31 May 2014 22:21
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 31-də Heydər Əliyev Mərkəzində “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin təqdimatı keçirilib.

Teleqraf.com-un məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər. Təqdimatdan əvvəl layihənin əhəmiyyətindən söz açılıb.

Bildirilib ki, geyim mənsub olduğu xalqın əsrlər boyu yaranmış bədii zövqünü, onun mədəniyyətini əks etdirir.

Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış bir sıra parça fraqmentləri göstərir ki, hələ eramızdan əvvəl burada yüksək geyim mədəniyyəti mövcud olub.

Vurğulanıb ki, Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaq məqsədini daşıyır.

Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə edilib.

Diqqətə çatdırılıb ki, milli muzeylərimizin kolleksiyasında zəngin və dolğun təqdim olunan geyimlər, bəzək əşyaları və xalçaçılıq məmulatları məşhur italyan modelyeri Renato Balestranı naxışlarının incəliyi və dekor elementlərinin orijinallığı ilə seçilən Azərbaycan milli qadın geyimlərinin qədim zamanlardan müasir dövrədək inkişafını ehtiva edən kolleksiya yaratmağa sövq edib.

Sonra italyan modelyeri Renato Balestranın kolleksiyasının fəlsəfəsini əks etdirən film nümayiş olunub.
Daha sonra Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdirilib.

Renato Balestranın iştirakı ilə keçirilən dəfilədə 40-dan çox geyim nümunəsi təqdim olunmuşdur. Moda nümayişində tanınmış model İrina Şeyk də səhnəyə çıxıb.

Kolleksiyaya daxil olan libasların hazırlanmasında Azərbaycanın ənənəvi milli geyim naxışları və xalça ornamentlərindən, eləcə də od və nar elementlərindən istifadə edilib.

Renato Balestra layihə çərçivəsində Azərbaycanın milli ornamentlərinin tarixini və xüsusiyyətlərini araşdırmışdır. Şərq koloritindən ilham alan modelyer Azərbaycan milli elementlərini müasir Avropa dəbində tətbiq edib.


Müəllif: