15 Oktyabr 2015 11:14
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burada kölgələr də satılır

"Ekoleks" Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi "Çimərliklərdə aparılan monitorinqin nəticələri və beynəlxalq standartların tətbiqi üçün tövsiyələr" mövzusunda seminar keçirib. İctimai Birliyin rəhbəri Sevil İsayevanın verdiyi məlumata görə, seminar "Turizm obyektlərinin ekoloji monitorinqi və sahibkarların, dövlət nəzarət orqanlarının, ictimaiyyətin beynəlxalq ekonişanlama vasitələri barədə məlumatlandırılması" layihəsi çərçivəsində təşkil olunub.

Seminarda mərkəzin ekspertləri yeri icra hakimiyyəti və bələdiyyələrin iştirakı ilə Sumqayıt və Bakı şəhərlərinin, eləcə də Xaçmaz rayonunun ərazilərində yerləşən çimərliklərdə ekoloji monitorinqin nəticələri barədə məlumat veriblər.

"Mavi bayraq" beynəlxalq standartı

Seminarın eksperti Samir İsayevin qəzetimizə verdiyi məlumata görə, monitorinq beynəlxalq "Mavi bayraq" standartlarına uyğun olaraq 31 meyar üzrə ekoloji maarifləndirmə və məlumatlandırma, suyun keyfiyyəti, ətraf mühitin idarəetməsi, təhlükəsizlik xidmətləri kimi 4 mühüm sahəni əhatə edib: "Məqsəd çimərliklərimizin beynəlxalq standartlara uyğun olub-olmadığını müəyyənləşdirmək idi. Monitorinq zamanı bir çox çimərliklərin beynəlxalq standartların əksər meyarlarına uyğun gəlmədiyi aşkarlandı. Bütövlükdə götürəndə bizim çimərliklər beynəlxalq standartlar üzrə meyarların maksimum 10-na cavab verə bilir".

Ekspert qeyd etdi ki, dünyanın hər yerində çimərliklərlə bağlı saytlar fəaliyyət göstərir. Saytlarda yerləşdirilən məlumatlar çimərliklərin də məlumat lövhlərində əksini tapır: "Bu məlumatlarda tullantılar necə idarə olunur, çirklənmədən necə mühafizə edilir, suyun keyfiyyəti, suyun dərinliyi, burulğanların olub-olmaması, çimərliyin xəritəsi, çimərliklərdən istifadəyə görə qanunvericiliyin tələbləri qeyd edilir. Bizdə nə belə saytlar var, nə də məlumatlar".

Suyun keyfiyyəti mühümdür

Çimərliklərdə suyun keyfiyyətinin mühüm məsələ olduğunu vurğulayan ekspert bildirdi ki, Azərbaycanda ildə bir dəfə Səhiyyə, Mədəniyyət və Turizm nazirlikləri mövsüm başlayanda hansı çimərliyin istifadəyə yararlı olub-olmaması haqda məlumat verirlər. Ancaq suyun keyfiyyəti barədə ətraflı məlumatlar verilmir: "Məsələn, elə insanlar var, dərisi allergikdir, suyun çirklənməsinə, suyun tərkibində olan mikroelementlərə çox həssasdır.

Xaricdə belə təcrübə var, sanitar-epidemioloji həkim suyun keyfiyyəti ilə bağlı analiz aparıb çimərliklərə sənəd təqdim edir. Sənəddə suyun tərkibindki mikroelementlərin miqdarı, yolverilən həddi, kanalizasiya sularının çimərliyə təsiri və sair parametrlər qeyd olunur. Məlumatlar çimərlik lövhələrinə də yazılır".

Kanalizasiya suları dənizə axıdılır

Bakıda Xəzərətrafı çimərliklərin böyük əksəriyyətinin ətrafında bağ evlərinin olduğunu deyən ekspert bildirdi ki, yaşayış obyektlərinin tullantı suları da çimərliklər üçün problemlər yaradır: "Doğrudur, Ekologiya və Təbii Sərvətlər Nazirliyi lokal təmizləyicilər quraşdırmaqla bağ yerlərindən tullantıların, çirkab suların toplanıb, təmizlənib dənizə verilməsini təmin edib. Amma bəzi yerlərdə belə qurğular işləmir. Məsələn, Nabranda yolun kənarında 10 il "Azərsu" mərkəzləşmiş qaydada böyük su təmizləyici qurğu istifadəyə verib, binasının təntənəli açılışı da olub, amma o qurğu bu gün fəaliyyətsizdir. Kanalzasiya şəbəkəsi olmadığı üçün əhali şambo və quyulardan istifadə edir ki, bu tullantı suları da yeraltı olaraq istirahət zonasında dənizə axır".

Çimərliklərdə hamam, tualet xidmətinin ödənişli olmasının da bəzi problemlər yaratdığını deyən Samir İsayevin sözlərinə görə, başqa ölkələrin çimərliklərində tualet, hamam xidmətlərinə görə pul alınmır: "Bizdə bu xidmətlərə görə 50 qəpik, 1 manat alınır. 5 ailə üzvü ilə istirahətə gələn adam bu ödənişləri edə bilmir. O zaman tualet ehtiyaclarını necə ödəyir? Bu hallar da çimərliklərdə antisanitariya vəziyyəti yaradır.

Monitorinq zamanı ev heyvanlarının - itin, atın, inəyin çimərliklərə gətirilməsi hallarının da şahidi olduq ki, bunlar da yolverilməzdir".

Çimərliklərin idarə olunması

Çimərliklərin idarə olunmasında problemlərdən danışan ekspert dedi ki, Azərbaycanda çimərliklərdə dövlət qurumların, xidmət sahələrinin rolu da öyrənilib: "Çimərlik xidməti göstərən təşkilatın böyük əksəriyyətinə yerli icra hakimiyyətlərinin verdiyi sərəncamlar əsasında 99 il müddətinə icarəyə verilib. İcarəyə götürülən ərazilər kiçikdir: 3 sot-15 sot.

Həmin ərazilərdə qumun üzərində kafe, restoran açılıb. Dünyanın heç bir yerində insanların çimmək üçün istifadə etdiyi ərazidə belə iaşə obyektləri yoxdur. Bizdə isə çimərliklərdə faktiki kölgəliklər satılır və insanlar satılan stollardan yeyib-içmək yeri kimi istifadə edir.

Yeyib-içmək, kafe xidmətləri dənizdən 100-150 metr kənarda olmalıdır. İnsanlar çimərlikdə yalnız uzanmaq, oturmaq, istirahət etmək, gün vannası qəbul etmək, qumüstü oyunlar oynamaq üçün istifadə etməlidir".

Ekspertin sözlərinə görə, monitorinqdə iştirak edən yerli icra hakimiyyətlərinin nümayəndələri çimərlikləri sahibkarlar idarə etdiyini bildiriblər: "Amma konkret mexanizm olmadığına görə idarəetmənin kimə məxsus olduğu məlum deyil. Ayrı-ayrı səlahiyyətli qurumlar olsa da, onlar bu ərazilərə görə heç bir məsuliyyət daşımırlar. Ona görə bu sahədə ciddi bir boşluq var".

Turistlər turoperatorlarını məhkəməyə verə bilər

Bütün bu çatşımazlıqların Azərbaycana turist gəlişini təşkil edən xarici turoperatorların nüfuzuna da ciddi xələl gətirdiyini bildirdi: "Xarici turoperatorlar turistlərə çimərliklərimiz haqqında da məlumat verməlidir. Xaricdə yalan reklama qarşı çox sərt tədbirlər görülür. Bizə gələn turistlər də çimərliklərimizin beynəlxalq standartlara uyğun olmadığını gördükdə həmin xarici tur operatorlarını məhkəməyə verə bilərlər.

Odur ki, çimərliklərimizi dünyada qəbul olunmuş standartlara uyğunlaşdırmasaq, turist operatorları ölkəmizə turist cəlb etməsində problemlərlə qarşılaşacaq".

Səlahiyyət Mədəniyyət və Turizm Nazirliyinə verilsin

Samir İsayevin dediyinə görə, çimərliklərlə bağlı ciddi boşluqların aradan qaldırılması üçün hazırda tövsiyələr hazırlanır və aidiyyəti qurumlara təqdim ediləcək: "Seminar zamanı monitorinqin nəticəsi olaraq çimərliklərin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı tövsiyələr təqdim etdik. Tövsiyələr iştirakçılar tərəfindən maraqla qarşılandı. Seminar iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla hazırda tövsiyələrin tamamlanması və müvafiq hökumət orqanlarına təqdim olunması qərara alınıb.

Hesab edirik ki, çimərliklər kütləvi istirahət yeri olduğuna görə turizm obyektidir və biz də tövsiyə edirik ki, Mədəniyyət Turizm Nazirliyinə bu obyektlərin idarə edilməsi üçün səlahiyyətlər verilsin. Çimərlik standartlarının əməl olunmasına bu nazirlik nəzarət etsin".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər