Region TV xəbər verir ki, Şamaxıda son günlər yağan yağışlar şəhərin mərkəzi küçələrini yararsız hala salıb. Dağlardan gələn sel suları evlərə, həyətyanı sahələrə dolub.
Bəzi küçələrdə avtomobillərin hərəkəti çətinləşib. Yığılan daş qalıqları evlərə gedən yolları bağlayıb.
Şəhəri sel təhlükəsindən qoruyacaq su ötürücü qurğular öz fəaliyyətini itirib. M.Ə.Rəsulzadə küçəsində 10-dan çox belə su ötürücünün 7-si dolub. Bəzilərinin isə ümumiyyətlə örtüyü yoxdur. Sözügedən küçədə hərəkət edən avtomobillər bir-birini gözləmək məcburiyyətində qalır.
Mərkəzi küçələrdə yerləşdirilmiş qurğuların qırılması da insanların və avtomobillərin hərəkətinə mane olur.
Sel sularının axıdılması üçün nəzərdə tutulan bu quyular, demək olar ki, sel sularını belə qəbul etmir.
Son günlər yağan yağışlar zamanı bu problem daha da aktuallaşıb. Yol boyu axan dağ suları şəhərin mərkəzində avtomobillərin və insanların intensiv hərəkət etdiyi nöqtələrdə hərəkətə mane olur.
Aidiyyatı qurumlar isə bu problemlərin tezliklə həllini tapacağını bildirib.