb olunaraq müvafiq qərar qəbul olunması barədə göstərişlər verilib. Qəbul zamanı ayrı-ayrı müraciətlər nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı olduğundan onlar aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər