Bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan bir çoxunda virus aşkarlanıb. Bu səbəbdən ziyarətdən qayıtdıqdan sonra bir çoxları həkim müayinəsindən keçməli olub.
ANS PRESS-in məlumatına görə, Azərbaycandan olan Həcc missiyasının həkim briqadasının rəhbəri Həci Kitabullah Əkbərov APA-ya bildirib ki, zəvvarlar bu virusa Səudiyyə Ərəbistanında yoluxublar.
Bunun kəskin respiratorlu virus infeksiyası olduğunu deyən K. Əkbərov bildirib ki, xəstəliyin əlamətləri ağır öskürək, asqırma, iştahasızlıq, oynaq-əzələ ağrıları və sairdir: “Həccdən qayıdan 500-dən çox hacı bu virusun daşıyıcısıdır. Buna da səbəb onların orada düzgün pəhriz saxlamamaları, soyuq su içmələri və digər məsələlərdir”.
Məsələ ilə bağlı ANS PRESS-ə məlumat verən Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bu virusun qrip virusu olduğunu qeyd edərək, həcc ziyarətindən öncə zəvvarlara qripə qarşı vaksinin vurulmasının vacibliyi haqda məlumat verdiklərini bildirib.
"Ziyarətdən öncə zəvvarlara qripə qarşı vaksin vurulması tövsiyə olunmuşdu. Həccdən qayıdan bəzi hacılər qrip virusuna yoluxub. Bu da əsasən hava, iqlim dəyişikliyi, qida və ya soyuq su ilə bağlıdır. Qayıtdıqdan sonra mən də xəstələnmişdim. Burada mətbuatda yazıldığı kimi təhlükəli bir şey yoxdur", - deyə Müqəddəs Payızov bildirib.
Bu il həcc ziyarətinə gedənlərin sayı 2 milyona yaxın olub. Məlumatlara görə, zəvvarların təhlükəsizliyini qorumaq üçün 100 min polis işçisi cəlb olunub.
Onu da bildirək ki, sentyabrın 11-i həccə hazırlıq gedən zaman Məkkədə yerləşən Məscidül-Həramda inşaat kranı uçub. Səudiyyə Ərəbistanı rəsmilərinin verdiyi məlumata görə, hadisə nəticəsində 107 nəfər həlak olub. Ölənlər arasında Səudiyyə Ərəbistanının, İranın, Hindistanın, Nigeriyanın, Malayziya və İndeziyanın vətəndaşları da olub.
Bu il Azərbaycandan Həcc ziyarətin 2400 zəvvar gedib, onlardan 3-ü orada dünyasını dəyişib.
Bundan əlavə, sentyabrın 20-də Məkkədə uçqun hadisəsi baş verib. Gecə saatlarında dağ uçaraq yaxınlıqda yerləşən mehmanxanaya ciddi ziyan vurub. Uçqun zamanı mehmanxananın divarı tamamailə dağılıb və nəticədə iki nəfər zəvvar dağıntılar altında qalaraq dünyasını dəyişib.