17 Oktyabr 2015 00:23
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Rövşən Hacızadə və Qərib Əmiraslanovun apelyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ittihama görə, “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər.

Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Qərib Əmiraslanova isə 178.3.2-ci maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Hacızadə 12 il müddətinə azadlıqdan məhrum edilib. Qərib Əmiraslanov isə 8 il şərti cəza alıb.

Hökmdən narazı qalan Rövşən Hacızadə apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Qərib Əmiraslanov da barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apelyasiya şikayəti ünvanlayıb. “Karat” MTK-nın rəhbərliyi də apelyasiya şikayəti verib. MTK təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb.

Tərəflərin şikayətinə hakim Həsən Əhmədovun sədrlik etdiyi kollegiyada baxılır. Tərəflərin şikayəti üzrə ilkin baxış iclası keçirilib və məhkəmə baxışı oktyabrın 23-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər