8 Oktyabr 2015 14:50
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın verdiyi açıqlama doğrudan da bizdə təəccüb doğurdu, çünki belə bir qurumun baş katibinin Azərbaycanda dialoqa, əməkdaşlığa və tərəfdaşlığa qarşı çıxması normal hal sayıla bilməz”.

Bunu Trend-ə Milli Məclisin deputatı, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Azay Quliyev Avropa Şurasının baş katibi T.Yaqlandın Nazirlər Komitəsinin Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupundan öz nümayəndəsinin geri çağrılması barədə qərarına münasibət bildirərkən deyib.

A.Quliyev vurğulayıb ki, Avropa Şurasının və ümumiyyətlə beynəlxalq təşkilatların, əməkdaşlıqla və tərəfdaşlıqla məşğul olan və bu prinsipi əsas tutan, cəmiyyətdə daim harmoniyanı, ictimai barışı təbliğ edən qurumların nümayəndələrinin belə bəyanat verməsi doğrudan da təəssüf hissi doğurur: “Bu, belə bir anlamda qəbul olunur ki, bu adamlar doğrudan da öz mandatlarını mənfi istiqamətə, dialoqa, ictimai anlaşmaya, ictimai barışa qarşı, insan haqlarının müdafiəsinə deyil, tam əksinə, insan haqlarının müdafiəsi istiqamətində atılan addımlara qarşı istifadə edirlər. Bu, təbii ki, çox üzücüdür, mən bunu çox yanlış hal kimi hesab edirəm”.

A.Quliyev bildirib ki, Avropa Şurası belə bir addım atmaqla əsl mahiyyətini bir daha göstərmiş oldu: “O ki qaldı bunun səbəblərinə, bu gün təəssüflər olsun ki, antiazərbaycan qüvvələri fəallaşıblar, öz fəaliyyətlərini koordinasiya ediblər. Şübhə etmirəm ki, Turbyorn Yaqland da məhz bu təsir altında, həmin antiazərbaycan qüvvələrinin və şəbəkənin bilavasitə təlimatı ilə belə bir əsassız addım atıb. İnsan Haqları üzrə İşçi Qrupu çox məhsuldar fəaliyyətləri ilə yadda qalıb. Bu qrup çox mühüm işlər görüb. Məsələn, 2005-ci ildə yaranan işçi qrup qısa müddət ərzində özünü göstərib. İşçi qrupunun təklifi ilə 150-ə yaxın məhkum azad edilib. 2014-cü il oktyabrın 22-də fəaliyyəti bərpa olunduqdan sonra da təxminən 16 nəfər məhkumun azad olunması, bir nəfərin isə cəza müddətinin aşağı endirilməsi ilə bağlı işçi qrupunun təklifləri nəzərə alınıb. Azərbaycanda çox yaxşı dialoq mühiti formalaşıb. Buna qarşı çıxmaq anormallıqdır, qəbuledilməzdir”.

A.Quliyevin sözlərinə görə, bu gün belə çıxır ki, Avropa Şurası Azərbaycanda insan haqları ilə bağlı yaradılmış milli mexanizmin efektivliyini və ümumiyyətlə, milli mexanizmin olmasını qəbul etmir: “Onlar insan haqları məsələlərinin Azərbaycanın daxilində həll edilməsinin tərəfdarı deyillər. Ona görə də onlar buradan Yaqlandın nümayəndəsini geri çəkməklə, bu məsələnin beynəlxalq müstəviyə çıxarılmasına, bundan istifadə edərək Azərbaycana təzyiqlərin davam etdirilməsinə bir növ rəvac vermiş oldular. Əminəm ki, Avropa Şurasının Parlament Assambleyası da Yaqlandın bu məntiqsiz addımına öz siyasi qiymətini verəcək”.

A.Quliyev əlavə edib ki, Yaqland, Avropa Şurası oldu-olmadı, Azərbaycan insan haqları və vətəndaş cəmiyyəti institutları ilə bağlı daim həssaslıq nümayiş etdirib və bu gün ölkədə hakimiyyətlə vətəndaş cəmiyyəti institutları arasında çox yaxşı anlaşma, dialoq, əməkdaşlıq mühiti var: “Yaqlandın nümayəndəsi burada oldu-olmadı, işçi qrupu işini davam etdirəcək, dövlətlə cəmiyyət arasındakı bu anlaşma, ictimai barış daha da möhkəmlənəcək. Sadəcə olaraq, biz istəyirdik ki, Avropa Şurasının da nümayəndəsi burada olsun, bir növ Avropa Şurası ilə, beynəlxalq təşkilatlarla biz əməkdaşlığımızda nə qədər sədaqətli, səmimi olduğumuzu göstərirdik. Onların da burada olması ilə müəyyən mənada Avropa Şurası ilə Azərbaycanın işçi qrupu arasında bir koordinasiyanın, əməkdaşlığlın olmasını istəyirdik. Bir halda ki, bunlar birtərəfli qaydada bu əməkdaşlıqdan imtina edirlər, bundan yalnız Avropa Şurasının özü uduzacaq. Biz onsuz da işimizi davam etdirəcəyik”.


Müəllif:

Oxşar xəbərlər