21 Oktyabr 2015 11:27
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda qadınlara qarşı zorakılıq var, erkən nikahlar qeydə alınır. Lakin bu problem yalnız bizdə deyil, dünyanın bütün ölkələrində müşahidə edilir”.

Teleqraf.com xəbər veir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (CEDAW) ilə əlaqədar Azərbaycana verilən son tövsiyələrə həsr olunan dəyirmi masada səsləndirib.

H.Hüseynova bildirib ki, bu gün dünyada qadın problemləri aktualdır: "Sentyabr ayında BMT-nin 70 illik yubileyi ilə bağlı keçirilən konfransda müəyyən olundu ki, Pekin tövsiyələrinin qəbulundan uzun müddət keçsə də, hələ də onların hamısı tam yerinə yetirilməyib. Yalnız bizdə deyil, digər ölkələrdə də oxşar hallar yaşanır. Bu gün erkən nikahlar, zorakılıq halları bütün dünyada yaşanır. Hətta müqayisə etsək, Azərbaycanda bu hallarla bağlı göstərici daha aşağıdır. Lakin biz rahat ola bilmərik. Bu istiqamətdə işlər aparmalıyıq. Məsələn, əvvəl rayonda hər hansı ailədaxili münaqişə olanda onu gizlədirdilər və problem həll olunmaz həddə çatırdı. Lakin bu ildən regionlarda icra hakimiyyətləri ilə bağlı yaradılan komissiyalar bu problemlərin daha tez həll olunmasına imkan yaradır. Əvvəl regionlara gedəndə yalnız problemlə qarşılaşırdıqsa, artıq vəziyyətin daha yaxşı olması üçün nələr edə biləcəyimiz barədə təkliflər qəbul edirik”.

Azərbaycanda qadınların rəhbər vəzifələrdə təmsil olunmasına toxunan H.Hüseynova bildirib ki, birinci bələdiyyə seçkilərində 4 % qadınlar seçilmişdisə, axırıncı seçkidə bu rəqəm 35%-dən çox olub:
“Növbəti parlament seçkilərində bu rəqəmin artacağına inanırıq. Namizədliyini irəli sürən qadınların sayının çox olması bu istəyimizin reallaşacağı inamını yaradır. Rayonların əksəriyyətində qadınlar icra başçısının müavini səviyyəsində təmsil olunurlar”.

Tədbirdə çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycan üzrə təmsilçisi Karl Kulessa Azərbaycan qadınların problemlərinin həllinin Komitənin diqqət mərkəzində olduğunu dedi:

“Təxminən 15 il əvvəl biz dünyada ifrat yoxsulluğu aradan qaldırmaq, ibtidai təhsildə ümumi məsələlərin həllinə nail olmaq, uşaq ölümlərinin sayını azaltmaq üçün işlərə başladıq. Bu gün ifrat yoxsulluğun 2 dəfə azaldığını müşahidə edirik. İşləmək qabiliyyəti olan qadınların 50 %, kişilərin 75 %-i işlə təmin edilib. BMT-nin qarşısında olan əsas məqsədlərdən biri qadınlara qarşı olan bütün ayrı-seçkiliyi aradan qaldırmaqdır. Azərbaycan hökümətinin bu istiqamətində gördüyü işlərdən razıyıq”.

Dünyanın hər yerində qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsinin BMT-nin qarşısında duran əsas vəzifə olduğunu deyən K.Kulessa həm qadın, həm də kişilərin işlə təmin edilməsi üçün işlər apardıqlarını dedi.

İqtisadiyyat və Sənaye Nazirinin müavini Sevinc Həsənova çıxış edərək ölkədə sahibkar qadınların sayının artdığını bildirib: “Bu gün kiçik və orta sahibkarlıqla məşğul olmaq qadınlara maliyyə müstəqilliyi verilir. Bu qadınların ailələrinə və özlərinə vaxt ayırmaq imkanı daha çox olur. Nazirlik olaraq biz bu işi dəstəkləməliyik. Düzdür, bu gün dünyada beynəlxalq şirkətlərə rəhbərlik edən qadınların sayı azdır. Bu bizdə də belədir. Yəqin ki, bu rəqabət, qadının güc, zaman tələb edən vəzifələrdə çalışması şəxsi inkişafı üçün problemlər yaradır deyə Azərbaycanda çox bacarıqlı qadınlar özünü daha çox ailəyə sərf etmək qərarını verir. Lakin buna baxmayaraq, son 3 ildə sahibklarlıqla məşğul olan qadınların sayı 17 %-dən 19%-ə qalxıb. 2012-2014-cü ildə sahibkarlıqla məşğul olan qadınlara 55.5 milyon manat məbləğində güzəştli kredit verilib. Bu ilin 9 ayı ərzində 4249 sahibkara 160 milyon manat kredit verilib. Bu sahibkarların 639-u qadın sahibkarlardır ki, onlara 20 milyon manat kredit verilib. Ötən il qadınalara ayrılan kredit ümumilikdə 9 milyon idi”.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bədən tərbiyəsi və idman sahəsində işlə təmsil olunanların 40%-nin qadınlar olduğunu bildirib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər