“Azərbaycanda lombardın verdiyi kredit vaxtında ödənilmədikdə, girov predmeti dərhal “batır”.
Halbuki, bu, qanunvericiliyə ziddir. Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən lombard girov predmeti olan əşyanı yalnız açıq hərracdan sata bilər. Bu isə o deməkdir ki, əşyanı girov qoyan (yəni borc alan) özü də açıq hərracdan əldə edə bilər. Lakin lombardlarımız açıq hərrac təşkil etmir. Sadəcə müştərinin əşyasını mənimsəyirlər. Faktiki olaraq oğurlayır”.
Teleqraf.com-un məlumatına görə, bunu hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. Ekspert bildirib ki, Mülki Məcəllənin 302.5-ci maddəsinə görə lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur: “Həmin Məcəllənin 302.6-cı maddəsinə uyğun olaraq isə lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır”.
Lombardların qanunsuz əməlləri bununla bitmir. Əkrəm Həsənov deyir ki, Mülki Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda əşyanın bazar qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Təcrübədə isə lombardlar bir qayda olaraq bu vəzifələrini icra etmir: “Ümumiyyətlə Azərbaycanda lombardların fəaliyyəti qanunsuzdur. Mülki Məcəllənin 302.1-ci maddəsi lombardların fəaliyyətinin lisenziyalaşdırılmasını tələb etsə də, lisenziyanı verməli olan dövlət orqanı hələ də müəyyən edilməyib. Buna görə də lombardlar lisenziyasız və heç bir nəzarət olmadan fəaliyyət göstərir.
Digər tərəfdən, lombardların əksəriyyətinin kapitalı (öz vəsaiti) gülünc məbləğ (2 manatdan 200 manatadək: yəni bunun hesabına kredit verirlər həqiqətən?) təşkil edir. Belə çıxır ki, bizim lombardlar kreditləri öz vəsaitləri deyil, cəlb edilmiş vəsaitlər hesabına verir. Yəni birindən aşağı faiz dərəcəsi ilə borc alıb, digərinə yüksək faiz dərəcəsi ilə kredit verir. Başqa sözlə, əslində bizim lombardlar qanunsuz bank fəaliyyəti ilə, yəni cəlb edilmiş pul vəsaitləri hesabına kredit fəaliyyəti ilə məşğul olur”.
Naibə QURBANOVA