Ötən ay istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz, qeyd olunan hadisələr nəticəsində xəsarət alanların sayı 7,1 faiz azalıb.
Bunu Dövlət əmək müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə bildirib. O, qeyd edib ki, ümumilikdə bu ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz, həmin hadisələr nəticəsində xəsarət alanların sayında isə 38,3 faiz azalma qeydə alınıb.
Aylıq çərçivəsində müvafiq Tədbirlər Planı əsasında ümumilikdə 107 işəgötürəndə dövlət nəzarəti keçirilib. Bu tədbirlər zamanı 83 halda qanun pozuntusu aşkar edilib və 79 inzibati xəta haqqında protokol tərtib edilməklə 79 nəfər sahibkara qarşı ümumilikdə 179.900 manat məbləğində inzibati cərimə tətbiq olunub.
Həmin nəzarət tədbirləri zamanı vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən 17 sahibkarın da aşkar olunduğunu qeyd edən F.Əlizadə əvvəllərdə olduğu kimi, növbəti “Təhlükəsiz iş aylığı”zamanı işəgötürənlərin maarifləndirilməsi tədbirlərinə də önəm verildiyini bildirib.