13 Oktyabr 2015 10:58
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ənənəvi olaraq hər il Bakıda keçirilən bal yarmarkası bu il bir qədər ləngidi. Səbəb odur ki, arıçılar üçün sentyabr ayı daha əlverişlidir, çünki arı məhsullarının hazırlıq dövrüdür. Həm də arıçılar hesab edir ki, paytaxtda oktyabr ayında bal yarmarkasına alıcı cəlb etmək sentyabr ayına nisbətən daha asandır.

Zona məlumat bazası yaradılıb

Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov yarmarkanın açılışı zamanı bildirdi ki, ötən il yol verilmiş nöqsanların bu il təkrarlanmaması üçün müəyyən addımlar atılıb.

Onun sözlərinə görə, bu ildən arıçılıqla məşğul olanların məlumat bazasını formalaşdırılıb. Yarmarkaya müraciətlər həmin məlumat bazasında yoxlanılıb, arıçılıq nümunələrinin zona baytarlıq analizləri aparılıb, müsbət rəy verilənlər anbara təhvil verilib: “Bu il arıçıların təklifinə əsasən, satışı bölgələr üzrə təşkil etmişik. 7 iqtisadi rayon üzrə qruplaşdırma aparılıb”.

İxrac üçün bal qablaşdırılacaq

Arıçılığın kənd təsərrüfatının ən gəlirli sahələrindən olduğunu, son 10 ildə arı ailələrinin sayının 2.4 dəfə artdığını deyən nazir müavini əlavə etdi ki, 2014-cü ilin məlumatına görə, ölkədə 438 min başdan çox arı ailəsi var: “Nazirliyin Heyvandarlıq İnstitutunun nəzdində arıçılıq mərkəzi formalaşdırılıb. Məqsəd arıçıların yalnız bal istehsalı ilə deyil, ana arıların yetişdirilməsi, beynəlxalq təcrübədə istifadə olunan metodların tətbiqi, qablaşdırma aparılmasını təmin etməkdir.

Bu sahədə xüsusi layihəsi olan arıçıların biznes-planlarını qəbul edirik. Beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində arıçılara maliyyə ayrılacaq. Məqsəd balın yalnız böyük şüşə qablarda istehlakçıya təqdim edilməsi deyil, həmçinin kiçik qablaşdırmalarda istifadəyə vermək, bundan sonra xarici ölkələrə ixracatını təmin etməkdir".

Saxta bal satışının qarşısını almaq üçün...

Arıçılar ötən illə müqayisədə bu il yaradılmış şəraitdən razılıq edirlər. Qax Arıçılar Birliyinin üzvü Mahmud Qurbanovun sözlərinə görə, ötən illə müqayisədə bu il bal yarmarkası bölgələr üzrə aparılır. Bu il yarmarkaya satışına icazə verilən bal bidonlarının hər biri analizə verilib, tərkibi öyrənilib: “Bu da saxta bal satışının qarşısını almağa şərait yaradır.

Əvvəllər bir bidondan analiz verilirdisə, indi hər bidondan nümunə götürüldü, həm yerlərdə, həm də Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyalarında yoxlamalar aparıldı və müvafiq sertifikat verildi. Yarmarkada diastazası “0" göstərən bal istehsalçısını bazardan çıxardılar”.

Bal arısının sevimli esparset bitkisi

Arıçılığın inkişafı üçün məhsuldarlığı artıran bitkilərin yetişdirilməsi vacib amillərdəndir. Mahmud Qurbanovun sözlərinə görə, bu ənənə əvvəllər də olub: “Bizə təklif edildi ki, Oğuz rayonunda bir fermerin 20-30 hektar torpaq sahəsi var, oranı 3 min manata icarəyə götürək. Yüksək bal məhsuldarlığı üçün esparset bitkisi var, o bitkinin becərilməsi ilə məşğul olaq.

Sözün doğrusu, maddi vəsait üzündən bu təklifi qəbul edə bilmədik. Belə təkliflərin qiymətləndirilməsi daha böyük arıxanaları olan sahibkarlar üçün daha əlverişlidir".

Yarmarkada arıcılar azalsa da, məhsuldarlıq artıb

Ötən il yarmarkaya 438 arıçı müraciət etmişdisə, bu il 380 arıçı məhsul təqdim edib.
Lerik rayonundan gəlmiş Xanağa Hüseynovun sözlərinə görə, yarmarkada ötən illə müqayisədə bu il daha çox və daha keyfiyyətli məhsul var, çünki məhsuldarlıq yüksək olub. “Məsələn, mən ötən ilə nisbətən hər arı yeşiyindən 20 kiloqram artıq bal götürmüşəm. Bu mövsüm havalar ötən illə müqayisədə mülayim keçdi. Həm məhsuldarlıq yüksək oldu, həm də məhsulun keyfiyyəti”.

