8 Oktyabr 2015 11:33
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Vaşinqton və Annapolis şəhərlərində Azərbaycana həsr olunmuş tədbirlər keçirilib. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

ABŞ paytaxtının əsas diplomatik nəşri olan “The Washington Diplomat” qəzeti tərəfindən 6 oktyabr tarixində Vaşinqtonda Azərbaycana aid seminar keçirilib. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla açıq müsahibə formatında keçirilən tədbirdə Vaşinqtonun siyasi, diplomatik və biznes dairələrinin çoxsaylı nümayəndələri iştirak edib. “The Washington Diplomat” qəzetinin bu yeni təşəbbüsünün ilk tədbiri məhz Azərbaycana həsr olunub.

Bir gün sonra səfir E.Süleymanov Merilend ştatının paytaxtı olan Annapolis şəhərinin Beynəlxalq Klubunun yüzdən artıq üzvü qarşısında sonuncuların dəvəti ilə çıxış edib.

Vaşinqtonda keçirilmiş tədbir zamanı qəzetin aparıcı jurnalisti olan Lari Luksnerin suallarına cavab verərək səfir, Azərbaycanın müstəqilliyinin yenidən bərpa edildiyindən sonra ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində gözəçarpan inkişaf yolu qət etdiyini bildirib, ölkənin nailiyyətlərindən söz açıb. Hər iki tədbirdə, diplomat Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti kimi irimiqyaslı layihələrin uğurla həyata keçirildiyinin yalnız Azərbaycan deyil regionun digər ölkələrinin inkişafına da töhfə verdiyini qeyd edib.

Azərbaycanın iqtisadi inkişafından bəhs edən səfir ölkənin zəngin neft və təbii qaz ehtiyatlarına malik ölkə kimi tanındığını, Prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində əsas prioritetlərdən birinin bu ehtiyatların ixracından əldə edilən gəlirlər əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsinin olduğunu bildirib və bu siyasətin uğurla həyata keçirildiyini vurğulayıb. Azərbaycanda və ölkənin iştirakı ilə regionda böyük infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. tikintisinin həyata keçirildiyi tədbirlərin iştirakçılarının diqqətinə çatdırılıb.

Diplomat eyni zamanda, Azərbaycanın dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik ölkə kimi tanındığını, burada müsəlman, xristian və yəhudilərin əsrlər boyu tolerantlıq və dostluq şəraitində yaşadıqlarını söyləyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək səfir E.Süleymanov Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri, o cümlədən münaqişə ilə bağlı BMT TŞ-sı və digər beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra sənədlər barədə geniş məlumat verib. Münaqişənin həlli barədə suallara cavab verərək o bildirib ki, münaqişənin həlli formulası hamıya bəllidir və masa üzərindədir, bu ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılması və oradan qovulmuş bir milyon qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Diplomat qeyd edib ki, beləliklə münaqişənin həlli üçün çatışmayan yeganə amil hal-hazırda yalnız Ermənistan rəhbərliyinin, o cümlədən Ermənistan xalqının gələcəyi və ölkənin inkişafı naminə onun həll edilməsi üçün siyasi iradəsinin olmamasıdır.

Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri barədə danışan səfir E.Süleymanov bildirib ki, seçkilərlə bağlı Milli Məclisdə nəzərdə tutulan 125 deputat yerinə 1000-ə yaxın nümayəndənin namizədliyi irəli sürülüb və hər bir namizədin seçki kampaniyası üçün müvafiq şərait yaradılıb, o cümlədən ictimai mediada təmənnasız efir vaxtı ayrılıb, həmçinin seçkilərin şəffaf və demokratik şəraitdə keçirilməsinin təmin edilməsi üçün ölkədə lazımi tədbirlər görülməkdədir.

Regionda və dünyada baş verən hadisələrlə bağlı sualları cavablandıran diplomat qeyri-sabitlik, aqressiv separatçılıq və ekstremist hərəkatlar tərəfindən mövcud olan təhlükəni vurğulayıb. Dünyada dəyişən mühitdə ABŞ tərəfindən daha strateji və praqmatik yanaşmanın vacibliyini vurğulayan səfir, ABŞ-ın tərəfdaş dövlətləri, o cümlədən Azərbaycanla daha aydın, obyektiv və konstruktiv siyasətin aparılmasının əhəmiyyətini bildirib. Dilplomat qeyd edib ki, ikili standartlar və səthi yanaşmalar regionun inkişafına mənfi təsir göstərir.


Müəllif:

Oxşar xəbərlər