28 Sentyabr 2015 19:09
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ötən dövrü ərzində Səhiyyə Nazirliyinin 9103 “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinə 28 mindən artıq müraciət daxil olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müraciətlərin yalnız 13 faizini səhiyyə müəssisəsələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayəti təşkil edib. Vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində 2015-ci il ərzində səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görülüb.

Nazirlikdən bildirirlər ki, “Qaynar xətt” xidmətinə müxtəlif səpkidə müraciətlər daxil olur: “Misal üçün, həkim resepti əsasında yazılmış istənilən dərman preparatının imtiyazlı qruplara daxil olduğunu bildirilir. Araşdırmadan sonra bunun yanlış olduğu üzə çıxır. Belə olan halda vətəndaşa dövlət tərəfindən təsdiq olunmuş və Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş müvafiq siyahı barədə zəruri məlumat verilir. Yaxud da “Qaynar xətt” xidmətinə müraciət edib aptek müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) üçün sənədlər toplusunu soruşurlar. Bəzən də sadəcə olaraq “Qaynar xətt”ə zəng edib təşəkkürlərini bildirirlər. “Qaynar xətt” və “Elektron Səhiyyə” xidmətlərinə müalicə məqsədi ilə xarici dövlətlərə müəyyən vəsait sərf edib səfər etmiş daha sonra uğursuz nəticələrlə müraciət edənlərdə az deyil. Bu hallarda fəsadlaşma baş verməsinə baxmayaraq, “Qaynar xətt” xidmətinin əməkdaşları müraciət edən şəxsləri Səhiyyə Nazirliyinin baş mütəxəssisləri ilə əlaqələndirir, zəruri müalicənin təyin olunmasını təmin edirlər”.


Məlumatda o da qeyd olunub ki, əvvəlki illərlə müqayisədə xaricdə müalicə üçün müraciətlərin sayı xeyli azalıb: “Hazırda “qaynar xətt”in fəaliyyətinin təkmilləşdirilməsi üzərində işlər gedir, təkliflər hazırlanır. Nəzərə almaq lazımdır ki, “qaynar xətt” xidmətinə kifayət qədər çox müraciət daxil olur. Vətəndaşların zəng növbəsində dayanmaması üçün xüsusi proqram təminatının istifadəyə verilməsi nəzərdə tutulub. Yenilik tətbiq edildikdən sonra 9103 nömrəsinə zəng etmiş, lakin əlaqə yarada bilməyən vətəndaşa “qaynar xətt” xidmətinin əməkdaşı tərəfindən təkrar zəng ediləcək. Beləliklə, müraciətin həll olunması məqsədi ilə bütün zəruri addımlar atılacaq”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər