X siniflər üçün hazırlanmış ədəbiyyat müntəxəbatında Koroğlu dastanının “Keçəl Həmzənin Qıratı qaçırması” qolunu oxuyanda, necə deyərlər, şoka düşdüm. Burada bir sıra dəyişikliklər və ixtisarlar edilib ki, bu da dastanın məzmununa və ideyasına ciddi zərər vurub. Konkret olaraq bəzi səhvlər üzərində dayanmaq istərdim.
Əvvəla, “Keçəl Həmzənin Qıratı qaçırması” qolunda ənənəvi Hasan paşa surəti bir neçə il bundan əvvəl birdən-birə Mahmud paşaya çevrilib. Eybi yox, biz bunu ciddi qüsur saymırıq. Hərçənd nəsilbənəsil Azərbaycan xalqının yaddaşında həmin surət, yəni Qıratın qaçırılmasını təşkil edən adam Hasan paşa kimi qalıb.
Qolun əvvəlində deyilir ki, Toqatlı Mahmud paşa bir məclis qurdurur, vəzirləri, vəkilləri, bəyləri, xanları, tacirləri o məclisə çağırır. “Məclisin alt tərəfində Həmzə adlı sayılmayan, urvatı olmayan bir keçəl oturmuşdu”. (səh.134)
Bu bir növ qapalı, gizli məclis idi. Çünki Koroğlunu məhv etmək tədbiri sirr kimi saxlanmalıydı. Keçəl Həmzə bu məclisdə iştirak edə bilməz. Heç bir urvatı olmayan Keçəl Həmzə bu əyanlar məclisində nə gəzir?! Köhnə müntəxəbatlarda bu məclisdə yalnız əyanlar iştirak edir. Keçəl Həmzə burada olmur və olmamalıdır.
Bu toplantıda iştirak edən vəzirlər, vəkillər məsələ açılan kimi deyirlər ki, Koroğlunun bütün hünəri Qıratdadır. Gərək Qıratı ələ keçirək.
Məncə, vəzir və vəkillərin bu cavabı süni və yersizdir. Hiss olunur ki, bu cavab qolun adına uyğun olsun deyə tərtib olunub. Axı paşalar da, vəzir-vəkillər də əvvəlcə döyüş barədə təşəbbüs göstərməlidirlər! (2001-ci il müntəxəbatında belədir)
Başqa detal üzərində dayanaq. Səhər tezdən məlum olur ki, Keçəl Həmzə Düratı qaçırıb. Koroğlu bərk hirslənir. İki gün, iki gecə üzü üstə yatır, üçüncü gün yuxudan oyanır. Ayrılıq məclisi qurulur. Yeyib-içəndən sonra arxayın-arxayın Qıratı yəhərlədir, sonra belinə minib Düratın dalınca gedir. Guya Düratın üç gündə getdiyi yolu Qırat bir gündə gedirmiş.
Axı Düratın qaçırıldığını bilə-bilə Koroğlu özünə rəva bilməz ki, iki gün-iki gecə üzüüstə yatsın. Sonra da durub arxayın-arxayın yola düzəlsin.
Düratın üç gündə getdiyi yolu Qıratın bir gündə getməsi fikri, məncə, Dürat üçün təhqirdir. Məgər Dürat çolaqdır, yabıdır, yoxsa uzunqulaq? Yadımıza salaq ki, dastanın birinci boyunda Alı kişi Qırat və Düratı tikanlıqda, daşlıqda, şumluqda sınaqdan çıxararkən Dürat Qıratdan bircə qırıq, azca geri qalır, nəinki günlərlə!
Dastanda və əvvəlki müntəxəbatlarda Koroğlu Düratın qaçırıldığını biləndə deyir: “Dürat gedib, Qırat durur. Minib gedib gətirərəm. Eyvaz, mənə şərab! (2001-ci il nəşri) Koroğlu vaxt itirmədən Düratın dalınca gedir.
Həm də məlumdur ki, bir qədər sonra Koroğlu dəyirmanda Həmzə tərəfindən aldadılaraq Qıratı əldən verir və Çənlibelə Qıratsız qayıdır. Bunu görən dəlilər və xanımlar onu çox pis qarşılayırlar. Koroğlu bu dəfə də iki gün-iki gecə üzüüstə ac-susuz yatır. Xalq qəhrəmanının tez-tez ağzı üstə yatması uşaqlar üçün tam dərk olunan deyil. Həm də əvvəlki epizod (yəni Koroğlunun iki gün-iki gecə yatması) yersizdir!
Məlumdur ki, Həmzə dəyirmanda Koroğlunu və dəyirmançını aldadır. Koroğlu Həmzə sandığı dəyirmançıya deyir ki, adə, ay keçəl, bəri çıx. Dəyirmançı deyir, haraya çıxım, ölsəm də çıxmaram. (Çünki Həmzə onu aldatmışdı ki, Koroğluya dəyirmançı beyni lazımdır). Koroğlu irəli yeriyir ki, dəyirmançını tutsun. Dəyirmançı geri çəkilir, çəkilir.... və başı dəyirmanın pərinə keçir... “Pər yazıq dəyirmançını bircə dəqiqədə öldürür” (səh. 139)
Mən bu cümləni oxuyanda çox pis oldum, ovqatım pozuldu. Çünki el qəhrəmanı Koroğlunun əli ilə heç vaxt zəhmətkeş insan ölməz. Lap təsadüfi olsa da. Xalq öz dastanını bu cür yaratmayıb. Koroğlu dəyirmançı öləndən sonra heç bir şey olmamış kimi dəyirmandan çıxır və Qıratın hayına qalır. Bu, necə xalq qəhrəmanıdır?
Əvvəlki müntəxabatlarda Koroğlunun əli ilə yaxşı adam – sadə xalq nümayəndəsi ölmür, əksinə, Koroğlunun əli ilə ölümdən xilas olur. Bu isə xalq qəhrəmanının xarakterinə, dastandakı missiyasına uyğundur. (Dəyirmançını Həmzə hesab etsə də).
Mənim fikrimcə, bu qol, əslində, Həmzənin Koroğlu ilə xoş bir macərası, gülməli bir əhvalatı, şirin bir zarafatıdır. Həmzə özü də bilir ki, Koroğlu Qıratı paşada qoymayacaq, onu geri alacaq. Həmzənin əsas məqsədi Koroğlunu pis vəziyyətdə qoymaq deyil, məhz paşanı pis vəziyyətdə qoymaq və onun qızı Dona xanımla evlənib nüfuz sahibi olmaqdır. Təsadüfi deyil ki, Həmzə Koroğluya deyir ki, Toqatda səni Qırata özüm mindirəcəm, təki sən tez gəl!
Dəyirmançının Koroğlunun əlində ölməsi, bu şirin, şən əhvalata bir faciəvilik, qəm gətirir ki, bu da dastanın ümumi ruhuna, məzmununa uyğun deyil. Həm də yuxarıda dediyimiz kimi, əvvəlki müntəxəbatlarda ölüm hadisəsi yoxdur.
Digər qüsurlar
Koroğlu dəyirmandan qanıqara Çənlibelə qayıdır. Eyvaz onun qabağına çıxıb şeir deyir. Mənim fikrimcə, o şeir Eyvazın dilindən verilə bilməz (səh. 143). Çünki bütün dastan boyu Koroğlunun ən çətin vaxtlarında da onun qulluğunda əsgər kimi hazır duran şəxs məhz Eyvazdır. Məsələn, Həmzə Düratı qaçıranda və hamı Koroğlunu məzəmmət eləyəndə Koroğlu üzünü Eyvaza tutub deyir: “Eyvaz, mənə şərab!”
Bilir ki, Eyvaz onun üzünə qayıtmaz. Təsadüfi deyil ki, Koroğlu üç gün-üç gecə üzüüstə yatanda yenə də barışığa Eyvazı göndərirlər. Bilirlər ki, Eyvaz atasını çox istəyir. Yuxarıdakı şeirdə Eyvaz atasını, yəni Koroğlunu nəinki tənbeh edir, hətta onu biabır edir. “De bir neçə verdin üstə?” deməklə Koroğlunu təhqir edir.
Məncə, bu, həm dastanın məzmununa yamaq kimi görünür, həm də onun tərbiyəvi-əxlaqi cəhətinə nöqsan gətirir. Fikrimcə, bu şeir Nigarın dilindən verilə bilər. Çünki Koroğlunu yalnız Nigar tənbeh edə bilər. Həm də belə olduqda şeirdəki “Sən Eyvazı qoydun xəstə” misrası da özünü doğrultmuş olar. Əgər Eyvaz xəstə yatırsa, bəs necə saz götürüb Koroğlu ilə der-der deyişir?
Koroğlu saraya gəlir. Mahmud paşa Koroğludan soruşur ki, aşıq, hara aşığısan? Koroğlu cavab verir ki, Çənlibel aşığıyam. Bu cavabdan sonra paşa gülünc bir sual verir: “Qoç Koroğlunu tanıyırsanmı?”
Məncə, bu dialoq da düzgün deyil. Əvvəla, Koroğlu deyəndə ki, “Çənlibel aşığıyam” dərhal paşa onu cəzalandıracaqdı. İkincisi, məgər Çənlibel aşığı olub, yəni Çənlibeldə yaşayıb Koroğlunu tanımamaq olar? Əvvəlki müntəxəbatlarda (2001-ci il nəşri) düzgün olaraq Koroğlu sarayda özünü, “Aşığam, Qafın anrı tərəfdənəm” deyə təqdim edir.
İndiki variantda Koroğlunun aşıq kimi Qıratın yanına salınması epizodu əsaslandırılmamış qalır. Belə ki, əvvəlki müntəxəbatlarda özünü təqdim etdikdən sonra guya Koroğlu ilə olan macərasından danışır. Guya bir gün o, yol ilə gedəndə onu hop götürüb gözlərini bağlayırlar və Çənlibelə gətirirlər. Məlum olur ki, Qıratın cinləri yığışıb. Gərək saz çalıb-oxuyasan ki, cinləri dağıla. Aşıq bu yolla cinləri dağıdır. Bu variant hər cəhətdən düzgündür. Məhz bu hadisəyə görə paşa Koroğlunu, yəni aşığı Qıratın yanına salmağa qərara gəlir.
Bu qolun əsas qəhrəmanı Həmzədir. Onun necə kələkbaz, bacarıqlı, zarafatcıl, kefcil olması (məncə, Həmzə keçmiş qırx lotulardan biridir) hazırkı müntəxəbatlarda tam şəkildə meydana çıxmır.
Keçəl Həmzənin nişanlısı Dona xatunla məzəli, maraqlı söhbəti mövcud ədəbiyyat müntəxəbatlarında bu epizodu da tamam çıxıblar. Belə ki, Həmzə özünü darta-darta Dona xanımın pəncərəsinə yaxınlaşır. Dona xatun onu pis qarşılayır, deyir ki, oğruçusan. Həmzə isə deyir ki, mən igidəm. Koroğlunun atını gətirmişəm. Dona xatun deyir ki, bu igidlik deyil ey, oğruçuluqdur, əgər igidsənsə, get Koroğlunun özünü də gətir! Həmzə deyir ki, ay qız Koroğlunun dilsiz-ağızsız atını gətirmişəm, dədən qalıb əlində, gör özünü gətirsəm nə olar? Ərköyün paşa qızı deyir ki, mən heç nə bilmirəm, igidsənsə gərək Korğlunu bura gətirəsən. Bundan sonra Həmzə dilxor halda meydana tərəf gələndə görür ki, Koroğlu Qıratla bərabər tövlədən çıxır. Tez gedib üzəngini basıb Koroğlunu ata mindirir. Sonra gəlib Dona xatunu çağırır və deyir ki, Koroğlunu gətirmişəm. İndi görərsən. Səhər bizim toyumuzdur. İndi isə dədəyin toyu olacaq. Baxarsan.
Həmzənin bu sözləri də uşaqlarda gülüş yaradırdı. İndi isə bunlar kitabda yoxdur...
Həmzə Qıratın üzəngisini basıb Koroğlunu ata mindirir. Ancaq bu hadisədə çox vacib bir məqam var ki, indiki müntəxəbatlarda bu da mətndən çıxarılıb.
Belə ki, Koroğluya deyir ki, Koroğlu, istədiyin Qırat idi, ona da yetmisən. Sənin yerinə olsam, səssiz-səmirsiz çıxıb gedərəm. Koroğlu bu yerdə Həmzəyə məşhur sözünü deyir. Deyir ki, əgər mən də atı səssiz-səmirsiz aparsam, olaram Keçəl Həmzə, day Koroğlu niyə oluram?
Koroğlunun bu mənalı sözünü oxuyanda mən həmişə bu dastanı yaradanlara “əhsən”, “afərin” deyirdim. Dastan yaradıcıları ən kiçik detalı, məqamı belə müdrikcəsinə, bir-biri ilə əlaqələndiriblər. Belə ki, Həmzə Qıratı qaçırmaqla oğurluq edib. Oğurluq mütləq cəzalanmalıdır! Koroğlu onu döymür, söymür, öldürmür, ancaq onu sözlə cəzalandırır. Bu isə dastanın tərbiyəvi əhəmiyyətini daha da artırır. Təəssüf, çox təəssüf ki, bu vacib məqam da tərtibçilərin diqqətindən yayınıb.
Dəlilər Koroğlunu Qıratın belində görəndə utandıqlarından başlarını aşağı salırlar.
Koroğlu onlara deyir:
– Utanmayın, onda siz düzüydünüz. Mən gərək tanımadığım adama etibar edib atı ona tapşırmayaydım. Ancaq siz də yaddan çıxarmayın ki, mən Koroğluyam!
Təəssüf ki, indiki müntəxəbatda həmin epizod da yoxdur. Elə Koroğlu Qıratla Çənlibelə gələn kimi hamı sevinir, şadlıq məclisi qurulur. Halbuki ixtisar olunmuş həmin epizodda Koroğlunun səmimi etirafı (yəni mərdanəliyi) və öz gücünə hədsiz inamı öz ifadəsini tapıb ki, bu da çox vacib və ibrətamizdir.
Sərvər Şirin