8 Oktyabr 2015 13:22
417

Noyabrın 1-də Milli Məclisə növbəti seçkilər keçiriləcək. Seçkilər yaxınlaşdıqca KİV-lərdə müxtəlif səpkili fikirlər səslənir. Bu fikirlər bəzən cəmiyyətdə ajiotaj yaratmağa, ictimai rəyi çaşdırmağa yönəlir. Bəzi hallarda cəmiyyətin dindar kəsimini düşünülmüş şəkildə bu çirkin niyyətlərə alət etmək cəhdlərinə də rast gəlinir. Ayrı-ayrı şəxslər dindarlar adından çıxış edərək, onların səsvermədə iştirak etməyəcəkləri və seçkiləri boykot edəcəkləri haqqında iddialar səsləndirirlər.

Milli Məclisin sonuncu sessiyasında aparılan müzakirələrdə millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev də dedi ki, dini sahəyə ciddi nəzarətin olmasına ehtiyac var: "Dini təşkilatlar son zamanlar bəyanat veriblər ki, seçkiləri boykot edəcəklər. Mən azı iki belə dini təşkilatın adını çəkə bilərəm. Əslində, onlar QHT-lərdir və belə bir səlahiyyətləri yoxdur. Bununla bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinə müraciət etməli və belə qurumların fəaliyyəti dərhal dayandırılmalıdır. Təklif edirəm ki, komitəyə belə bir səlahiyyət verilsin. Son zamanlar mətbuatda dini ekspert kimi çıxış edənlər müəyyən siyasi bəyanatlar verirlər. Buna misal olaraq, bu yaxınlarda həbsdən çıxan şəxslərdən birini qeyd edə bilərəm. Hesab edirəm ki, bu, birbaşa siyasi fəaliyyətlə məşğul olmaqdır. Məncə, artıq zamanı çatıb ki, bu sahə ilə bağlı da qanunvericilik sahəsində addımlar atılsın".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən Rüstəm Ramazanov da qeyd edib ki, bəzi dairələrin reallığı əks etdirməyən bu cür fikirlər yayması qəbuledilməzdir: "Çoxəsrlik tarixi köklərə malik mənəvi dəyərlərimiz və onun özəyini təşkil edən müqəddəs dinimizdən belə uğursuz cəhdlərdə vasitə kimi istifadə olunması təşəbbüsü dərin təəssüf hissi doğurur. Ölkə hüdudlarından kənarda özlərinə havadarlar axtaran, dini siyasiləşdirən şəxslərin, xüsusilə parlament seçkiləri öncəsi Azərbaycan dindarları adından əsassız fikirlər səsləndirməsi bəzi dairələrin bəd niyyətləri üçün dini inancdan yararlanmaq istəyindən xəbər verir".

R.Ramazanov bildirib ki, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycanda hansısa şəxsin, xüsusilə də əsl məqsəd və məramları bəlli olmayan dairələrin təsirində olan qeyri-legitim qurumlar, yaxud özlərini belə qurumların "rəhbər"ləri kimi təqdim edənlərin ölkə dindarları adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı var: "Eyni zamanda, özlərini "din alimi" kimi təqdim edənlərin başqalarının adından qeyri-obyektiv fikirlər yaymaq cəhdləri özlüyündə mənəvi və hüquqi məsuliyyət məsələsidir. Bu mövzuda çoxkonfessiyalılığı ilə səciyyələnən ölkəmizdə mövcud olan dini mərkəz, dini konfessiyalar və onların rəhbərləri münasibət bildirə və dindarlar adından danışa bilərlər. Birmənalı şəkildə demək olar ki, respublikamızda fəaliyyət göstərən dini icma və qurumlar seçki prosesində yaxından iştirak etməklə, özlərinin vətəndaşlıq borcunu yerinə yetirəcək. Azərbaycan dövləti bütün sahələrdə uğurla inkişaf edir və seçicilər inkişafa, rifaha, sabitliyə səs verəcəklər".

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirdi ki, son bir neçə ildə bir qrup ibadət edən adamlar dindarlar adına kütləvi müraciətlər edirlər. O, bunun yolverilməz olduğunu qeyd etdi: "İslama xidmət edən şəxs heç vaxt ona verilməyən səlahiyyətdən sui-istifadə edə bilməz. Bu dini baxımdan ən böyük günahlardan biridir. Ola bilər ki, dindar olan və olmayan vətəndaşlar hansısa millət vəkilindən razı qalmasın. Amma bunun bir şəxs tərəfindən yüz minlərlə insanın adından deyilməsi, çağırış etməsi dinimizin prinsipləri ilə uyğunluq təşkil etmir. Kim hansısa namizədi istəmirsə, seçki məntəqəsinə gedib, həmin xoşlamadığı namizədə deyil, özünün seçdiyi, bəyəndiyi insana səs verə bilər. Bu, ədalət baxımından ən gözəl seçimdir".

C.Əzimbəyli deyib ki, bütöv ölkə üzrə dindarlar adından çağırış etmək üçün müəyyən kriteriyalar var: "Bunun üçün həm mənəvi, həm də hüquqi baxımdan səlahiyyətə sahib olmaq lazımdır. Bu gün Azərbaycandakı tolerantlığın, milli, mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Azərbaycan dövlətidir. Mövcud tolerantlığı pozmaq istəyən qüvvələrə azərbaycanlı dindar bacı və qardaşlarımız xüsusi həsaslıqla yanaşaraq, onlara fürsət verməməlidir".

BƏXTİYAR


Müəllif:
Загрузка...