24 Sentyabr 2015 10:59
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komitə rəsmisi: “1,8 milyon hektar ərazini əhatə edən bələdiyyə xəritələri hazırlanıb”

Ötən gün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində Azərbaycan hökuməti ilə Dünya Bankının həyata keçirdiyi “Azərbaycanda Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin başa çatması ilə bağlı layihənin fəaliyyəti dövründə görülmüş işlərə dair yekun ictimai təqdimat keçirilib.

Tədbir Dünya Bankının dəstəyi ilə həyata keçirilən qeydiyyat sisteminin daha da şəffaflaşdırılması və xidmətlərin müasirləşdirilməsi, bu sahədə informasiya texnologiyaları sistemlərinin tətbiqi, elektron xidmətlərin geniş istifadəyə verilməsi və daşınmaz əmlakların, o cümlədən torpaqların elektron kadastr məlumat bazasının və rəqəmsal xəritələrinin hazırlanması istiqamətində görülən işlərə həsr olunub.
Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 140 min daşınmaz əmlak obyekti qeydiyyata alınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 10 faiz üstələyir: “2013-cü ildə Azərbaycanda 90 min, 2014-cü ildə isə 205 min daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Bu layihə sayəsində daşınmaz əmlakın qeydiyyatı prosesi sadələşib və qeydiyyata alınmış daşınmaz əmlak obyektlərinin sayı artıb. İndiyədək 3,5 milyon hektar ərazidə inzibati ərazi sərhədləri artıq müəyyən edilib, sahəsi 1,8 milyon hektar ərazini əhatə edən bələdiyyə xəritələri hazırlanıb.

Ölkədə bütün torpaqların vahid kadastr bazasının yaradılması 2019-cu ilə başa çatacaq. Bu illər ərzində Komitə tərəfindən elektron arxivlər yaradılıb, ərazi idarələrinin binaları inşa olunub, daşınmaz əmlakın qeydiyyatı və kadastr sistemi qurulub. Həmçinin Qafqazda ilk dəfə İnformasiya Texnologiya Mərkəzi binası və informasiyanın saxlanılması üçün Şamaxı Ehtiyat Mərkəzi tikilib. Gələn il Gəncə və Şəki üzrə kadastr məlumat bazası yaradılacaq”.

Sədr müavini deyib ki, Daşınmaz Əmlak Dövlət Komitəsi və Dünya Bankı arasında bağlanmış müqaviləyə əsasən 8 il ərzində xeyli işlər görülüb. Belə ki, Dünya Bankının hər il çap etdiyi “Doing Business” hesabatında 2008-ci ildə 189 ölkə arasında Azərbaycanın yeri 63-də idisə, 2013-2014-cü ildə ilk 10-luğa düşə bilib: “Bu ilin may ayında Əmlak Məsələləri Dövlət Komitəsinin yeni əsasnaməsini təsdiq edən fərman imzalanıb. Yeni əsasnamə ilə Azərbaycanda mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik prinsipinin tətbiqi, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə vahid mərkəzdən nəzarətin həyata keçirilməsi təsbit olunub. Bununla da, əmlak-torpaq idarəçiliyi, eləcə də mülkiyyət məsələlərində dövlət və vətəndaş mənafelərinin təmin olunması sahəsində yeni mərhələnin əsası qoyulub. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin təmin edilməsi daşınmaz əmlakın qeydiyyatında rahatlıq, operativlik və şəffaflığın kifayət qədər yüksəlməsinə səbəb olub”.

Tədbirdə bildirilib ki, komitə tərəfindən artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların və daşınmaz əmlakların elektron kadastr uçotuna alınması həyata keçirilir.

Rafiq Cəlilov qeyd edib ki, 2007-ci ildən etibarən Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış müqaviləyə əsasən icra olunan Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinin başlıca məqsədləri və hədəfləri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı sisteminin müasir standartlar əsasında inkişaf etdirilməsidir: “Eyni zamanda, daşınmaz əmlak bazarının inkişafına, dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi üçün münasib sistemlərin qurulmasına şərait yaratmaq, daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin formalaşmasına yardım göstərməkdir. Layihənin ardıcıl və keyfiyyətli icrası nəticəsində qeyd edilən məqsədlərə nail olunub. Layihə çərçivəsində ölkəmizdə mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin müasirləşdirilməsi və tərəqqisi istiqamətində əldə edilmiş səmərəli nəticələr xüsusilə qeyd olunub, müasir informasiya-kommunikasiya texnologiyaları və elektron innovasiyalar geniş tətbiq edilib, vahid korporativ şəbəkə və mərkəzləşdirilmiş məlumat bazası yaradılıb”.

Tədbirdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko layihənin uğurla həyata keçirilməsi və yekunlaşması ilə bağlı çıxış edib. Layihənin icrası müddətində Dünya Bankı və Əmlak Məsələləri Dövlət Komitəsi arasında qarşılıqlı fəaliyyətə və əldə olunan nəticələrə toxunulub. Layihənin Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsinin inkişafına böyük təkan olduğu, qeydiyyat sisteminin sadələşdirilməsi və müasirləşdirilməsində rolu xüsusi vurğulanıb.

Daha sonra tədbirdə Dünya Bankının layihə meneceri Viktoriya Stenli və Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin (SEKO) proqram üzrə milli nümayəndəsi Zahir Əhmədov çıxış edərək layihənin nəticələri barədə məlumat verib: “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 4 komponent və 22 subkomponentdən ibarət olub. Layihə çərçivəsində Bərdə, Beyləqan, Qəbələ, Xaçmaz və Lənkəranda qeydiyyat idarələri üçün müasir standartlara uyğun yeni inzibati binalar tikilib. Yeni binalarda idarəyə müraciət edən vətəndaşlara yüksək xidmət göstərilməsi üçün çevik və operativ aparılması üçün avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi qurulub. Qeydiyyat üçün tələb olunan müddətlərin mərhələli şəkildə qısaldılmasıdı da həyata keçirilib. Əgər mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların verilməsi 2005-2009-cu illərdə 30-20 gün, 2010-2012-ci illərdə isə 18-14 gün arasında dəyişirdisə, 2013-cü ildən etibarən bu müddət 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə endirilib”.

Xatırladaq ki, layihə çərçivəsində komitə üçün beşillik Strategiya Planı və Birillik Biznes plan hazırlanıb. Daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi aparılıb. Əmlak idarəçiliyi sahəsində mühüm infrastruktur olan ölkənin bütün ərazisində (işğal olunmuş ərazilər istisna olmaqla) 37 Daimi Fəaliyyət Göstərən Geodeziya İstinad Stansiyaları (AZPOS) quraşdırılıb.

Tədbirdə layihə çərçivəsində görülmüş işlər və əldə olunmuş səmərəli nəticələrdən bəhs olunub. Qeyd edilib ki, layihə nəticəsində Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəetmə Sistemi qurulub. Elektron sənəd dövriyyəsi sisteminin, mövcud kağız və mətn məlumatlarının elektron bazasının və qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması təmin olunub.

Tədbirin sonunda qeyd edilib ki, daşınmaz əmlakın qeydiyyatında baş verən yeniliklər, tətbiq olunan innovasiyalar və qeydiyyat prosesinin sadələşməsi ölkədə biznes mühitinin yaxşılaşmasına da töhfəsini verəcək, sosial amillərin güclənməsini, mülkiyyət mənafelərinin və hüquqlarının qorunmasını yüksək səviyyədə təmin edəcək.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər