Yekaterinburq şəhərinin Beynəlxalq sərgi mərkəzində IX Azərbaycan-Rusiya regionlararası forumu öz işinə başlayıb.
“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin tədbir iştirakçılarına məktub ünvanlayıb.
Son illər ərzində regionlararası forumun əhəmiyyətinin daha da artdığına diqqət çəkən Vladimir Putin, bu tədbirin hər iki ölkənin həyatında vacib rol oynadığını qeyd edib.
Tədbirdə Rusiya prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəhbəri Vladimir Çernov, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin, Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, eləcə də bir sıra digər Rusiya və Azərbaycan regionlarının rəhbərləri iştirak edirlər.
Forum çərçivəsində bir sıra sazişlərin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, Rusiya-Azərbaycan forumları 2010-cu ildən, növbə ilə Azərbaycan və Rusiyada keçirilir. Bu forumlar Volqoqrad, Həştərxan, Qəbələ və iki dəfə Bakıda baş tutub.