6 Oktyabr 2015 10:49
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Beynəlxalq Dini Etiqad Azadlığı ofisinin nümayəndələri Daniel Nadel və xanım Steysi Bernard Deyvisi qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri, habelə hal-hazırda dünyada cərəyan edən hadisələr, təhlükəli tendensiyalar və onların fəsadlarının qarşısının alınması ətrafında fikir mübadiləsi aparılıb.

A.Paşazadə bu yaxınlarda Nyu-Yorkda “Vicdana çağırış” Fondunun yubiley tədbirində iştirak etdiyini və burada keçirdiyi bir sıra görüşlər haqqında məlumat verib. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayan şeyxülislam ali mənəviyyat mənbəyimiz olan dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışıb. O vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub: “Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Azərbaycanda dini dözümlülük ənənələrindən danışan A.Paşazadə deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar, heç bir vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan şeyxülislam ölkəmizin bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tarixi, dini, mədəni abidələrin məhv edildiyini diqqətə çatdırıb.

Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu, dini abidələrin qorunduğunu söyləyib. O, Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, bu ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını diqqətə çatdırıb. Səfir Azərbaycanda iştirak etdiyi iftar süfrəsinin olduqca böyük önəm daşıdığını və ən xoş təəssüratlara səbəb olduğunu xüsusi vurğulayıb.

Daniel Nadel, xanım Steysi Bernard Deyvis təmsil etdikləri qurumun fəaliyyəti barədə məlumat verib, bu səfərin əhəmiyyətli olacağını söyləyiblər. Azərbaycandakı mövcud tolerantlıq mühitini yüksək qiymətləndirən qonaqlar diqqətə çatdırıblar ki, səfər zamanı ölkəmizin bu sahədəki təcrübəsini öyrənmək niyyətindədirlər. Onlar bildiriblər ki, ABŞ hər zaman dialoq və qarşılıqlı əməkdaşlıq tərəfdarı kimi çıxış edir və əmindirlər ki, bu səfər Azərbaycanla ABŞ arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.

Görüşdə iştirak edən Azərbaycandakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakıdakı katolik icmasının rəhbəri Vladimir Fekete, Bakı və Azərbaycan Yeparxiyasının təmsilçisi keşiş Konstantin, Avropa Yəhudiləri İcmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etmələrinə, müxtəlif millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayıb çalışmalarına lazımi şərait yaradıldığını bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar. Tarixi-mədəniyyət abidələrinin, müsəlman məscid və ziyarətgahlarının, yəhudi, xristian məbədlərinin bərpası və təmiri – bütün bunlar Azərbaycan reallıqlarını əks etdirən sağlam dini-mənəvi vəziyyətin göstəricisidir.

Çıxış edən dini icma rəhbərlərinin ümumi istəyi bundan ibarət oldu ki, ABŞ Dövlət Departamentinin müvafiq hesabatları hazırlanarkən, Azərbaycanda müşahidə olunan həqiqətlər, dini icmaların real həyatları öz əksini tapsın. Əks təqdirdə, belə hesabat sənədləri qərəzli kimi qiymətləndirilir və dindarların narazılığına səbəb olur.

Daha sonra A.Paşazadə xüsusi vurğulayıb ki, dünyada gedən proseslərin mənfi fəsadlarının qarşısının alınmasında dini liderlərin birgə əməkdaşlığının önəmi böyükdür. O bildirib ki, dini liderlərin istinad etdikləri məhək dəyərlər sülh, əməkdaşlıq və əmniyyətə xidmət edir və mömin insanlar heç zaman qarşıdurma tərəfdarı ola bilməzlər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər