2 İyun 2014 15:49
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu ilin iyun ayında daha 5 rayonda (Qax, Daşkəsən, Ağstafa, Qazax, Tovuz) əmək yarmarkaları keçirməyi planlaşdırır.

Teleqraf.com-un məlumatına görə, yarmarkalarda həmin rayonların məşğulluq mərkəzləri tərəfindən toplanmış boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirlərdə vakant iş yerləri təqdim edən müəssisələrin nümayəndələrinin iştirakı da təmin olunacaq.

Cari ilin yanvar-may aylarında Bakıda, respublikanın 6 rayon və şəhərində (Şəmkir, İsmayıllı, Yardımlı, Naftalan, Qobustan, Şəki) keçirilən əmək yarmarkalarında ümumilikdə 919 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib.

Yarmarkalar zamanı 117 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaları üçün qeydiyyata alınıb.

Qeyd olunan müddətdə məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə ayrı-ayrı ali təhsil müəssisələrində keçirilən aktiv məşğulluq tədbirlərində isə vakant iş yerlərinə göndəriş verilənlərin sayı 619 nəfər, peşə hazırlığı kurslarına cəlb olunanların sayı 163 nəfər, əmək birjasında qeydiyyata alınanların sayı isə 132 nəfər təşkil edib.

İşəgötürənlər tərəfindən gələcəkdə kadr seçiminin aparılması üçün ümumilikdə 2560 nəfər tələbə və məzundan CV-lər qəbul edilib.

Naibə


Müəllif: