2 İyun 2014 17:55
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 iyun 2014-cü il tarixində Bakı Biznes Mərkəzində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”sının (CACFish) növbəti 3-cü Sessiyası öz işinə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, sessiyada Qırğızıstan, Tacikistan, Türkiyə və Azərbaycan Komissiyanın üzvləri qismində, Gürcüstan, Ukrayna, Qazaxıstan və Monqolustan isə müşahidəçi kimi təmsil olunur.

Sessiyanın işində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Mərkəzi və Şərqi Avropa üzrə Regional Bürosu və Mərkəzi Asiya üzrə Subregional bürosunun nümayəndələri, eyni zamanda beynəlxalq məsləhətçilər iştirak edirlər.

İki gün davam edəcək sessiyanın gündəliyində region ölkələrinin daxili su hövzələrində, göllərdə və su tutarlarında balıq ehtiyatlarının qiymətləndirilməsi üzrə müasir metodların tətbiqi, iqlim dəyişiklikləri şəraitində balıq ehtiyatlarının qiymətləndirilməsi və balıqçılıq təsərrüfatlarının idarə edilməsi üzrə regional prinsiplər, su heyvanlarının sağlamlıq vəziyyətinin idarə edilməsinə dair strategiya, balıq ehtiyatlarının artırılması, akvakulturada törədici balıq sürülərinin yaradılması və istifadəsi üçün təkmilləşdirilmiş idarəetmə metodlarının inkişafı, həmçinin region ölkələri üçün balıqovlama və akvakultura üzrə statistik məlumatların təqdim edilməsi üçün şablonun hazırlanması kimi bir neçə məsələnin müzakirəsi və sənədlərin qəbulu nəzərdə tutulub.

Eyni zamanda sessiyada Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyanın (CACFish) Texniki Məsləhətçi Komitəsinin Sessiyalararası dövrdə birinci beşillik regional işçi fəaliyyət plan-proqramının (2011-2015 illər) yerinə yetirilməsi, 2014-2015-ci illər üçün müxtəlif mövzularda regional seminarların keçirilməsi proqramı, CACFish-in 2014-cü il üçün muxtar büdcəsi və üzv fəaliyyətləri, cari ilin sonunadək başa çatacaq “FishDev-Mərkəzi Asiya” proqramının fəaliyyətinin davam etdirilməsinə dair ikinci fazası barədə qərarlarının qəbul edilməsi nəzərdə tutulub.

NİGAR


Müəllif: