17 Oktyabr 2015 11:23
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ədəbiyyat üzrə Nobel mükafatı Belarus yazıçısı Svetlana Aleksieviçə verildi.

O, bu mükafata “Polifonik yaradıcılığına, zamanın iztirablarına və cəsarətə abidə qoyduğu üçün” layiq görüldü.

Svetlana Aleksandrovna Aleksieviç 31 may 1948-ci ildə doğulub. Uzun müddət jurnalistika ilə məşğul olub. 1983-cü ildən SSRİ Yazıçılar Birliyinin üzvü olan yazıçı 2000-ci ildə Belarus hökumətinin siyasi təzyiqlərindən xilas olmaq üçün mühacirətə getməyə məcbur olub. O, bir müddət İtaliya, Fransa və Almaniyada yaşayandan sonra – 2011-ci ildə Belarusa qayıdıb.

Aleksieviçin mükafat alması birmənalı qarşılanmadı. Əvvəlki illərdə olduğu kimi bu dəfə də mükafatın siyasi səbəblərlə verildiyini, Nobelə layiq daha böyük yazıçıların olduğunu iddia edənlərlə yanaşı, siyasi publisistikanın da ədəbiyyat mükafatına layiq olduğunu deyənlər tapıldı.

Azərbaycan Demokrat Partiyasının sədri, fəlsəfəçi Sərdar Cəlaloğlunun fikrincə, Nobel mükafatının başqa meyarları var: “Nobel komitəsinin humanitar sahədə verdiyi mükafat, əslində, yaradıcılığın qeyri-adiliyinə yox, yazıçıların fəaliyyətinə görə verilir. Svetlana Aleksieviç mühacirət həyatı yaşayıb, siyasi fəaliyyətinə görə daha çox dissident kimi tanınır. Bu baxımdan ona Nobel mükafatının verilməsi bədii yaradıcılığından daha çox ictimai-siyasi fəaliyyəti ilə bağlıdır”.

Cəlaloğlu deyir ki, Nobel ümumbəşəri ideyaları ən kamil şəkildə təbliğ edən bədii əsərlərə verilməlidir. Əgər biz Nobel mükafatı almış Heminqueyin, Taqorun, Cek Londonun əsərlərinə baxsaq, görərik ki, mükafat onların çox kiçik hekayələrinə verilib. Məsələn, Cek London Nobel mükafatını “Həyat eşqi”nə görə, Heminquey “Qoca və dəniz”ə görə, Taqor da eynilə kiçik bir hekayəsinə görə alıb. Halbuki Taqorun 50 cild əsəri var. Sadəcə olaraq, onun kiçikhəcmli əsərlərində bəşəri ideyalar elə yüksək şəkildə, sənətkarlıqla və lakonik şəkildə ifadə edilib ki, ondan yuxarı qalxmaq mümkün olmadığına görə Nobel mükafatı verilib. Ancaq müəyyən mənada publisistik yazılara, siyasi fəaliyyətə görə həmin mükafatın verilməsi insani dəyərlərə görədir. Çünki cəsarətli olmaq, haqqın tərəfində dayanmaq da insani dəyərlərdən irəli gəlir. Bu sırada Pasternakın, Şoloxovun da adını çəkmək olar.

Orhan Pamuka ona görə Nobel mükafatı verildi ki, o, “erməni soyqırımı” məsələsini müdafiə etdi. Yoxsa Türkiyədə Pamukdan da çox güclü yazıçılar var”.

“Bəs Azərbaycan yazıçılarından Nobelə layiq olanı varmı” sualımıza isə Sərdar bəy belə cavab verdi: “Azərbaycan kimi cəmiyyətdə, bəlkə, Nobelə layiq güclü əsərlər var. Ancaq cəmiyyətimiz o qədər nadan və cahildir ki, bunu görə bilmir. Adətən bizim kimi cəmiyyətlərdə belə simalar çox uzun zaman sonra üzə çıxa bilir.

Əkrəm Əylisli “Daş yuxular”ı siyasi motivlə deyil, həqiqi yazıçı təxəyyülü ilə yaza bilsəydi, ona Nobel mükafatı vermək olardı. Amma o, siyasi məqsədlər güdmüşdü. Azərbaycanlıları haqsız duruma salaraq, erməniləri haqlı çıxarmışdı. Öz millətinə yuxarıdan-aşağı baxmışdı deyə əsərin mahiyyəti heç idi. Ancaq bir yazıçı kimi erməni-müsəlman davasının mahiyyəti, milliliklə insaniliyin qarşılaşmasında üstünlüyü insanlığın qazanması faktını işləsəydi, o mükafatı ala bilərdi”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər