Ötən ay dövlət sərhədini pozduqları üçün 31 halda 49 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan, 7-i Əfqanıstan, 6-ı Banqladeş, 5-i İran, 3-ü Malaziya, 2-i Özbəkistan, 2-i Gürcüstan, 2-i Pakistan, 2-i Şri-Lanka, hər ölkədən bir nəfər olmaqla Qırğızıstan, Tacikistan, Suriya və Böyük Britaniya vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizində 22 halda 41 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 395 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 18 halda 12 kiloqram 350,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 47 halda ümumi dəyəri təqribən 177 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd pnevmatik tapança, pnevmatik tapança üçün 250 ədəd qırma, 4 ədəd elektrokeyləşdirici, 1 ədəd gözyaşardıcı qaz balonu, 257 ədəd 12 mm-lik patron, 1 ədəd beşbarmaq, 2 ədəd radiostansiya, 28 ədəd mobil telefon, 544 qutu pirotexniki vasitələr, 1354 qutu siqaret, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.
BƏXTİYAR