23 Oktyabr 2015 11:55
1 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Statistika Komitəsinin bu il oktyabrın 1-dək olan məlumatına görə, ilin 9 ayı ərazində Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 milyon 892 min nəfər olub, onlardan 4 milyon 656 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhalidir. Ekspertlər o kateqoriya insanları ümumi iqtisadi fəal əhali hesab edir ki, onların işləmək qabiliyyəti var. Gənclər isə ümumi iqtisadi fəal əhalinin 22 faizini təşkil edir.

Bəzi ekspertlər bu rəqəmi böyük göstərici, bəziləri isə kiçik hesab edir.

Gənclərin işsizlik problemi təhsildən qaynaqlanır

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədovun fikrincə, gənclərin məşğulluğunun təmin olunmasında yaranan problemin kökü təhsil sistemindən qaynaqlanır.

Onun sözlərinə görə, hazırkı təhsil sistemi praktik vərdişləri olan məzun yetişdirə bilmir: “Bu da həmin məzunların əmək bazarına daxil olmasında problemlər yaradır. İşəgötürən istəyir ki, qəbul elədiyi adam işə peşəkar səviyyədə başlasın. Amma bizim təhsil sistemimiz hələ belə kadr yetişdirə, mütəxəssis hazırlaya bilmir. Almaniyada 16 yaşlı gənc məktəbi bitirdikdə onun ən azı iki peşə vərdişi olur. Bizdə isə 17 yaşında orta məktəbi bitirirlər, 4 il ali təhsil alırlar, oğlanlar isə əlavə olaraq hərbi xidmət də keçirlər. Nəticədə 22 yaşında əmək bazarına daxil ola bilirlər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elmi Tədqiqat Mərkəzində əmək bazarı və məşğulluq problemləri üzrə şöbənin müdiri Mətləb Mahmudov bildirir ki, Azərbaycanda ümumilikdə əmək ehtiyatları 5 milyondan artıqdır.

Orta məktəblərdə əmək təlimi dərsləri keçilmir

Ekspert hesab edir ki, ümumi iqtisadi fəal əhalinin 22 faizini gənclər təşkil etməsi böyük rəqəm deyil, amma gənclər arasında da işsizlik istisna deyil.

Onun fikrincə, gənclərin işsiz qalmasının obyektiv və subyektiv səbəbləri var: “Əvvəla bütün orta məktəblərdə peşəyönümü ilə bağlı təlimlər keçirilir. Orda uşaqlara hansı peşələrin perspektivli olması ilə bağlı məlumatlar verilir. Amma hamıya məlum olan faktdır ki, yuxarı siniflərdə əsasən şagirdlər ali məktəbə hazırlıq üzündən repetitor yanına gedirlər. Ümumiyyətlə, əmək təlimi dərsləri də keçilmir, şagirdlər müəyyən peşələr haqda məlumat almaqdan kənarda qalırlar. Ona görə də bu məsələlərə nə qədər dövlət nəzarəti olsa belə, məcburiyyət yoxdur. Hansı valideynə məcbur etmək olar ki, övladını ali məktəbə yox, peşə məktəbinə yönəlt, bunu valideyn özü dərk etməlidir ki, onun övladı harda uğur qazana bilər. Əmək Məcəlləsində göstərilir ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var”.

Dual təhsil almayan şagirdə attestat verilməməlidir

Xaricdə orta məktəbi bitirən məzunların həm də peşəyə yiyələnməsi təcrübəsi ilə bağlı ekspert qeyd etdi ki, ƏƏSN-nin əməkdaşları bir neçə il öncə araşdırma aparıb, dual (paralel-red.) təhsil sisteminin tətbiq olunması haqqında təkliflər hazırlayıb. Bu təkliflər əsasında hazırda pilot layihə icra olunur: “Dual təhsil odur ki, şagird həm orta təhsil alır, həm də peşə təhsili. Bu sistemdə şagird peşə təhsilini almadan, peşə təhsili haqqında sertifikat əldə etmədən ona orta məktəb haqqında attestat verilmir. Almaniya, Norveç kimi ölkələr dual təhsil sistemini tətbiq edir. Bizdə də bəzi məktəblərdə ikinci ildir ki, pilot layihə həyata keçirilir, nəticəsi növbəti ildən bilinəcək”.

İnsan alveri qurbanlarına da iş tapılır

Mətləb Mahmudov onu da vurğuladı ki, gənclərin peşə təhsilinə maraq yaradılmalıdır: “Neft Şirkətinin 10 saylı peşə məktəbi həm şagirdlərinə 120 manat təqaüd verir, həm də məzun olduqda yaxşı maaşlı işə qəbul edir. Bir yerə 4-5 nəfər düşdüyü üçün seçim müsabiqə yolu ilə aparılır. Dövlət Məşğulluq Xidmətinin Bakıda, Naxçıvanda və Göyçayda təlim-tədris mərkəzləri var. Həmin mərkəzlərdə işə çox zəruri ehtiyacı olanlar, məsələn, ümidləri hər yerdən üzülüb, hər cür əmək fəaliyyəti ilə məşğulluğu istəyənlər, insan alveri qurbanları 1-2 ay ərzində gündəlik tələbat olan modullar üzrə peşəyönümlü ixtisaslarda təhsil alıb işə düzəlirlər. Məsələn, kompüter operatoru, şirniyyatçı, otel xidməti və sair. Bu üsulla ildə min nəfərədək işlə təmin oluna bilir. Doğrudur, ilkin əməkhaqqı 150 manatdan başlayır, amma onlar arasında sonradan daha da təkmilləşib, yüksək əməkhaqqı alanlar da olur”.

Cəmi 4.9 faiz işsiz var?

Mətləb Mahmudovun sözlərinə görə, ümumi əmək ehtiyatlarının cəmində Azərbaycanda 4,9 faiz işsiz var: “5 milyondan artıq əmək ehtiyatı var ki, onlardan da 4,9 faizi işsizdir. Bu da 286 min nəfər deməkdir. Bu rəqəm beynəlxalq əmək təşkilatlarının metodologiyası ilə hesablamalara görədir.

Həmin metodologiya belədir ki, ölkə üzrə nə qədər adam işləyir, nə qədəri yox, bu müəyyən üsulla hesablanır. Amma rəsmi olaraq işsizlər 0,8 faiz təşkil edir, yəni məşğulluq mərkəzlərində qeydiyyatdan keçmiş işsizlərin sayı 28 min nəfərdir. İçsizlərin əksəriyyəti evdar qadınlardır. Bəziləri də başqa yolla qazanc əldə edir, adını işsiz kimi siyahıya aldırır".

Havayı əməkhaqqı almaq istəyirlər

Mətləb Mahmudov hesab edir ki, əmək məğğulluğuna dair ictimai nəzarət də təmin olunmalıdır: “Hökumət işsizliyin aradan qaldırılması üçün hər bir tədbir görür, amma problemin həlli üçün ictimai nəzarət də olmalıdır. İşləmək istəməyənlər də az deyil, İşləməyə-işləməyə havayı əməkhaqqı almaq istəyirlər. Gözətçi işi üçün müraciət edən çoxdur ki, günün keçirsin, maaşını alsın. Amma işəgötürən də gözətçiliyə inandığı yaxın adamını təyin edir, bu iş adətən, əmək yarmarkasına çıxarılmır.

Sekruti-təhlükəsizlik xidməti işində əməkhaqqı yüksəkdir, 700-1500 manat maaş verilir. Bu sahəyə də həm yaş məhdudiyyəti var, həm də bu sahədə işləyənlər müasir texnologiyalardan baş çıxarmalıdır. Çox təəssüf ki, monitorinq nəticələrində sekruti işinə düzələnlər də gedib iş yerində yatmağın mexanizmini tapıblar. Ona görə də monitorinqdən sonra neçə yüz nəfər bu sahədə işdən çıxarıldı. Çünki işə tək qazanc yeri kimi baxılmamalıdır, həm də vicdanla yanaşılmalıdır.

Nazirliyimizin nəzdində ictimai şura fəaliyyət göstərir, hər il QHT-lərdən bu şuraya yeni-yeni üzvlər seçilir, bu şura da məşğulluq məsələlərinə nəzarət edir, monitorinqlər keçirib, nazirliyin müvafiq orqanlarına təqdim edirlər".

Sevil Hilalqızı


Müəllif: