23 Oktyabr 2015 15:03
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 23-də Xızıda vətəndaş qəbulu keçirib.

Komitədən verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Xızı, Siyəzən rayonları və Sumqayıt şəhərindən olan vətəndaşların müraciətlərinə baxılıb.

Qəbulda komitə sədri vətəndaşların təklif və xahişlərini dinləyib və bununla bağlı uyğun göstərişlərini verib.

Vətəndaşların müraciəti əsasən daşınmaz əmlak və torpaq sahələrinin dövlət qeydiyyatı ilə bağlı olub. Bir çox vətəndaş onlara ayrılmış torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə dövlət qeydiyyatı sənədlərinin alınması ilə bağlı müraciət edib.

Eyni zamanda, pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də səsləndirilib. Belə torpaq sahələrinə əvvəllər alınmış texniki sənədlərin yeni hüquqi qaydalara əsasən icrası, habelə hazırda mülkiyyətdə olan torpaq sahəsinə yeni prosedurlara əsasən mülkiyyət sənədinin əldə olunması məsələləri barədə müraciətlər çatdırılıb.

Qəbulda bir neçə vətəndaş dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, vətəndaşlar işlə təmin olunma və komitənin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı köməklik göstərilməsi barədə xahişlərini bildiriblər.

Komitə sədri bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı hüquqi tələblər izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb.

Komitə sədri qeyd edib ki, artıq daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” prinsipi tətbiq edilir. Artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər