2 İyun 2014 10:46
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda iş yerlərini dəyişmək istəyən müəllimlər üçün elektron ərizə qəbuluna başlanılıb.

ANS PRESS-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, iş yerinin dəyişdirilməsi üzrə elektron ərizə qəbulu iyunun 10-a kimi aparılacaq.

Azərbaycanda orta məktəblərdə daimi işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə yolu ilə aparılacaq. Müsabiqə elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarət olacaq.

Müəssisələrdə daimi işləyən müəllimlərin bir rayon (şəhər) daxilində yerdəyişməsi yerdəyişmə həyata keçiriləcək müəssisənin direktorunun rəyi nəzərə alınmaqla, tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir. Hər hansı ixtisas üzrə bir vakant yerə yerdəyişmə üçün iki və daha artıq namizəd olduqda, müsabiqə komissiyası təhsil və peşəkarlıq səviyyəsini, digər zəruri halları (hərbçi ailəsi, azyaşlı övladları olması, xəstə ailə üzvünə qulluq, ailə qurmaqla əlaqədar yaşayış yerini dəyişmə və s.) araşdırmaqla müvafiq qərar qəbul edir.

Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər.

Qeyd edək ki, Azərbaycanda müəllimlərin yerdəyişməsi üzrə müsabiqə ilk dəfə aparılır.


Müəllif: