16 Oktyabr 2015 18:04
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinə (DİN) edilən şikayətlərin sayı azalıb.

Teleqraf.com nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu DİN Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov bildirib.

O deyib ki, ölkəmizdə hər bir şəxsin konstitusion hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılması və qəbulu daim ciddi nəzarətdə saxlanılıb, xüsusi həssaslıq və ardıcıllıqla yerinə yetirilib. Müvafiq sahədə idarəçilik fəaliyyətinin, icra intizamına nəzarət mexanizminin təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinə diqqət artırılıb.

Nazirliyin aparatında və struktur qurumlarında "Elektron sənəd dövriyyəsi" sisteminin əhatə dairəsi, o cümlədən proqram təminatı genişləndirilib, müraciətlərin elektron poçt vasitəsilə qəbulu, qeydiyyatının elektron formada aparılması işinin təkmilləşdirilməsi davam etdirilib.

Rəsmi veb-sayta edilən müraciətlərin də Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiyası təmin olunub. Nəticədə vətəndaşların sayt vasitəsilə respublikanın istənilən yerindən birbaşa elektron qaydada müraciət etmələrinə, qəbula yazılmalarına dair ərizələrinin elektron formada ötürülməsinə və operativ cavablandırılmasına imkanlar yaradılıb. Həmçinin, əlavə sənəd dövriyyəsinin, vaxt itkisinin, qəbulla bağlı təkrar müraciətlərin qarşısı alınıb, vətəndaşa aid məlumatların sistemli axtarışı təşkil edilib.

Şəhər, rayon polis orqanlarında ərizə və şikayətlərin avtomatlaşdırılmış qeydiyyat bazasının yaradılması və "Elektron Sənəd Dövriyyəsi" sisteminə inteqrasiyası da başa çatdırılıb.

Qeyd edilib ki, nazirliyin rəhbərliyi tərəfindən son bir il 9 ayda 6.412, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 4.223 vətəndaş qəbul olunub. Hər bir müraciətin mahiyyəti üzrə lazımi tədbirlər görülərək qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, əmlak mübahisələri və dəymiş ziyanın ödənilməsi məsələləri ilə bağlı hüquqi yardımlar göstərilib.

Eyni zamanda, nazirliyin müvafiq Kollegiya Qərarının və göstərişinin icrası çərçivəsində şikayətləri doğuran səbəblərin və şəraitin aradan qaldırılması üzrə səmərəli tədbirlər həyata keçirilib. Bütün bunlarla əlaqədar ötən il 456 və carı ilin 9 ayında 295 vətəndaş nazirliyə minnətdarlıq məktubları ünvanlayıb.

Şikayətlərin araşdırılmasının keyfiyyətinə diqqətin artırılması, qanunçuluğun pozulmasına qarşı təsirli ölçülərin götürülməsi fəaliyyətin aidiyyəti qanunların, fərman və sərəncamların tələblərinə uyğun daha effektli təşkilində əhəmiyyətli rol oynayıb.

Görülmüş bu və digər təşkilati-praktiki tədbirlərlə 2014-cü ildə vətəndaşlardan nazirliyə daxil olmuş müraciətlərin sayı 4,3 faiz, şikayətlərin sayı 6,9 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanlanan müraciətlərin sayı 21 faiz azalıb. Qeyd edilməlidir ki, şikayətlərin araşdırılmasının birbaşa rayon polis orqanlarının rəislərinə həvalə edilməsi və nəticələrinin məruzə olunması tələbi ötən il daxil olan ümumi müraciətlərin dinamikasına müsbət təsir göstərib.

Carı ilin 9 ayında bilavasitə nazirliyə daxil olan şikayətlərin sayı 9 faiz, o cümlədən təkrar şikayətlərin sayı 3 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 2,8 faiz azalıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər