Səhiyyə Nazirliyi ürək xəstəliklərinin müalicəsinin effektivliyini daha da artırmaq məqsədi ilə, dünya tibb tələblərinə cavab verən müasir avadanlıqlar, sarğı və dərman preparatları alıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hazırda stasionar tibb müəssisələrində müalicə olunan xəstələr üçün dərman, sarğı, müxtəlif müayinə usulları tam olaraq dövlət vəsaiti hesabına həyata kecirilir.
Ürək-damar sistemi xəstəliklərinin müalicəsi məqsədi ilə həmçinin ölkədə dövlət müəssisələrinin maddi-texniki təchizatı yenilənir, kadrların, həkim heyətinin peşəkarlığının artırılmasına ciddi diqqət ayrılır. Bu tədbirlər çərçivəsində, Elmi-Cərrahiyə Mərkəzinin Ürək cərrahiyəsi şöbəsi əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Əməliyyat və reanimasiya şöbələri yeni dövrün tələblərinə uyğun olaraq təmir olunaraq ən son, müasir tibbi avadanlıqlarla təchiz edilmişir. Mərkəzdə kardioqrafiya, angeoqrafiya və digər müayinələrin keçirilməsi üçün ən müasir avadanlıqlar qoyulub.
Məlumatda ürək-damar cərrahiyyəsindəki uğurlar da vurğulanır, hər il təxminən 450-500 xəstə üzərində dövlət vəsaiti hesabına açıq və qapalı ürək əməliyyatları keçirildiyi bildirlir. Əldə olunan nailiyyətlərin davamlı olması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən zəruri tədbirlərin icrası davam etdiriləcək, səhiyyə müəssisələrinin maddi bazasının yenilənməsinə, kadr potensialının inkişafına olan diqqət artırılacaq.
Naibə QURBANOVA