Diastazası 21 olan bal ən keyfiyyətlidir

Balın yüksək keyfiyyətdə olmasının diastazasının yüksək olması ilə əlaqələndirən arıçı bildirdi ki, hazırda bazarda 18 diastazada olan bal var: “Nazir müavini özü də çıxışında bildirdi ki, bizdə elə bir laborator avadanlıq yoxdur ki, balın tərkibini yüksək səviyyədə və dəqiq müəyyənləşdirsin. Nazirlik rəsmiləri ona görə də diastazası 5-dən yuxarı olan balları bazara buraxıb, amma əmin ediblər ki, gələn ildən elə avadanlıqlar gətiriləcək ki, balın diastazasını, şəkərliliyini və digər mühüm göstəricilərini tam dəqiqliklə müəyyən etsin.

Məndə olan məlumata görə, gələn il diastazası 8-dən yuxarı olan məhsullar yarmarkaya buraxılacaq. Bildiyimə görə, hazırda dünya standartı üzrə ən yüksək diastaza 20-21 arasıdır.".

30 bidon saxta bal haradan daxil olub?

Arıçılar bazarda qırğız balı adı ilə, arıçılıqla məşğul olmayan azərbaycanlıların Rusiyadan bal idxal edib bazarda satışa çıxardıqlarını da bildirdilər.

Onu da qeyd etdilər ki, arıçılıqla məşğul olmayan ayrı-ayrı şəxslər yarmarkanın anbarına oktyabrın 11-dən 12-nə keçən gecə 30 bidon bal gətiriblər Onlara sərgidə satış üçün yer də ayrılması nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümayəndəsi Rahib Abdullayev deyilən fikirləri təkzib etdi. Bildirdi ki, yararsız məhsul yarmarkaya buraxılmayıb: “Respublika baytarlıq laboratoriyasında təkrar analiz aparılarkən, 6 sahibkarın bal nümunələri keyfiyyətsiz olduğu üçün, diastazası 5-dən də aşağı olduğuna görə onların məhsullarını yarmarkadan kənarlaşdırılıb.
Hər gün saat 9-un yarısından nümayəndlərimiz qapı önündə dayanır. Qarantin polisi və Sabayel rayon polis əməkdaşları gündəlik yarmarkanı nəzarətdə saxlayır. Bundan əlavə Respublika Baytarlıq Laboratoriyasının, Baytarlıq Nəzarəti Xidməti, Fitosanitar Nəzarət Xidmətinin nümayəndələri yarmarka fəaliyyətdə olduğu müddətdə burada nəzarət aparırlar. Yarmarkanın anbarına saxta məhsul daxil olsa, nümayəndələrimiz dərhal xəbər tutar".

İstehlakçı sertifikat tələb etsin

Rahib Abdullayev dedi ki, yarmarkaya müraciət edən arıçı üçün şəxsiyyət vəsiqəsinin surəti, arıxananın baytarlıq-sanitariya pasportu, yəni şəhadətnaməsi, rayon baytarlıq idarəsindən verilən baytarlıq şəhadətnaməsi (Forma 2), sərgi-satış yarmarkasına gətirilmiş arıçılıq məhsullarının Zona Baytarlıq Laboratoriyasında müayinə barədə ekspertiza rəyi tələb olunur: “İstehlakçının tam hüququ var ki, bu ekspertiza rəyini, sertifikatı arı məhsulları satıcısından tələb etsin”.

Rahib Abdullayev onu da dedi ki, növbəti ildən balın qablaşdırması problemi də həll olunacaq: “Qax, Masallı, Yardımlıda arıçılar cəmiyyəti var, o cəmiyyətin üzvləri, eləcə də digər rayonların arıçıları ilə söhbətlər aparılıb. Növbəti ildən bu problem də aradan qaldırılacaq”.

Tarlalarda zəhərli pestisidlər yoxdur

Fitosanitar Nəzarət Xidmətinin nümayəndəsi isə bildirdi ki, əvvəlki illərlə müqayisədə arıların nektar çəkdiyi bitki tərkibi daha keyfiyyətlidir: “Çünki sovetlər dönəmində tarlalara kütləvi şəkildə, özü də normadan artıq pestisidlər, herbisidlər səpilirdi. Hazırda belə hallar yoxdur deyə, arının bitkilərdən çəkdiyi nektarda kimyəvi tərkibli maddələrə rast gəlinmir.

Digər tərəfdən, arı elə bir canlıdır ki, haramçılığı sevmir. Harda haramçılıq oldu, arı o mühitdə məhv olur. Ona görə də hər bir arıçı yüksək məhsuldarlıq əldə etmək üçün çalışır ki, arı təbii mühitdə qidalansın".
Yarmarkada bal alıcılara 15 manatdan 50 manatadək qiymətlərlə təklif olunur.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər