20 Oktyabr 2015 11:02
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Piyada keçidindən istifadə etmədiyinə görə cərimələnən paytaxt sakini bildirir ki, ona təqdim olunan qəbzdə qüsurlar var. Bu səbəbdən cəriməni ödəmir. Şikayətçi deyir ki, qəbz piyada üçün yox, nəqliyyat vasitələrinin cərimələnməsi üçün nəzərdə tutulub. Məsələyə aydınlıq gətirməyə çalışdıq.

Əvvəla bildirək ki, “Yol hərəkəti haqqında" qanunda dəyişikliklərə əsasən piyadalar yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyir ki, insanların müəyyən olunmayan yerlərdən keçdiyinə görə 20 manat miqdarında cərimələnmələrində əsas məqsəd büdcəyə pul gətirmək yox, vətəndaşlarda keçid mədəniyyəti formalaşdırmaqdır:

“Qanunvericilikdə piyadalar tərəfindən yol hərəkəti qaydalarını pozulmasına görə yalnız cərimə nəzərdə tutulub. Bu cərimələr yeraltı və yerüstü keçidlərin olduğu ərazilərdə qaydaları pozan piyadalara tətbiq olunur. Ona görə də şəhər sakinləri diqqətli olmalıdırlar. Yeraltı, yerüstü keçidlərimiz olan ərazilərdə yolun hərəkət hissəsinə çıxaraq, həm özlərini, həm də digər əks tərəfdə olanların həyatını təhlükə altına qoymamalıdırlar".

Yol hərəkəti qaydalarını pozan şəxsin cəriməsini nə zaman ödəməyinə gəlincə, müsahibimiz bildirdi ki, şəxsin üzərində plastik kart olarsa, o, cəriməni polis əməkdaşındakı post-terminal vasitəsi ilə yerində ödəyə bilər: “Yerində ödəmək imkanı olmayanlar isə tərtib olunan inzibati xəta haqqında protokolun surəti ilə banka və ya poçt şöbələrinin birinə yaxınlaşıb, protokolun surətini təqdim etməklə və yaxud onun nömrəsini deyib cəriməni ödəyə bilər. Əgər piyada cəriməni bir gün ərzində ödəyirsə, 10 faiz güzəşt olunur, üç gün ərzində ödəyə bilməsə, təyin olunan məbləği tam ödəməlidir.

Bəzən piyadalar elə bilirlər ki, cərimə yazılan kimi tez gedib ödəmək olur. Ancaq elə deyil. Həmin gün o, bankda öz cəriməsini görə bilməz. Çünki protokolda olan informasiyanın mərkəzi informasiya sisteminə ötürülməsinə bir gün vaxt lazımdır".

Vaqif Əsədov deyir ki, heç bir halda piyada cəriməni nəğd şəkildə onu cərimələyən şəxsə ödəyə bilməz.

Əlavə 12 manat ödəmək istəmirsinizsə...

Piyadaları maraqlandıran daha bir məqam cərimənin üzərinə gələn faizlə bağlıdır. Bu və ya digər məqamlara isə “Digesta" Hüquq şirkətinin rəhbəri, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov aydınlıq gətirdi.

Ekspert hesab edir ki, yüz faiz olmasa da, piyadalar onlara tərtib olunan inzibati protokoldan yayınmırlar: “Piyadalar cərimələri ödəməkdən boyun qaçırsalar, başqa fəsadlarla üzləşə bilərlər. 20 manat cərimə haqqının üzərinə 12 manat məbləğində faiz gələcək və piyadalar 32 manat cərimə ödəməyə məcbur olacaqlar.

Bundan əlavə, cərimə ödəməyən piyadanın pensiyasından, bankdakı hesabından, tələbədirsə, təqaüdündən cərimə haqqı alına bilər. Həmçinin cəriməni ödəməyən piyadanın əmlakının siyahıya alınması ehtimalı da var".

Ekspert deyir ki, qərar qanuni qüvəyyə mindiyi vaxtdan üç iş günü müddətində inzibati cərimə ödənilərsə, şəxs tətbiq edilən cərimənin 10 faizindən azad edilir: “Əks halda sonrakı hər gün üçün 2 faiz dəbbə pulu gəlir. Bu zaman cərimə ilə yanaşı, 60 faiz miqdarında dəbbə pulu da ödənməlidir. Əgər şəxs cəriməni ödəməməkdə davam edərsə, artıq cərimə barədə qərar məcburi icraya yönəldiləcək. Məcburi icranı "İcra haqqında" qanuna uyğun olaraq icra məmurları həyata keçirirlər.

İcra məmurları həmin qanunun 43.1-ci maddəsində nəzərdə tutulan məcburi icra tədbirlərindən birinin tətbiqi ilə cərimənin ödənilməsini təmin edə bilərlər. Bəziləri elə hesab edirlər ki, onlara tətbiq olunmuş cəriməni müəyyən müddət ötəndən sonra ödəməyəcəklər. Lakin belə deyil. Çünki İnzibati Xətalar Məcəlləsinin 447.1-ci maddəsinə əsasən, cərimə tənbehinin icrası müddətlə məhdudlaşmır. Ona görə də bir neçə ildən sonra olsa da, həmin cərimə məcburi qaydada alınacaq".

Neçə nəfər cəriməli var?

Məlumdur ki, bəzi inzibati xətalara görə cərimə ödənilmədikdə, həmin cərimənin ictimai işlər növündə tənbehlə əvəz edilməsi nəzərdə tutulur. Lakin Ərşad Hüseynov yol hərəkəti qaydalarını pozmaya görə tətbiq olunan cərimələrin ictimai işlərlə əvəz olunmasına yol verilmədiyini deyir.

Bəzən cəriməni ödəməyən şəxslərin xaricə getmək hüququnun məhdudlaşdırılması barədə də söz-söhbətlər eşidilir. Müsahibimiz bu məsələyə “İcra haqqında" qanunun 84-1-ci maddəsində toxunulduğunu dedi: “Borclu şəxsin ölkədən getmək hüququ yalnız məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra edilmədikdə, özü də yalnız məhkəmənin ayrıca qərarı ilə məhdudlaşdırıla bilər. Yəni sadəcə cərimənin ödənilməmiş olması hələ ki, şəxsin ölkədən getməsinə mane ola bilməz.

Lakin dünyanın bəzi ölkələrində belə təcrübənin olduğunu nəzərə alsaq, yaxın gələcəkdə ölkəmizdə də cəriməni vaxtında ödəməyən şəxslərin xaricə getməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanunvericilik qəbul edilə bilər".

Qeyd edək ki, paytaxtda bu il yanvarın 1-dən oktyabrın əvvəllərinə kimi 86171 piyada yol hərəkəti qaydalarına əməl etmədiyi üçün cərimələnib. Ötən il isə bu rəqəm 600 min nəfər olub.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər